Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

İqtisadi inkişafa nail olmaqda təhsilin rolu

 

Samir VƏLİYEV,
Təhsil Nazirliyinin İlk peşə və orta ixtisas təhsili şöbəsinin müdiri

Böyütmək üçün seçinDiqqətlə izləsək, Azərbaycan təhsilinin inkişafı barədə müzakirələr heç bir zaman səngimir. Həm bu sahədə ardıcıl iş gedir, ciddi dövlət proqramları və layihələr həyata keçirilir, həm də daha yaxşı nəticələrə nail olmaq üçün axtarış və müzakirələr davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə diqqət və qayğısı təkcə onun təhsillə bağlı sərəncamlarında, dövlət proqramlarında ifadə olunmur. Tək bir fakta nəzər yetirmək bunu aydın təsəvvür etməyə bəs edərdi. Cənab Prezident bəzən bircə məktəbin təmirinə, problemlərinə və uğurlarına baxış keçirmək, bu sahədə çalışanları dinləmək üçün özünün iş gününü ayırır.

Bilirsiniz ki, təhsilimizin inkişafı sahəsində Dövlət Proqramları bir-birini əvəz edir və ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursu uğurla davam etdirilir. Söhbət təkcə təhsil müəssisələrinin maddi bazasının artırılmasından getmir, təhsilin məzmunu dəyişir və müasir tələblərə uyğunlaşdırılır, üstəlik, Azərbaycan dünyanın ən məşhur universitetlərində oxumağa öz övladlarını göndərir və bu sahəyə ciddi sərmayə qoyur. Amma görürsünüz ki, biz yenə də axtarışdayıq və ən yüksək göstəricilərə nail olanadək əzmlə çalışmalıyıq.

Çünki bu sahədə də inkişaf etmiş dünyanın bir hissəsi olmaq istəyirik və sevinclə qeyd edə bilərik ki, hazırda vətənimiz təkcə idman, musiqi və ictimai sahələrə aid beynəlxalq tədbirlərə ev sahibliyi etmir. Bu ənənə artıq təhsil, elm və humanitar sahələri də əhatə edir.

2014-cü  il oktyabrın 3-də Bakıda keçirilən  IV Beynəlxalq Humanitar Forumu çərçivəsində "dəyirmi masa"lardan biri təhsil sahəsinə həsr olunmuşdu və tədbirdə biri Nobel mükafatı laureatı olmaqla dünyanın müxtəlif  ölkələrindən gəlmiş nüfuzlu alim və mütəxəssislər iştirak edirdi.  Azərbaycan nümayəndə heyəti də bir qayda olaraq dünyadakı nüfuzlu tədbirlərdə təhsil müzakirələrinə qatılır. Bu, Azərbaycanın aydın strategiyasıdır: inkişaf etmiş dünyanın bir hissəsi olmaq və önə çıxmaq. Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatların məqsədi də budur.

Tarixə nəzər salsaq görərik ki, bütün xalqlar təhsil və maarif üçün ağır yollardan keçmişdir. Nə vaxtsa sadəcə oxuyub-yaza bilmək böyük uğur sayılmışdır və hər bir xalq özünün savadsızlıq dövrünü adlamaq üçün gerçək bir mücadilə  aparmışdır. Bunun üçün ciddi ictimai şərtlər, öyrədənlər nəsli və təhsil strukturu şəbəkəsi tələb olunurdu. Həm də hər xalq bu sahədə tərəqqini çox fərqli zamanlarda keçib. Bəzən arada 100 illərlə fərq olub. Amma indi bütün bəşəriyyət üçün hədəf eynidir: müasir dövrün tələblərinə cavab verən təhsil sisteminə nail olmaq, elm və təhsil müəssisələri qurmaq, peşə və ixtisas məktəblərinə sahib olmaq. Şərtlər və imkanlar fərqli olsa da hamı ən yüksək standartlara can atır. Doğrudan da tarixi fərqlər var, lakin sakitcə oturub onlarla razılaşmaq da olmaz, çünki bütün çətinliklərə baxmayaraq öndə olan dünyanın bir hissəsi olmalısan. Yaşadığımız dövrün tələbi budur. Axı indi təhsil təkcə maarifli insan amalı ilə yola çıxmır, yüksək səviyyəli kadrlar  yetişdirə bilmək də son məqsəd deyil. Yekun  nəticə olaraq təhsil ölkənin mənəvi, iqtisadi və sosial inkişafında özünün müstəsna rolunu oynamalıdır. Elə bir roldan söhbət gedir ki, onu heç nə ilə əvəz etmək mümkün deyil.

Azərbaycan ikinci müstəqilliyinin gənc dövrünü yaşasa da seçimini düzgün etmişdir. Biz anlayırıq ki, yeni dövrün tələblərinə uyğun təhsilə sahiblənmədən dinamik inkişafa nail olmaq çətindir. Ölkə başçısı bu zərurəti hədəf seçdiyi üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı qəbul etmişdir. Bu möhtəşəm proqramın mənası odur ki, biz öz təhsilimizi yeni tələblərə uyğun qurmaq istəyirik və bunun üçün aydın strategiyamız var, uğurlu nəticə olacağına da şübhə etmirik. Amma zaman gözləmir - iqtisadi və sosial inkişafımız bütün dünyanın qəbul etdiyi standartlara cavab verən, ən yüksək səviyyədə yetişdirilmiş peşəkarların olmasını və artmasını tələb edir.

Çünki təhsil indi sadəcə savadlı insanlar yetişdirmək demək deyil,  ölkə iqtisadiyyatının inkişafında onun birmənalı rolu var. Biz təhsillə bağlı tamam yeni anlayışlar dövrünə gəlmişik. Məsələn, "insan kapitalı" ifadəsini götürək. Bu, təhsilin özünə iqtisadi sərmayə kimi baxmaqdır. Həm də hansısa təhsil müəssisələrinə yatırım etmək və bunu iqtisadi sektora çevirmək nəzərdə tutulmur.  İnsan kapitalı ümumilikdə iqtisadiyyata və  ölkənin iqtisadi inkişafına qoyulan sərmayədir. Təhsil artıq mənəvi və mədəni inkişaf olmaqla kifayətlənmir, o, iqtisadi inkişafın, sosial tərəqqinin amili kimi çıxış edir. Bunsuz ardıcıl və geridönməz iqtisadi irəliləyiş mümkün olmur.

İndi təkcə biliklərin əhəmiyyətindən danışılmır, bizim dövrdə hətta ayrıca bilgi iqtisadiyyatı var. Biliyin rolu dəyişmiş və böyümüşdür. Bilik durmadan innovasiyalar və  yeni istehsal məhsulları yaradır. Bilik ümumilikdə yeni həllər və tətbiqetmələr deməkdir, bu isə hazırda proqram yazılışından tutmuş gen mühəndisliyinə qədər müxtəlif seqmentləri əhatə edən və bir çox ölkələrin iqtisadiyyatında ciddi xüsusi çəkiyə sahib olan bilgi iqtisadiyyatına yol açmışdır. Dünyanın ən böyük şirkətləri və zəngin insanları arasında bilgi iqtisadiyyatının təmsilçilərini görmək mümkündür. Yalnız Bill Qeyts nəzərdə tutulmur, nə də Appl, Google, Facebook yaradıcılarının biznes uğurları. Bu sahədə faydalı və uğurlu işlər, müxtəlif fəaliyyətlər böyük bir iqtisadi seqmenti təşkil edir.

Təhsilin birbaşa və bilavasitə iqtisadi inkişafa təsiri artıq statistikaya, indikatorlara çevrilməkdədir. Ona görə də  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na təkcə xaricdə oxuyan vətəndaşlara kömək kimi baxmaq kifayət qədər yanlış olardı. Cənab Prezident bu proqrama bütünlüklə ölkənin inkişafına, gələcəyinə, iqtisadiyyatımızın güclənməsinə qoyulan sərmayə kimi baxır. Bu sərmayə həmin proqramdan yararlanan insanlarla məhdudlaşmır. Bu vacib dövlət proqramı ondan heç bir dəstək almayan insana da dəstəkdir, onun da xeyrinədir. Yəni yuxarıda dediyimiz kimi, bütünlüklə ölkəni və xalqı əhatə edir, həm də təkcə 2007-2015-ci illərə yönəlməyib, bütövlükdə gələcəyimiz üçün əvəzsiz və qiymətli hazırlıqdır.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev 24 oktyabr  2013-cü ildə  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nı təsdiq etmişdir. Bu mühüm sənədin girişində deyilir: "Ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir".

Diqqət yetirdikdə görürük ki, ölkə başçısı qarşıya aydın  vəzifələr  qoyur və dəqiq strategiya müəyyən edir:

- Sosial-iqtisadi modernləşmə;

- Beynəlxalq təcrübəyə uyğunlaşmaq;

- Qabaqcıl texnologiya və elmi nailiyyətlərə yiyələnmək;

- İnsan kapitalının inkişafı və fərdin bilik və bacarıqlarının yüksəldilməsi.

Bunlar isə davamlı və güclü iqtisadi inkişafın şərti kimi dəyərləndirilir.

Xatırladaq ki, bu cür yanaşma artıq ən qabaqcıl ölkələrin tutduğu yolu əhatə edir. Azərbaycan da məhz bu yolu tutmuşdur. Təhsilin davamlı iqtisadi yüksəlişdə rolu indi bütün dünyanın əsas gündəmində aparıcı yer tutur. Son illərdə bir çox beynəlxalq tədbirlərdə qəbul edilən qərarlar da bunu sübut edir. 

1992-ci ildə BMT-nin Rio-de-Janeyroda (Braziliya) "İnkişaf və ətraf mühit" adlı beynəlxalq sammiti keçirildi və burada ölkə və hökumət başçıları təhsilin inkişaf üçün həlledici faktor olması barədə ümumi razılığa gəldilər. 2002-ci ildə isə Yohannesburqda (CAR) keçirilən sammitdə davamlı inkişaf sahəsində təhsilin əsas prioritetlərdən biri olması barədə qərar qəbul edildi və bunun nəticəsində BMT davamlı inkişaf üçün təhsil üzrə 2005-2014-cü illəri əhatə edən  dekada elan etdi. Sözsüz ki, bu sahədə təşəbbüslər davam edəcək. Bu da ölkəmizin düzgün seçim etdiyini, öz strategiyasını uğurla qurduğunu göstərir. Biz bu sahədə beynəlxalq əməkdaşlığı davam etdiririk, nüfuzlu və faydalı tədbirlərdə, sammitlərdə iştirakla kifayətlənməyib, qabaqcıl təcrübələri öyrənirik, öz təcrübəmizi də mübadilə edirik.

Mütəxəssislər hesablayıb ki, bəşəriyyətin nail olduğu biliklərin 90 %-i son 30 ildə bizim müasirlərimiz tərəfindən yaradılıb. Bu sahədə elə böyük sürət var ki, onunla ayaqlaşmaq üçün düzgün strategiya vacibdir. Qabaqcıl ölkələrdə təhsil və elmə ayrılan xərclər, qoyulan sərmayələr son illər yenə də artmaqdadır. Təhsilə qoyulan sərmayə isə həmin ölkələrin Ümumi Daxili Məhsulunun artımında özünü göstərir. Məsələn, ABŞ-da ÜDM-də təhsilə ayrılan xərclərin payı XX əsrdə iki dəfə artmışdır, bunun nəticəsində isə ABŞ dünyanın ən nəhəng iqtisadi güclərindən birinə çevrilmişdir. Bu da faktdır ki, ən yaxşı universitetlərə sahib olan ölkələr ən davamlı və dayanıqlı iqtisadi inkişaf tempinə sahiblənirlər. Təhsilin iqtisadi inkişafda rolu artıq mübahisələndirilmir. Bu sahənin uğurlu göstəriciləri həm də iqtisadi inkişafın amili və indikatorları kimi götürülür. Məsələn, bu gün Yaponiya fəxr edir ki, onun gənclərinin 55 faizi ali təhsil alır. Bu keyfiyyətin rolu Yaponiyanın dinamik iqtisadi tərəqqisində də özünü göstərir.

Təhsil sahəsində hər bir irəliləyiş iqtisadi tərəqqiyə təsir edir. İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatının hesablamalarına görə, hər bir  ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə Ümumi Daxili Məhsulun 3-6 faiz artımına gətirib çıxarır. Məşhur Amerika iqtisadçısı L.Turou qeyd edir ki,  XXI əsrdə bilik əvvəllər sahib olmadığı yeni xüsusiyyət qazanmışdır: o, zənginliyin mənbəyinə çevrilmişdir. Əsrlər öncə ingilis filosofu Frensis Bekon isə deyirdi ki,  bilik hakim olmaq deməkdir. Biz bilirik ki, "Bilik gücdür" - deyimi də var. Amma biliyin rifah və zənginlik kimi qiymətləndirilməsi bizim müasir dövrün gəldiyi nəticədir. Bu da rəqəmlərlə, statistika ilə, indikatorlarla təsdiq olunur. Təhsilin bütün sahələrə təsiri, mənəvi və mədəni rolu onun iqtisadi inkişafa təsiri ilə bütövləşir və bizə öz vəzifəmizə məsuliyyətlə yanaşmağı diktə edir. 

Rəqabətə bacarığı olan milli iqtisadiyyatlar da təhsilin inkişaf etdiyi ölkələrdə mümkündür. Xatırladım ki, Ümumdünya İqtisadi Forumu hər il özünün nüfuzlu "Qlobal rəqabətə davamlılıq" hesabatını açıqlayır və  bu vacib indikator üzrə ölkələrin reytinqini müəyyən edir.  Çox maraqlıdır ki, bu indikatorun müəyyən edilməsində ölkənin təhsil potensialı da nəzərə alınır. Təhsil artıq iqtisadi durumun da göstəricilərindən birinə çevrilib. Həm də ona iqtisadi inkişafın və durumun ardıcıllığına, dayanıqlığına, rəqabət gücünə təsir edən bir göstərici kimi baxılır.

Çox sevindirici haldır ki, Azərbaycan özünün düzgün inkişaf modeli ilə Ümumdünya İqtisadi Forumunun "Qlobal rəqabətə davamlılıq" hesabatında durmadan irəliləyir. "Qlobal rəqabətə davamlılıq 2014-2015" reytinq siyahısında Azərbaycan ötən ilə nisbətən 1 pillə irəliləyərək 38-ci pillədə qərarlaşıb. Qonşu ölkələrdən Türkiyə 45-ci, Rusiya 53-cü, Gürcüstan 69-cu, Ermənistan 85-ci, İran isə 83-cü pillədə özünə yer tapıb. Bu göstəricilərə görə, Azərbaycan öz regionunda birincilik əldə edib. Göründüyü kimi, ölkəmizin bu uğurunda təhsil sahəsində görülən işlərin də rolu vardır. İstər ölkə təhsilində aparılan islahatlar və bu sahəyə qoyulmuş sərmayə, istərsə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində mütəxəssislərin yetişdirilməsi uğurlu bir model kimi özünü göstərməkdə və nəticə verməkdədir.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda başqa bir əhəmiyyətli rəqəm də diqqəti cəlb edir: "Birləşmiş Millətlər Təşkilatının 2010-cu il üzrə İnsan İnkişafı Hesabatına əsasən, 2005-ci illə müqayisədə Azərbaycan 34 pillə irəliləyərək 169 ölkə arasında 101-ci yerdən 67-ci yerə yüksəlmiş, "orta insan inkişafı" qrupundan "yüksək insan inkişafı" qrupuna daxil olmuşdur. Azərbaycan iqtisadi inkişaf tempini sürətləndirərək yoxsulluğun azaldılması və orta ömür uzunluğu göstəricisinin artması baxımından böyük nailiyyətlər əldə etmişdir.

Təhsil strategiyasını müəyyən edən vacib sənəddə belə bir göstəriciyə istinad edilməsi təsadüf deyil və hər şeydən öncə ölkədəki hərtərəfli inkişafda təhsilin roluna verilən yüksək qiymətdir. İnsan İnkişafı İndeksi 1990-cı ildən başlayaraq hər il BMT-nin İnkişaf Proqramı tərəfindən açıqlanan "İnsan İnkişafı Hesabatı"nda dünya ölkələrində əhalinin rifahını əks etdirən göstəricidir. Bu göstəricini hesablamaq üçün elmi yanaşma və əsaslı metodlar var. Mütəxəssislər hesab edir ki, bu indeks əhalinin rifahını digərlərindən  daha geniş şəkildə ehtiva edir.

İnsan İnkişafı İndeksi insan inkişafının üç göstəricisini nəzərə alır:

Birinci göstərici: - İnsanın uzun və sağlam ömür sürməsidir. Bu göstərici orta ömür uzunluğu əsasında hesablanır; 

İkinci göstərici:  - Təhsil səviyyəsidir, bu da böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır;

Üçüncü göstərici: - Layiqli yaşayış standartlarıdır, bu isə alıcılıq qabiliyyəti və gəlirlər əsasında hesablanır.

Göründüyü kimi, İnsan İnkişafı İndeksi kimi nüfuzlu bir göstərici içərisində də təhsil 3 komponentdən biridir. Müasir standartlara cavab verən  təhsil sistemi qurmadan rifah və inkişafı təmin etmək mümkün deyil.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev çıxışlarında bir neçə dəfə  qeyd etmişdir ki, biz gələcəyimizi neft amili üzərində qura bilmərik. Çünki bu, təbii resursdur və tükənə bilər, ölkə iqtisadiyyatı isə əbədi  sərvət olan elm və təhsil üzərində qurulmalıdır. Bu yerdə Bakıda məktəb  binasının yenidənqurmadan sonra açılışı zamanı möhtərəm Prezidentin söylədiyi çıxışdan sitat gətirmək istəyirəm: "Müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir ki, Azərbaycan cəmiyyəti üçün gözəl, yeni, peşəkar, bilikli kadrlar yetişsin. Uşaqlarımız bilikli, savadlı olmalıdır. Çünki müasir dünyada hər bir insanın və hər bir ölkənin uğurunu şərtləndirən biliyin səviyyəsidir. İndi biz XXI əsrdə yaşayırıq. XXI əsr yüksək texnologiyalar əsridir. Bu əsrdə hansı ölkə biliyə, savada, yeniliyə daha meyllidirsə, o ölkə öz maraqlarını təmin edəcəkdir. Çünki müasir texnologiyalar elə inkişaf edibdir ki, bəlkə də on il, iyirmi il bundan əvvəl bunu təsəvvür etmək mümkün deyildi".

Ona görə də dövlət başçısı dünya elm və təhsilində inteqrasiya məqsədlərini əsas götürən dövlət proqramları qəbul etmiş,  bu məqsədlərə doğru uğurlu addımlar atılmasına rəhbərlik etməkdədir.

Həmin  uğurlu addımlara qısaca nəzər yetirək.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda qeyd edilir ki, son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın məktəb binası tikilmiş və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmiş, ümumilikdə 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır.  2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşdüyü halda, 2014-cü ildə hər 20 şagirdə bir kompüter nisbəti təmin olunmuşdur. 2014-cü ildə ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda, başqa sözlə 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. 2014-2015-ci dərs ilindən lSağlam təhsil-sağlam millət»  adlanan daha bir faydalı layihəyə start verilib.

Sadaladığımız faktları hər kəs görür və Azərbaycan xalqı bu sahədə yaranmış fərqi hər gün öz həyatında hiss edir. Görülən işlər və bu sahədəki uğurlar mübahisəsiz hala gəlmiş, mühüm  nəticələr vermiş, ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənmişdir.

Başqa bir istiqaməti götürək. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılmışdır. Bu sahədə beynəlxalq təcrübə mənimsənilmiş və beynəlxalq əməkdaşlıq ən yüksək səviyyəyə qaldırılmışdır. Hələlik bir neçə istiqaməti xatırladaq:

- Ali təhsildə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplər tətbiq edilmişdir;

- Təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturu yenilənmişdir;

- Dərsliklə təminatın yaxşılaşdırılması sahəsində böyük miqyaslı işlər görülmüş və davam etdirilir.

- Pedaqoji kadr təminatı sahəsində problemlərin həlli ucqar kənd məktəblərini də əhatə etmişdir;

- Peşə təhsili xidmətinin müasir tələblər səviyyəsində qurulması üçün dövlət proqramları qəbul edilmiş, bu gün də layihələr həyata keçirilməkdədir.

- Məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun inkişafı və təminatı şəxsən ölkə başçısının diqqət və qayğısı sahəsində başlıca hədəflərdən birinə çevrilmişdir. 

Əlbəttə, təhsil sahəsində problemlər də vardır  və dövlətimiz bu sahədə durmadan çalışır. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, təhsilə ayrılan dövlət xərcləri yalnız son beş ildə 1,3 dəfə artmışdır. Bu isə gələcəyə hesablanıb. Həm də təkcə təhsil sahəsinin uğurları üçün deyil, ölkənin iqtisadi inkişafının dinamikasını təmin etmək üçün bunun böyük əhəmiyyəti vardır. Bu, həm də sabahımıza qoyulan sərmayədir.

Görülən mühüm işlərdən biri də  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"dır.

Bu sənədə yalnız bir təhsil proqramı kimi baxmaq doğru deyildir. Möhtərəm Prezidentimiz  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı təsdiq etməklə maddi sərvətlərimizin insan kapitalına çevrilməsinə start vermişdir. Proqramın əsas məqsədlərini qısaca xatırlatmaq istəyirəm.  Çox maraqlıdır ki, o məqsədlərdən birincisi belə adlanır:  "ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması".

Ölkəmizin də ən vacib hədəflərindən biri budur.  Buna milli hədəf kimi də baxmaq bəs etmir.  Davamlı iqtisadi inkişafa nail olmaq bəşəri uğurdur, başqa sözlə, qlobal problemlərin həlli yolunda həm də bir ölkənin bəşəriyyətə verdiyi töhfədir.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın digər hədəflərinə baxaq. Onlardan biri belə adlanır: "Davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi".  Əsrlərlə ənənəsi olan, yaxud artıq böyük elmi və maddi bazası olan ali məktəblər var dünyada. Onları bütün bəşəriyyətin resursları saya bilərik  və heç kimə onlardan faydalanmağa məhdudiyyət yoxdur. Sadəcə, düzgün dövlətçilik siyasəti və təhsil strategiyası gərəkdir ki, bundan faydalana biləsən.  Azərbaycan Prezidenti bunu hədəf götürən dövlət proqramını qəbul etmişdir və ölkə gəncləri də ondan faydalanmaqdadır. Bu da təhsil sahəsində işimizin tərkib hissəsidir.

Nəhayət, bu dövlət proqramı  Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılmasına xidmət edir, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyini təmin edir.  Proqramın yaratdığı daha bir imkan  hökumətlərarası müqavilələr və ali təhsil müəssisələri arasında beynəlxalq tələbə mübadiləsi əsasında mütəxəssis hazırlığı ilə bağlıdır ki, bu da  ölkənin  iqtisadi inkişaf prioritetləri üçün çox gərəklidir.

Bu proqramdan yararlanmaq tamamilə şəffaf qurulub və ən yaxşılar onun sayəsində dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alaraq ölkəmizə dönməkdədir. Onlardan bir hissəsi təhsilini davam etdirir, ölkəyə dönənlərin təxminən 35 faizi dövlət, 65 faizi isə özəl sektorda çalışır. Aparıcı beynəlxalq təşkilatların statistik təhlilləri Azərbaycan təhsilinin beynəlxalq rəqabətə davamlılıq göstəricilərinin və Azərbaycan Respublikasının ərazisində yerləşən ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu göstərir.

Dövlət strategiyasında digər problemlər də açıq şəkildə qeyd edilib və onların həlli vəzifələr kimi müəyyən edilib. Ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması bu vəzifələrdən biridir. Sənəddə deyilir ki, ali və ümumi təhsil üzrə dərsliklərin elmi və metodiki baxımdan təkmilləşdirilməsinə ehtiyac vardır. Həmçinin ali təhsil müəssisələri məzunlarının tərkibi iqtisadiyyatın tələbatları ilə tam uzlaşmır. Azərbaycanın ali təhsil müəssisələri tələbələrinin yalnız 1,2 faizi kənd təsərrüfatı ixtisasları qrupu üzrə təhsil alır. 25-34 yaş arasında olan ali təhsilli mütəxəssislərin 67 faizi dövlət sektorunda cəmlənmişdir. Özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemi yaranmışdır. Ən böyük kadr çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatı sahəsində müşahidə olunur. Hər 100000 nəfərə düşən ali məktəb tələbələrinin sayına görə Azərbaycan Respublikası üzrə göstəricilər əhəmiyyətli dərəcədə artırılmalıdır. Əhali təbəqələri və regionlar arasında xüsusən ali təhsilə çıxış imkanları genişləndirilməlidir.

Strategiya sənədində iqtisadi inkişaf üçün vacib olan  peşə-ixtisas təhsili müəssisələrinin işinə də xüsusi yer ayrılır. Bildirilir ki, bu  müəssisələrin infrastrukturunun inkişafı sahəsində işlər görülmüş, özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur. Lakin bu sahədə həlli vacib olan ciddi problemlər hələ də qalmaqdadır. İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Son illər ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə həmin pillədə təhsilalanların cəmi 25-27 min nəfər təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir.

Strategiya sənədində məktəbəqədər təhsilin problemləri qeyd edilir və bildirilir ki, ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur. Bu da əhalinin məşğulluğuna və iqtisadi fəaliyyətinə də mənfi təsir edir.

Təhsilin məzmunu ilə bağlı problemlər,  ilk peşə-ixtisas və orta ixtisas təhsili kurikulumlarının müasir tələblərə cavab verməməsi, hələ də səriştəsiz kadrların mövcudluğu, idarəetmədəki problemlər, təhsildə şəffaflıq  və bir çox başqa məsələlərlə bağlı çatışmazlıqlar da sənəddə yer tapıb və bizim həll edəcəyimiz vəzifələrə çevrilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov