Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

"Universitetimizdə tələbələrin tədqiqatçılıq fəaliyyətinə cəlb olunması yüksək səviyyədədir"

 

Niderland Krallığının Eyndhoven Texnologiyalar Universitetinin tələbəsi Emin Ələsgərov ilə söhbət 

Oruc  MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
o.mustafayev@muallim.edu.az

 Emin Elmar oğlu Ələsgərov  1991-ci il  fevralın 12-də Bakı şəhərində anadan olub.  "Dədə Qorqud"  Özəl  Türk Liseyini bitirib.  Ali məktəblərə qəbul imtahanlarında I qrup üzrə 591 bal toplayaraq  Bakı Dövlət Universitetinin informatika ixtisasına qəbul olunub.  Bir il bu universitetdə təhsil aldıqdan sonra  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Cənubi Koreyanın Yüksək Elm və Texnologiyalar Universiteti  (KAİST) üçün keçirilən müsabiqəyə qatılıb və seçilmiş 9 namizəd arasında yer alıb.  2009-2014-cü illər ərzində həmin universitetdə kompüter elmləri üzrə bakalavr təhsilini müvəffəqiyyətlə başa vurub.  Hazırda  Dövlət Proqramı çərçivəsində Niderland  Krallığının  Eyndhoven Texnologiyalar Universitetində kompüter elmləri ixtisası üzrə magistr təhsili alır.  E.Ələsgərovla söhbətimizə orta məktəb illərindən başladıq. 

 "Gələcəyimi bu sahədə görürdüm"

 Orta təhsilimi əla qiymətlərlə bitirmişəm. Mənim üçün bu prinsipial əhəmiyyət daşıyırdı.  Bir sıra fənlər üzrə tərifnamələrlə təltif edilmişəm. Riyaziyyat, fizika və tarix fənlərini digər fənlərə nisbətən  daha çox oxuyardım. İxtisas seçimi mənim üçün çətin deyildi, çünki gələcəyimi informasiya texnologiyaları sahəsində görürdüm və mənə bu seçimdə valideynlərim çox böyük bir dəstək olub.  

İxtisas seçimi zamanı  Cənubi Koreyanın İKT sahəsində son illər ərzində əldə etdikləri nailiyyətlər və bu ölkədə həmin sahəyə olan maraq mənim üçün həlledici amil oldu.  Dövlət Proqramı çərçivəsində bu ölkənin İT sahəsində bir nömrəli sayılan KAİST  Universitetinə müsabiqə elan olunanda bunu gözəl bir şans olaraq qəbul etdim və fürsəti qaçırmadım. Ailəm  elmə olan sevgimi daima dəstəkləyib və mənim xaricdə təhsilimi davam etməyimi çox gözəl qarşılamışdı.  

Niderland Krallığının Eyndhoven Texnologiyalar Universitetində magistr təhsilimi davam etdirməyi, kompüter elmləri sahəsinin müəyyən aspektləri üzərində tamamilə profilləşmək imkanı kimi görürəm  və  bir daha mənə yaradılmış bu fürsətə görə dövlətimə böyük təşəkkürümü bildirirəm.

 Dövlət Proqramına müraciətim çox operativ və rahat keçdi 

Magistr pilləsi üçün Dövlət Proqramına müraciətim 2014-cü ilin iyun ayında baş tutdu.  Əvvəlki illərə nisbətən sənəd qəbulu artıq internet üzrə aparılırdı, biz namizədlər, sadəcə tələb olunan sənədləri düzgün şəkildə tərtib edib vaxtında Proqram üçün yaradılmış internet səhifəsinə göndərməliydik. Göndərdiyim sənədlər qısa müddət ərzində Təhsil  Nazirliyinin müvafiq şöbəsi tərəfindən nəzərdən keçirildi və növbəti, müsahibə mərhələsinə dəvət aldım. Müsahibə zamanı bir sıra psixoloji və texniki suallar aldım.  Hər birinə dəqiq və hərtərəfli cavab verməyə müvəffəq  oldum. Müsahibədən sonra  3 saat ərzində  Dövlət Proqramına qəbul olunduğumu internet səhifəsindən öyrəndim.

Seçim prosesi şəffafdır və mən əminliklə söyləyə bilərəm ki, layiq olan namizəd mütləq öz şansını əldə edəcək. Dövlət Proqramına müraciətim şəxsən mənim üçün çox operativ və rahat keçdi.  

Cənubu Koreyadan Niderland Krallığına 

Özümü çox şanslı tələbələrdən hesab edirəm. Çünki bakalavr təhsilimi Cənubi Koreyanın İKT sahəsində ən güclü universitetində almışdım  və hazırda Niderland Krallığının həmin sahə üzrə iki ən güclü universitetindən biri sayılan Eyndhoven Texnologiyalar Universitetində təhsilimi davam etdirirəm.

Eyndhoven Texnologiyalar Universitetini seçəndə bir sıra amillərə fikir vermişdim. İlk növbədə, kompüter elmləri ixtisasında tədris olunan dərslər, universitetin İKT sahəsi üzrə dünyada reytinqi və professor heyəti, tələbə şəhərciyi və mövcud olan elmi-tədqiqat bazası. Eyni zamanda qeyd etmək istərdim ki, bu universitet dünyanın 7 ən innovasiyalı regionlarından biri sayılan "Brainport" ərazisində yerləşir və təhsil alan tələbələr üçün həmin regionda fəaliyyət göstərən bir sıra dünya səviyyəli şirkətlərdə geniş imkanlar yaradır.

Xaricdə təhsil alırsansa, aktiv tələbə həyatına hazır olmalısan. Ölkədəki həyat tərzi səni bir çox məsələləri paralel görməyə məcbur edir, ona görə gündəlik, həftəlik qurduğum cədvəllər mənim işimi daha rahat edir. Semestr boyunca, vaxtımın əsas hissəsini ev tapşırıqlarına, proyektlərə sərf edirəm. Həftənin müəyyən günlərində idmanla məşğul oluram, xarici tələbələrlə  müxtəlif mövzularda fəal tədbirlər keçiririk. Tətil zamanı Avropanın görmək istədiyim tanınmış şəhərlərini gəzirəm.

Eyndhoven əsl tələbə şəhəridir. Elmi-tədqiqat və sənaye müəssisələrinin sayı kifayət qədər çoxdur.   Türkdilli icma burada böyük bir sayda təmsil olunur, ona görə bizə doğma sayılan bir çox ərzaq, sursat asanlıqla tapıla bilər.

  "Bolonya prosesi Avropada özünü doğruldub" 

Bolonya prosesi Avropada özünü kifayət qədər doğruldub. Tələbənin obyektiv qiymətləndirilməsi burada prioritet məsələ hesab olunur və Bolonya sistemi buna tam şərait yaradır. Digər tərəfdən, Avropa təhsil mərkəzləri bu sistemə intellektual, mədəni, sosial və elmi-texniki potensialın formalaşması və möhkəmlənməsi kimi baxırlar. Məzunların işlə təmin olunması bu sistemin əsas məqsədlərindən biridir və ali təhsili başa vurduqdan sonra bir çox proqramlar qısa müddət ərzində iş tapmağa imkan verir. 

Xaricdə təhsilin əsas üstünlüyü bir insanın bir şəxsiyyət olaraq hərtərəfli özünü inkişaf  etdirə  bilmək imkanıdır.  Xarici tələbələrlə  daima münasibətdə olmaq, ünsiyyət qurmaq bizə  bir çox məsələlərə fərqli bucaq altında baxmağı öyrədir.  Onlar ilə apardığın diskussiyalar, debatlar səndə müəyyən fikirlər və özünəməxsus prinsiplər formalaşdırır.

 Mühazirələrə qatılmaq məcburi deyil 

Tədris mühiti kifayət qədər sərbəstdir. Burada heç kəs sənin arxanca qaçmayacaq və oxumağa məcbur etməyəcək. Əgər burdasansa, demək bu təhsil müəssisəsindən nə istədiyini dəqiq bilməlisən. Mühazirələrə qatılmaq məcburi deyil, amma qaçırdığın hər bir mühazirə  tədris olunan mövzunu anlamağı daha da çətinləşdirir.  Bu, magistr pilləsində özünü daha qabarıq şəkildə büruzə verir. Mühazirə materialları, hər bir fənn üçün ayrıca açılmış və universitetin ümumi portal sisteminin bir parçası olan internet səhifələrdə yerləşdirilir və asanlıqla əldə oluna bilər. Eyndhoven Texnologiyalar  Universitetində tədris ili 4 rübə bölünüb və hər bir rüb 2 aydan ibarətdir. Hər rübün sonunda imtahan sessiyası təşkil olunur və rüb boyunca tədris olunan fənlərə beləcə yekun vurulur. Elə fənlər də var ki, onlardan aldığın qiymət yalnız rüb boyunca yerinə yetirdiyin  ev tapşırıqlarının, qrup proyektlərinin ortaq qiymətinə əsaslanır.

Prosesə nəzarət üçün  fənni tədris edən bir nəfər müəllim və 2-3 digər ixtisaslı professor  heyəti  dəvət olunur. İmtahan keçirilən otaqlar adətən kamera və mikrafon ilə təchiz olunur və kimdənsə yardım almaq,  köçürtmək kimi məsələlər ciddi nəzarətdə saxlanılır və araşdırılır. Plagiatizm Avropada heç bir şəkildə qəbul olunmur.  Universitetimizdə tələbələrin tədqiqatçılıq  fəaliyyətinə cəlb olunması yüksək səviyyədədir. Qeyd edim ki, tələbələrin elmi tədqiqat işlərinə cəlb olunmasına görə Eyndhoven Texnologiyalar  Universiteti ölkənin tədris mərkəzlərinin reytinqində top mövqedə qərarlaşıb.  Bir çox halda tələbələr tərəfindən yazılan tezis və dissertasiyalar müəyyən tədqiqat mərkəzlərinin birində apardıqları elmi işlərə söykənir. Universitetin kampus ərazisində bir sıra  laboratoriyalar  tələbələrin ixtiyarına verilib. Eyni zamanda, "Philis Research", "Philips Healthcare", "ASML Research" və s. kimi tədqiqat mərkəzləri bizim universitet ilə  çox gözəl münasibətdədir və tələbələr üçün bir sıra imkanlar yaradır.      

"Ölkəmizi  hərtərəfli təmsil etməyə çalışıram" 

Azərbaycan gənci dünyanın hansı ölkəsində olur-olsun, diasporamızın  fəaliyyətində, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq birliyə çatdırılmasında,  təbliğində fəal olmalıdır.   Müsahibimiz istər Koreyada, istərsə də Niderland Krallığında bu sahədə aktiv  fəaliyyət göstərən tələbələrimizdəndir. 

Azərbaycan diasporası ilə əlaqələrim hər zaman gözəl olub. Cənubi Koreyada oxuduğum müddət ərzində, "BUTA"  tələbə təşkilatında  iki il  ərzində  idarə heyətinin üzvü, daha sonra bir il sədr müavini vəzifəsində çalışdım və bu müddət ərzində Cənubi Koreyadakı Azərbaycan  səfirliyinin  dəstəyi ilə keçirilmiş tədbirlərdə, ölkəmizin zəngin tarixi və mədəniyyəti haqqında yerli ictimaiyyətə hərtərəfli məlumat çatdırmışdıq. Bundan əlavə, oxuduğum hər iki universitetdə keçirilən bütün mədəniyyət,  elmi festival və sərgilərə qatılıb  ölkəmizi hərtərəfli təmsil etməyə çalışmışam.  Mənimlə bərabər bu işlərdə çalışan və əlindən gələni əsirgəməyən sadə və gözəl azərbaycanlı tələbə yoldaşlarıma öz dərin təşəkkürümü bildirirəm.

Təhsildə uğur və gələcək planlar barədə   

İlk növbədə qarşıya  dəqiq və  real məqsəd qoymaq vacibdir. Bu məqsədə çatmaq üçün bütün resursları araşdırmaq və məqsədə doğru aparan yolda qarşına  çıxacaq əngəllərdən qorxmamaq, eyni zamanda çoxlu sual vermək və aldığın cavabları analiz edib alternativ variantlar ilə müqayisə etmək gərəkdir. Amma hər şeydən öncə, tələbə oxuduğu sahədən və fənlərdən zövq almalıdır, əks halda, heç bir motivasiyadan söhbət gedə bilməz.

Magistr pilləsini əla qiymətlər ilə bitirmək üçün çalışıram. Məzun olduqdan sonra Azərbaycana qayıdıb, əldə etdiyim nəzəri bilikləri real sənaye  mühitində praktiki nəticələrə çevirmək istərdim. Hər iki xarici ölkədə əldə etdiyim bilikləri və təcrübəni Azərbaycanda təhsil alan tələbələr ilə bölüşməyi özümə bir növ borc bilirəm, bunun üçün tədris müəssisələrində dərs deməyi də planlaşdırıram. İxtisasım üzrə maraqlı və innovasiyalı mövzu üzrə müdafiə işi yazıb PhD dərəcəsini qazanmaq gələcəkdə qarşıma qoyduğum əsas məqsədlərdən biridir.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov