Bakıdakı 39 nömrəli Texniki Yaradıcılıq Mərkəzində
"Vətənpərvərlik, milli-mənəvi dəyərlərə rəğbət ruhunda
tərbiyə təhsilin prioritet istiqamətlərindəndir"
mövzusunda "dəyirmi masa" keçirilib. Öncə uşaqların əl
işlərindən ibarət sərgiyə baxış olub. Sonra tədbir
iştirakçıları mərkəzdə fəaliyyət göstərən altı
dərnəkdə məşğələlərin gedişini izləyiblər. Üçüncü
mərhələdə isə mövzu ətrafında geniş müzakirəyə start
verilib.
Mərkəzin direktoru Qənirə Sultanova mövzu ətrafında
geniş məlumat verərək bildirib ki, məktəbdənkənar
yaradıcılıq mərkəzlərində yeniyetmələr öz
bacarıqlarını realizə edir, məntiqi təfəkkür
qabiliyyətlərinin inkişafına nail olurlar.
Texniki Yaradıcılıq Mərkəzinə cəlb olunan şagirdlərin
vətənpərvərlik, eyni zamanda milli adət-ənənələrimizə
hörmət ruhunda tərbiyəsi, təhsil və mədəni
səviyyələrinin yüksəldilməsi, fiziki sağlamlıqlarının
möhkəmləndirilməsi qarşıya qoyulan ən mühüm
məsələlərdəndir. Milli -mənəvi dəyərlərə hörmət və bu
dəyərlərin qorunub saxlanması istiqamətində mərkəzdə
mühüm işlər görülür, daha uğurlu nəticələrin əldə
edilməsinə səy göstərilir. Məqsədimiz daha çox uşaq,
yeniyetmə və gənci əlavə təhsilə - yaradıcılığa cəlb
etmək, uşaq, yeniyetmə və gənclərin mənəvi və fiziki
inkişafını, kreativlik tələbatını təmin, onların asudə
vaxtlarını daha səmərəli və məzmunlu təşkil etmək, milli
şüurun inkişafında ümumbəşəri dəyərlərə əsaslanaraq
tərbiyəni inkişaf etdirmək, yaradıcı, təşəbbüskar,
məsuliyyətli, kreativ düşüncəli, yüksək intellektə
malik gənclər yetişdirməkdir.
Sonda maraqlı fikirlər və təkliflər səsləndirilib. Qeyd
edək ki, "dəyirmi masa"da Təhsil Nazirliyinin, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, məktəblərin,
yaradıcılıq mərkəzlərinin direktorları, tərbiyə işləri
üzrə direktor müavinləri və uşaq birliyi rəhbərləri
iştirak edib.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |