Bu günlərdə Bakı Humanitar Kollecində son kurs
tələbələri üçün diplomqabağı təcrübəyə həsr olunmuş
konfrans keçirilib. Əvvəlcə foyedə müşahidə və sınaq
təcrübələrini başa vurmuş tələbələrin əl işlərindən
ibarət sərgi nümayiş olunub.
Akt zalında davam edən konfransı giriş sözü ilə kollecin
direktor müavini Hümbət Əhmədov açaraq müşahidə və sınaq
təcrübədən keçmiş son kurs tələbələrini təbrik edib.
İstehsalat və təcrübə rəhbəri Aygün Zülfiyeva çıxışında
bildirib ki, kollecin son kurs tələbələri müşahidə və
sınaq təcrübələrini Bakıdakı 3, 126, 244 nömrəli tam
orta məktəblərdə, 138 və 158 nömrəli uşaq bağçalarında
keçiblər. İxtisaslarından asılı olaraq digər buraxılış
qrupları isə Bakıda yerləşən dövlət kitabxanalarında,
muzeylərdə, musiqili komediya teatrlarında, musiqi
məktəblərində, xalça muzeylərində və digər baza
müəssisələrində öz diplomqabağı təcrübələrini davam
etdirəcəklər.
Konfransda kollecin fənn birləşmə sədrlərindən
M.Şiriyeva, M.Aslanova, İ.Hüseynova, şöbə müdirlərindən
R.Mehdiyev, T. Zülfiyev, müəllimlərdən G.Hacıyeva,
L.Əliyeva, R.Cəbrayılova, S.Qafarova və başqaları çıxış
edərək müşahidə və sınaq təcrübəsindən çıxmış tələbələri
təbrik edərək onlara gələcək həyatlarında uğurlar
arzulayıblar.
Konfrans tələbələrin ifalarında konsert proqramı ilə
başa çatıb.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |