ABŞ-ın
Harvard Universitetinin Con F. Kennedi adına Dövlət
İdarəçilik Məktəbində ilk dəfə olaraq "Azərbaycan: Qədim
əlaqələr, gələcəyin diyarı" adlı mədəniyyət tədbiri
keçirilib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində ABŞ-ın Harvard Universitetinin Con Kennedi
adına Dövlət İdarəçilik Məktəbində ictimai siyasət
ixtisası üzrə magistr təhsili alan Əlikram İsayev və
Massaçusets Universitetinin tələbəsi Müşfiq Əmirovin
birgə təşkilatçılığı ilə keçirilmiş mədəniyyət
tədbirində ölkəmizin tarixi, adət-ənənələri və milli
bayramımız olan Novruzla bağlı məlumat verilib.
Tələbələrin təşəbbüsü və maddi dəstəyi ilə keçirilmiş
tədbirin əsas məqsədi Azərbaycan mədəniyyətini,
tarixini, incəsənətini bir daha xarici auditoriyaya
təqdim etmək, ölkənin zəngin irsini nümayiş etdirmək və
eləcə də Azərbaycanın Qarabağ, Xocalı həqiqətlərini
xarici vətəndaşlara çatdırmaqdan ibarət olub. Tədbir
çərçivəsində qonaqlara həmçinin 2015-ci ildə Bakıda
keçiriləcək 1-ci Avropa Oyunları və onun əhəmiyyəti ilə
bağlı ətraflı məlumat verilib.
Tədbirdə Türkiyənin Bostondakı konsulu Ömür Budak,
Azərbaycanın ABŞ-dakı (Vaşinqton) səfirliyinin
nümayəndələri və bir sıra qonaqlar iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin səfərləri
nəticəsində bir çox sahələrdə, o cümlədən təhsil
sahəsində ölkələrimiz arasında yüksək səviyyədə
əməkdaşlığın qurulduğu və son illər nəzərəçarpacaq
irəliləyişlərin əldə edildiyi qeyd olunub. Tədbirin
gedişində qonaqlara ölkəmizin tarixi, müasir inkişafı,
klassik və modern incəsənəti barədə videoçarxlar
təqdim olunub. Tədbirdə ümummilli lider Heydər Əliyevin
ABŞ ilə əməkdaşlığa xüsusi önəm verdiyi, bu siyasətin
hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyi xüsusi vurğulanıb.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |