Təhsil
Nazirliyi və Britaniya Şurasının "İngilis dilinin
intensiv tədrisi layihəsi" çərçivəsində Azərbaycandan
bir qrup ingilis dili müəllimi - 50 pilot məktəbindən
seçilmiş 11 nəfər müəllim 22-29 mart 2015-ci il
tarixlərində Böyük Britaniyanın Kanterberi Universitində
təlim səfərində olmuşdur.
Nümayəndə heyətinin tərkibinə Təhsil Nazirliyinin İnsan
resursları şöbəsinin müdiri Fərzəli Qədirov, Britaniya
Şurasının təhsil proqramlarının rəhbəri Gülşən
Hüseynova, Bakı şəhəri 132-134 nömrəli təhsil
kompleksinin müəllimi Çinarə İbrahimova, 27 nömrəli
məktəbin müəllimi Naira Kərimova, 55 nömrəli məktəbin
müəllimi Cəmilə Mahmudova, 116 nömrəli məktəbin müəllimi
Nərmin Əhmədova, Gəncə şəhər 4 nömrəli məktəbin müəllimi
Fərhad Məmmədov, Şirvan şəhər 21 nömrəli məktəbin
müəllimi Təranə Səmədzadə, Zaqatala şəhər 2 nömrəli
məktəbin müəllimi Vüsalə Rzayeva, Qusar şəhər 2 nömrəli
məktəbin müəllimi Tamilla Verdiyeva, Şamaxı şəhər 8
nömrəli məktəbin müəllimi Mehriban Eyubova, Qəbələ şəhər
3 nömrəli məktəbin müəllimi Aygün İsmayıl, İsmayıllı
şəhər 5 nömrəli məktəbin müəllimi Arzu Məmmədova daxil
idilər.
Təlim səfərinin ilk günü nümayəndə heyəti universitet
kampusu ilə tanış olmuşdur. Universitetin özəl
xüsusiyyətlərindən biri odur ki, burada ingilis dili
üzrə müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafı
həyata keçirilir, dil araşdırma mərkəzi fəaliyyət
göstərir. Bu təhsil ocağı məzunlarının işlə təmin olunma
faizinə görə Böyük Britaniyada yüksək reytinqə malikdir.
Belə ki, məzunların 96 faizi bitirdiyi ildə işlə təmin
olunur ki, bu da yüksək keyfiyyət göstəricisidir.
Müəllimlər
üçün təlimlər universitetin əməkdaşları, təcrübəli və
peşəkar təlimçilər doktor Pamela Aboşina və Kevin Balçin
tərəfindən aparılmışdır. Təlim proqramının təşkilində
universitetin İngilis dili Departamentinin rəhbəri
Riçard Kullenin xüsusi rolu olmuşdur. Təlim prosesində
dərsin planlaşdırılması, müvafiq tədris resurslarının
seçilməsi, müasir öyrənmə və tədris metodologiyaları,
pedaqoji prosesin idarə edilməsi, praktik tədris
bacarıqlarına yiyələnmə və digər sahələr üzrə
müəllimlərə kompetensiyalar aşılanmışdır. Təlimin
sonunda hər bir müəllimin bacarıqları fərdi şəkildə
qiymətləndirilmiş və müvafiq tövsiyələri də əks etdirən
nəticələr təlim iştirakçılarına təqdim edilmişdir.
Müəllimlərə beynəlxalq səviyyəli sertifikatlar təqdim
edilmişdir.
Eyni zamanda müəllimlər Kanterberi şəhərinin bir sıra
məktəblərində (Canterbury Language School, Canterbury
HighAcademy) ingilis dili dərslərini müşahidə etmiş və
təlimçilərlə birlikdə geniş müzakirələr aparmışlar.
Nəzərdə tutulduğu kimi, hər bir müəllim təlim səfəri ilə
bağlı hesabat hazırlamış, təlimdə əldə etdikləri bilik
və bacarıqların fəaliyyətlərində tətbiqi ilə bağlı
rəylərini bildirmişlər:
Cəmilə Mahmudova:
Biz təlim zamanı çox aktiv işləyir, verilən tapşırıqları
qruplar, cütlər və ya fərdi şəkildə yerinə yetirirdik.
Təlimçilərlə birlikdə məktəbdə dərsləri müşahidə etdik.
Muşahidə etdiyimiz dərslərdə tətbiq edilən təlim
texnologiyaları mənim üçün çox maraqlı oldu. Təlimdə
əldə etdiyim bilik və bacarıqları, innovasiyaları öz
fəaliyyətimdə tətbiq etmək və həmkarlarım üçün nümunəvi
dərs təşkil etmək üçün hazırlaşıram. Öyrəndiyim
bilikləri digər ingilis dili müəllimləri ilə paylaşmaq
üçün məktəbimizdə kiçik bir kurs da təşkil etməyi
planlaşdırıram.
Arzu
Məmmədova:
Təlim zamanı dilin tədrisində müasir texnologiyalardan
istifadə, kommunikativ bacarıqların inkişafı sahəsində
təcrübə əldə etdim. Eyni zamanda Londonun tarixi
yerləri, Kanterberi və Kembric universitetləri ilə
tanışlıq məndə böyük təəssürat yaratdı. Çəkdiyim
şəkillərdən, videolardan əyani vəsait kimi istifadə edə
biləcəyəm, yeni qazandığım bilikləri müəllim
yoldaşlarımla bölüşəcəyəm. Təlim zamanı öyrəndiklərimi
dərslərimdə tətbiq etməyə və tədrisin keyfiyyətini
yüksəltməyə çalışacağam.
Aygün İsmayıl:
Qeyd etmək istəyirəm ki, bu səfər biz müəllimlər üçün
çox faydalı oldu. İndiyədək öyrəndiklərimizi bir daha
nəzərdən keçirdik, yeni biliklər əldə etdik, tədrisdə
yeni yanaşmalarla tanış olduq. Dərsdə yeni üsulların
tətbiqi məsələlərini öyrəndim. Müxtəlif iş formalarını
öyrənmək məqsədilə keçirilən müzakirələr təcrübəmizin
zənginləşməsində böyük rol oynadı. Təlim bir-birindən
maraqlı tapşırıqlardan istifadə etməklə müxtəlif
formalarda aparılırdı. İndi mən öyrəndiklərimi bölüşməyə
və tətbiq etməyə hazıram.
Çinarə İbrahimova:
Biz dərslərin səmərəli təşkili və planlaşdırılması, oxu
bacarıqlarının inkişafı, oxu zamanı yeni strategiya və
texnikalardan istifadə, debatların, dialoqların təşkili,
sərbəst mövzularda ünsiyyətin qurulması, inkişaf
səviyyələrinə uyğun tədris materiallarının seçilməsi
üzrə bacarıqlar əldə etdik. Mən bu təlimdən əldə etdiyim
bilik və materiallardan istifadə edərək dərslərimin daha
maraqlı və yaddaqalan olması üçün çalışacağam. Eyni
zamanda "açıq dərs"lər təşkil edərək müəllim
həmkarlarıma yeni təlim üsullarını nümayiş etdirəcəyəm.
Əldə etdiyim bilik və təcrübəni Bakı şəhəri 132-134
nömrəli təhsil kompleksindən olan həmkarlarım, daha
sonra isə digər məktəblərdəki ingilis dili müəllimləri
ilə bölüşməyi düşünürəm.
Mehriban Eyubova:
Biz hər gün müxtəlif mövzularda praktik tapşırıqlar
yerinə yetirirdik. Bu təlim həm universitetin
müəllimləri tərəfindən təqdim olunan yeni yanaşmalar,
həm də müəllim həmkarlarımla təcrübə mübadiləsi
baxımından mənim üçün çox dəyərli oldu. Təlim
iştirakçısı olaraq bilik və bacarıqlarımı xeyli
zənginləşdirdim. Əldə etdiyim bacarıqları mütləq öz
rayonumuzun məktəblərinin müəllimləri ilə paylaşacağam,
qazandığım kompetensiyaları məktəbimizin müəllimlərinə
aşılamaq üçün seminar təşkil edəcəyəm.
Naira Kərimova:
Təlim çərçivəsində məktəblərdən birində yerli
müəllimlərin dərslərini izlədik. Müxtəlif dildə danışan
tələbələrin ingilis dilini necə öyrəndiklərinin şahidi
olduq. Hər birimiz ayrı-ayrı dərsləri müşahidə etdik və
sonra birlikdə müşahidələrimizi bölüşdük. Təlim prosesi
çox maraqlı keçdi. Səfər zamanı biz Boyük Britaniyanın
Kanterberi, London və Kembric şəhərlərinin tarixi
yerləri ilə tanış olduq. Çoxlu video və şəkil
materialları topladıq. Topladığımız materiallardan
dərslərimdə əyani vəsait kimi istifadə edəcəyəm. Təlim
zamanı əldə etdiyim təcrübəni məktəbimizin ingilis dili
müəllimlərinə öyrətmək üçün seminar təşkil etməyi
nəzərdə tuturam.
Nərmin Əhmədova:
Təlim zamanı müxtəlif səviyyəli şagirdlərlə iş, sinfin
idarə olunması, yazı, oxu, dinləmə və danışıq
vərdişlərinin inkişafı sahəsində zəruri bacarıqlara
yiyələndim. Ən əhəmiyyətli cəhətlərdən biri o oldu ki,
biz xarici dilin tədrisi ilə bağlı suallarımıza ətraflı
cavablar aldıq, təlimçilərlə geniş müzakirələr apardıq,
qruplarda işləməklə praktik kompetensiyalar əldə etdik,
təlimdə informasiya texnologiyalarından istifadə
təcrübəsi ilə tanış olduq. Əldə etdiyim bütün bilik və
bacarıqları öz müəllim yoldaşlarımla bölüşəcəyəm və
tədrisin təşkilində istifadə edəcəyəm.
Təranə Səmədzadə:
Təlimçilərin təqdim etdiyi praktik çalışmalar danışıq
vərdişlərini, ünsiyyətqurma bacarıqlarını inkişaf
etdirmək baxımından çox maraqlı idi. Belə bir təlimdə
iştirak etmək mənə təcrübə mübadiləsi imkanı verdi.
Təlim səfərində öyrəndiyim yenilikləri dərs dediyim
siniflərdə tətbiq edəcək, müəllimlər üçün təlimlər
təşkil edib öyrəndiklərimi onlarla bölüşəcəyəm. İnanıram
ki, bu təlimin mənim bir pedaqoq və metodist kimi
formalaşmağımda böyük rolu olacaq.
Vüsalə Rzayeva:
Düşünürəm ki, belə təlimlərin təşkili müəllimlərin
inkişafı üçün çox vacibdir. Yeni metodlarla tanışlıq
dərslərin daha da keyfiyyətli olmasına çox kömək edir.
Hər bir müəllim əldə etdiyi yeni bilikləri digər
müəllimlərlə bölüşməklə peşəkarlıq səviyyəsinin
artırılmasına öz töhfəsini vermiş olur. Bunu nəzərə
alaraq mən məktəbimizdə keçiriləcək növbəti pedaqoji
şurada keçdiyim təlimlə bağlı məlumat verəcəyəm.
Fərhad Məmmədov:
Təlim kursunun məqsədi müəllimlərə yeni təlim metodları,
İKT-dən istifadə bacarıqları və təhsildə yeni yanaşmalar
barədə məlumat verməkdən ibarət idi. Təlim müddətində
dərsin müasir tələblərə uyğun planlaşdırılması, yeni
təlim strategiyalarından istifadə sahəsində zəruri
biliklər əldə etdik. Həmçinin Britaniya mədəniyyəti ilə
yaxından tanış olduq. Təlim kursu ərzində əldə etdiyim
bilik və bacarıqları müəllim yoldaşlarımla bölüşməklə
təlimin daha səmərəli qurulmasına şərait yaradacağam.
Təlimçi kimi də müəllim həmkarlarımın peşəkar inkişafına
öz töhfəmi verməyi planlaşdırıram.
Təlim səfərinin özəl cəhətlərindən biri də hər bir
müəllimin ingilis ailələrində qalması, həmin ailələrdə
onlar üçün şəraitin təmin edilməsi, ingilis dili
daşıyıcıları ilə birbaşa ünsiyyət imkanlarının
yaradılması olmuşdur. Müəllimlər bir həftə müddətində
ingilis ailələlərində yaşamaqla həmin xalqın
adət-ənənəsi və mədəniyyəti ilə tanış olmuş, eyni
zamanda qaldıqları ailələrə Azərbaycan mədəniyyəti və
milli dəyərləri barədə geniş məlumatlar vermişlər.
Bütün iştirakçı müəllimlər təlimdən əhəmiyyətli dərəcədə
faydalandıqlarını bildirmiş, belə bir imkanın
yaradılmasına görə Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə və Britaniya Şurasının Azərbaycan
nümayəndəliyinə minnətdarlıqlarını bildirmişlər.
Səfər çərçivəsində Kanterberi Universitetinin rektoru,
professor Rama Tirunamahandranla görüş keçirilmiş,
müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafı üzrə
müzakirələr aparılmışdır. |