Martın
23-25-də Latviyanın paytaxtı Riqada Ali Təhsildə
Keyfiyyətin Təminatı üzrə Avropa Reyestri (EQAR)
təşkilatının Baş Assambleyası keçirilib. Baş
Assambleyada Azərbaycan Respublikasının bu beynəlxalq
təşkilata üzvlük məsələsi də müzakirə olunub. Avropa
Şurasının, Avropa Komissiyasının və Bolonya üzv ölkələri
katibliyinin nümayəndələrinin də iştirak etdiyi
səsvermədə Azərbaycan Respublikası yekdilliklə EQAR-ın
üzvü seçilib.
EQAR Bolonya üzv ölkələrin mandatı ilə E4 deyilən
təşkilatların - Ali təhsildə keyfiyyətin təminatı üzrə
Avropa Assosiasiyasının (ENQA), Avropa Universitetlər
Assosiasiyasının (EUA), Ali təhsil müəssisələrinin
Avropa Assosiasiyası (EURASHE) və Avropa Tələbələr
Birliyinin (ESU) təşəbbüsü əsasında ali təhsildə
keyfiyyətə nəzarət üçün yaradılmış ilk rəsmi qurumdur.
Ümumilikdə 36 ölkə EQAR-ın üzvdür.
EQAR-ın Baş Assambleyasının iclasında Təhsil Nazirliyini
Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin
Lisenziyalaşdırma və akkreditasiya sektorunun baş
məsləhətçisi Əfqan Abdullayev təmsil edib. O, Baş
Assambleyadakı çıxışında son illərdə respublikamızda
təhsil sahəsində görülən işlərdən, bu sahədə qəbul
olunmuş qərarlardan Assambleya iştirakçılarına geniş
məlumat verib.
EQAR-ın prezidenti Andreas Orfanides Azərbaycanın
sürətli inkişafından, təhsil sahəsində aparılan
islahatlardan danışıb və bu il Birinci Avropa
Oyunlarının da məhz Azərbaycanda keçirilməsinin böyük
əhəmiyyət kəsb etdiyini söyləyib. Sonra Azərbaycan
haqqında 5 dəqiqəlik videotəqdimat da Assambleya
iştirakçılarına nümayış etdirilib. |