Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

Yeni imkanlar üçün stimul verməliyik

 

Təhsil naziri Mikayıl Cabbarovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsi binasının əsaslı təmirdən sonra açılış mərasimindəki çıxışı 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin həyatında ulu öndərimiz Heydər Əliyevin xüsusi rolu var. Ümummilli lider tərəfindən 1975-ci ildə yaradılan bu universitetin rektorluğu da, səhv etmirəmsə, bu binada yerləşirdi. Belə bir binanın qorunub saxlanılmasına, gələcək nəsillərimizin, gələcəyin memarlarının hazırlanmasına töhfə vermək, düşünürəm ki, hər birimiz üçün böyük bir şərəfdir.

Həqiqətən, təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsi, XXI əsrə uyğun tədris metodlarının təhsilin məzmununa tətbiqi və təhsil mühitinə gətirilməsi qarşımızda duran ən böyük vəzifələrdən biridir. Son illərdə cənab Prezidentin rəhbərliyi ilə bu istiqamətdə böyük işlər həyata keçirilib. Hər birimiz bilirik ki, minlərlə yeni ümumtəhsil məktəbləri tikilib. Bir çox ali təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi sahəsində işlər gedir. Amma  hər birimiz çox yaxşı başa düşürük ki, ali təhsilin və ümumiyyətlə təhsilin keyfiyyəti yalnız maddi-texniki bazanın gücləndirilməsi ilə kifayətlənə bilməz. Bu zəruri, lakin kifayət etməyən bir şərtdir.

İnsanı mühit formalaşdırır və bu nöqteyi-nəzərdən bu gün Azərbaycanda hər bir texnologiyanın, hər bir təcrübənin ən yüksək standarta uyğun müasir, dünyanın hər bir yerində tətbiq olunan formasından yararlanırıq. Təbii olaraq bu mühitin, şəraitin yaradılması zəruri addımdır. Lakin bizim qarşımızda duran vəzifə və çağırışlar bundan daha genişdir. Ümid edirəm siz də razılaşarsınız ki, bunun həm obyektiv, həm  də subyektiv səbəbləri var.

 Təhsildə təbii sıçrayış olmur, inkişaf vektorları olur 

Təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədində həm təhsilverənlər, həm təhsilalanlar qarşısında qoyulan məqsəd və vəzifələr, eləcə də  bu kimi digər amillər öz əksini tapıb.

Müasir universitet dedikdə, fikrimcə, ilk növbədə standartı müəyyənləşdirməliyik ki, biz nəyi nəzərdə tuturuq. Təbii olaraq ən yaxşı təcrübələrə diqqət yetirilməli, eyni zamanda ənənələrə əsaslanmalıyıq. Qarşımızda duran çağırışları, mövcud imkanlarımızı nəzərə alaraq, resurslarımızı ona uyğunlaşdırmalıyıq. Onlardan ən optimal şəkildə istifadə etməklə ən yüksək nəticələrə çatmağı təmin etməliyik.

Təhsildə təbii sıçrayış olmur, inkişaf vektorları olur. Bu nöqteyi-nəzərdən Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonrakı müddətə nəzər saldıqda görürük ki, ali təhsil sistemi qarşısında çox böyük, müxtəlif xarakterli çağırışlar olub. İlk növbədə, bu, sosial-iqtisadi kontekstin dəyişməsidir. Bir sözlə desək, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan münasibətlərdə ali təhsil sisteminin, konkret olaraq universitetlərin rolunun necə dəyişməsidir. İstər-istəməz bu bizə çox böyük təsir göstərib. Bu təsirin həm müsbət, eyni zamanda mənfi tərəfləri olub. 

Kadr potensialının qorunmasına diqqət artırılmalıdır 

Bilirik ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bir çox səbəblərdən ali təhsil müəssisələrimizdən, ümumilikdə, təhsil sistemimizdən kifayət qədər alimlərimiz, müəllimlərimiz xarici ölkələrin ali təhsil müəssisələrinə dəvət olunub. Məsələn, Azərbaycan Memarlıq və İnşaat Universitetinin yetişdirməsi olan xeyli sayda alimlərin qonşu ölkələrin ali təhsil müəssisələrinin gücləndirilməsində, deyərdim ki, yaradılmasında böyük rolu olub.

Sevindirici haldır ki, bu gün onların bəziləri Vətənə qayıdır, belə ki, Azərbaycanın bir çox ali təhsil müəssisəsində bunun üçün lazım olan şərait yaradılıb. Amma eyni zamanda, onu da qəbul etməliyik ki, belə bir axın istər-istəməz ali təhsil sistemində çalışan müəllimlərimizin ümumi səviyyəsinə, təhsilimizin keyfiyyətinə təsirsiz ötüşməyib.

Digər tərəfdən, yeni sosial-iqtisadi şərtlərin tələblərindən irəli gələrək, bir çox yaradıcı, yüksək potensiala malik olan insanlar öz karyeralarını sonradan təhsil sistemindən kənarda  qurmaq qərarını verirlər. Onların arasından  uğurlu iş adamları, ictimai xadimlər çıxır ki, bu şəxslər də digər fəaliyyət növləri ilə məşğul olurlar. İstər-istəməz bu da təhsil sisteminə öz təsirini göstərir. 

Ali təhsilin kütləviləşməsi fenomeni obyektiv amildir 

Dünyada baş verən və müşahidə etdiyimiz trend - ali təhsilin kütləviləşməsi fenomeni obyektiv bir amildir. Çox yaxşı bilirsiniz ki, ali təhsillə əhatə olunan insanların sayı bəşəriyyətin tarixində heç zaman bu qədər çox olmayıb. Digər tərəfdən, biz kəmiyyət - keyfiyyət məsələsinə diqqət yetirəndə, təbii olaraq başa düşürük ki, əgər 30 il bundan əvvəl 100 məktəb məzununun şərti olaraq 15-i, 18-i tələbə adını qazanırdısa, bu gün 100 məzunun artıq 40-a yaxını tələbə olur. İstər-istəməz ali təhsilin kütləviləşməsi prosesi təhsilalanların keyfiyyətinə, bilik və bacarığına da təsir göstərir. Əgər bu analogiyanı nəzərə alsaq, ali təhsil müəssisələri əldə etdiyi xammala müəyyən təsir etmək gücündə olmalıdır. Həmin xammalın keyfiyyəti də sözsüz ki, son məhsulun, yəni ali təhsil müəssisəsinin məzununun keyfiyyətinə təsir göstərir.

Bu gün qarşımızda duran ən böyük çağırış ondan ibarətdir ki, müasir universitet, ali təhsil müəssisəsi hansı prinsiplərə uyğun olaraq öz işini qurmalıdır? Tədris texnologiyalarından elə istifadə etməlidir ki, məzununun keyfiyyətini, universitetin fəaliyyətinin istiqamətlərini bugünkü obyektiv və subyektiv tələblərə uyğunlaşdırsın. Fikrimcə, bizim qarşımızda duran ən böyük məsələlərdən biri budur. Biz yeni reallığı, ilk növbədə tanımalı, qəbul etməli, ona uyğunlaşmalı və fəaliyyətimizi optimallaşdırmalıyıq.

 Əmək bazarının tələbləri nəzərə alınmalıdır 

Son illər ərzində Azərbaycanın yeni sosial-iqtisadi reallığına uyğun ali təhsil müəssisələri qarşısında duran yeni məqsəd, vəzifə və çağırış - əmək bazarının tələblərini nəzərə almaq məsələni ortaya çıxarıb. Gəlin bunu qəbul edək ki, planlı iqtisadiyyat, inzibati idarəetmə sistemində təhsil müəssisəsinin işi məzunun əmək bazarına buraxılması və ondan sonra təyinat vermək olub. Başqa sözlə, ali təhsil müəssisəsinin birbaşa məsuliyyəti ondan ibarət olmayıb ki, məzunu əmək bazarında necə fəaliyyət göstərir və ya neçə faiz məzununun işlə təmin olunmasına nəzarət etsin. Bu tamamilə başqa qurum və qurumların məsuliyyətindən asılı olub. Bu, yeni bir çağırışdır və təbii olaraq, bir gün, bir il ərzində bu çağırışa uyğunlaşmaq çətindir. Əmək bazarında fəaliyyət göstərən işəgötürənlər bir çox hallarda öz tələblərinin formalaşdırılmamasından əziyyət çəkir. Onlar standartların işlənib hazırlanmasında istədiyimiz qədər fəal iştirak etmir.

Amma eyni zamanda, bu çağırış ali təhsil müəssisəsi qarşısında durur. Burada karyera mərkəzlərinin, istər birbaşa, istərsə də ali təhsil müəssisəsi ilə işəgötürən arasında olan əlaqələrə, başqa sözlə, deyərdim ki, praktiki təhsilin və tədris prosesinin nəzəriyyəyə əlavə olaraq müvafiq aspektlərinə də diqqət yetirməsi çox mühümdür. Bütün bu kontekstdə ali təhsil müəssisələrində iki ən böyük, həlledici islahat kursunun eyni zamanda aparılması vacibdir. Bunu deyərkən, Bolonya prosesinin tətbiqinə işarə edirəm. Digər tərəfdən, dövlətlə universitetlər arasında olan münasibətlərə yeni müstəvidə baxılmasını nəzərdə tuturam. Bu gün dövlətlə universitetin iqtisadi münasibəti yalnız və yalnız təhsil haqqının ödənilməsi ilə məhdudlaşır.

Bu bir reallıqdır. Beş il bundan əvvəl başlanılan və özündə bir çox düzgün, proqressiv elementəri olan bir islahat və yeni çağırışdır. 

İdarəetmənin keyfiyyəti üçün birgə çalışmalıyıq 

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisəsinin istər maddi-texniki bazasının gücləndirilməsinə, istər elmi-tədqiqat işlərinin maliyyələşdirilməsinə vəsait ayrılması üçün mövcud çərçivəyə yenidən baxılmalıdır.Mövcud çərçivəyə əsasən, bizim universitetlərlə yalnız və yalnız münasibətlərimiz dövlət sifarişi ilə oxuyan tələbələrin təhsil haqlarının ödənilməsi ilə məhdudlaşır. Bu, universitetlər qarşısında yeni maliyyə mənbələrinin əldə edilməsi, elmi potensialdan universitet üçün müvafiq gəlir mənbələrinin cəlb olunması baxımından yeni çağırışlar qoyur. Bunu da qəbul etməliyik ki, əgər universitet müəlliminin çalışdığı ali təhsil müəssisəsində maddi təminatı istənilən səviyyədə olmadığı təqdirdə biz  yenə də bu beyin axını ilə, müəllimlərin digər sahələrə getməsi ilə qarşılaşacağıq. Və yaxud müəllim ən yaxşı halda, ali təhsil müəssisəsini əsas iş yeri kimi deyil, belə demək olarsa, əlavə iş yeri kimi qəbul edəcək. İstər-istəməz bunun da fəsadları müxtəlif formada özünü göstərəcəkdir. O cümlədən mənfi fəsadları da çox olacaqdır.

Bu gün bir zərurəti qəbul etməliyik ki, universitetlərin idarəetmə keyfiyyətinin artırılması üçün birlikdə çalışmalıyıq. Bu yalnız və yalnız universitet rəhbərinin və yaxud rəhbərliyinin işi deyil. Düşünürəm ki, bu universitetdə fəaliyyət göstərən hər kəsin, ilk növbədə, kafedra müdirlərinin, bütövlükdə burada çalışan müəllim və professorların işidir. Bu kontekstdə müasir universitet məfhumuna qayıdaraq, universitet idarəetməsinin korporativləşməsi sözünü istifadə edərdim. Daxili idarəetmə sistemində, müstəqilliyin artırılmasında kafedraların mühüm rolu istər elmi-tədqiqat, istər təhsilin məzmunu, istərsə də akademik proqramlara diqqət baxımından daha kritik yanaşma tələb edir.

Buna dair Bolonya prosesinin tətbiqindən irəli gələn bir misal çəkmək istəyirəm. Siz bu mövzunu çox yaxşı bilirsiniz. Əmrlə Bolonya prosesi  və  ya  hansısa akademik proqram tətbiq oluna bilməz. Bu yalnız və yalnız gündəlik iş fəaliyyətinin təkmilləşdirilməsi hesabına aparıla bilər. Bolonya prosesinə keçid təmin olunanda biz təhlil aparıb gördük ki, əksər ali təhsil müəssisələri 5 illik akademik tədris proqramını 4 ilə sıxışdırıb. Bununla da hesab ediblər ki, Bolonya prosesi bizdən bunu tələb edir.

Ancaq Bolonya prosesinin tələbi odur ki, 5 il ərzində verdiyimiz akademik proqramı 4 il müddətində tədris etməliyik. Məlum olduğu kimi, bu yay bir çox akademik ixtisaslar üzrə dərs yükünü  azaltmışıq. Bunu niyə və hansı səbəblərə görə etmişik? Belə ki, müqayisə aparanda  gördük ki, bütün ixtisaslar üzrə ölkəmizin ali təhsil müəssisələrində akademik yük, eyni ixtisaslar üzrə  digər ölkələrin ali təhsil müəssisələrindəki akademik yükdən  təxminən 30 faiz daha çoxdur.

Bu, öz növbəsində nə deməkdir? Tələbənin semestr ərzində və ya akademik il ərzində mənimsəmə imkanı, təbii olaraq  tədris yükünün  həcminə bağlıdır. Ona görə də, ilk növbədə, bir çərçivə müəyyənləşdirməliyik. Yaxşı başa düşürük ki, bu yükün mənimsənilməsi ilə bağlı ya ixtisasların sayının artırılması, ya da dərinləşdirilməsi variantını qəbul etməliyik.

Bugünkü reallıq ondan ibarətdir ki, bütün ixtisaslar və sahələr üzrə biz bunu müşahidə edirik. Bir sahənin dərinləşməsi ilə həmin ixtisaslı mütəxəssislərə əmək bazarında tələbat daha çox  olur.

İqtisadi aspekt ondan ibarətdir ki, istər dövlət sifarişi əsasında, istər tələbə tərəfindən universitetə ödənilən təhsil haqqı - bu ali məktəbə bir il kömək edir. Bu, bir il üzrə akademik saatlara görə müəllimlərə ödədiyiniz əməkhaqqına birbaşa təsir edir. Çünki siz faktiki olaraq öz müəllimlərinizə akademik saata görə əməkhaqqı ödəyirsiniz. Başqa sözlə, siz eyni məbləğə görə əlavə akademik yük götürürsünüz. Verdiyiniz xidmətə görə şərti olaraq, ildə 2 min manat pul alırsınız. Amma Türkiyə, Çexiya, Fransadakı ali təhsil müəssisələri ilə müqayisədə 30 faiz daha çox akademik yük tədris edirsiniz.

Bütün bu misalları ona görə gətirirəm ki, bunlar bir-biri ilə bağlıdır. Qeyd olunan mövzularda bir qayda olaraq, ağıllı və qəti qərarlar tələb olunur ki, bu da müzakirə olunmalıdır. Lazımsız  fənlər ilə yüklənmə, ixtisas proqramlarının süni şəkildə mürəkkəbləşməsinə gətirib çıxarır. Bu  vacib məsələlər birgə  müzakirə edilməlidir. 

Bir çox hallarda hamı sehrli açar axtarır 

Biz bir çox hallarda onu müşahidə edirik ki, hamı sehrli açar axtarır. Hamı bir səbəb axtarır ki, biz o bir səbəbi tapaq, onu aradan qaldıraq, bundan sonra hər şey çox gözəl olacaqdır.

Məsələn, Memarlıq və İnşaat Universitetində öz ixtisası üzrə çalışan müəllim yaxşı bilir ki,  istənilən inşaat  layihəsində bir sehrli açar olmur. Belə layihələrdə konstruktiv hissə düzgün layihələndirilməsə, düzgün hesablanmasa, istənilən bər-bəzəyin heç bir mənası yoxdur. Çünki onun ömrü uzun ola bilməz və ya əksinə, bünövrənin dayanıqlı olması üçün çox gözəl işlər həyata keçirilə bilər, amma o binadan faydalı istifadə olunmasa, dəyəri də azalar.

Bununla onu demək istəyirəm ki, ali təhsil sistemində həmin o sehrli açarın axtarışında olmayaq. Hərəmiz öz sahəmizdə kiçik görünə bilən, amma əslində,  keyfiyyətə böyük təsir göstərə bilən işimizin təkmilləşdirilməsinə çalışaq.

O ali təhsil müəssisələrində, kollektivlərdə, bu istəyi, bu mürəkkəb qərarların qəbul olunmasındakı iradəni görəcəyik, o zaman müvafiq dəstək də veriləcəkdir. Mürəkkəb qərarlar dedikdə, biz heç bir şəkildə ədalətsizlik, kütləvi ixtisarları nəzərdə tutmuruq. Əsla, bizim nəzərdə tutduğumuz odur ki, daha düzgün, optimal modellər axtarılmalıdır. Özünüz hazırladığınız mütəxəssislərə, magistrantlara daha çox diqqət yetirməlisiniz.  

İstedadların yetişdirilməsi mühüm amildir 

Əgər hamımız qəbul ediriksə, bir tərəfdən, beyin axınına görə keyfiyyətdə itirmişik, digər tərəfdən başqa sahələrlə müqayisədə ən əlverişli vəziyyətdəyik. Belə ki, ölkənin bütün insan resursları təhsil sistemindən keçir. Siz özünüz üçün mütəxəssisi, sabahın alimini, professorunu yetişdirmək imkanına maliksiniz. Əgər bunu öz ali təhsil müəssisəniz üçün etməsəniz, hesab etmirəm ki, başqasından bunu gözləmək düzgün və müdrik yanaşmadır.

Çağırışım bundan ibarətdir. Bilirəm ki, AMİU-nun nəzdində həm kollec, həm də fizika-riyaziyyat təmayüllü ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. İstedadların axtarılıb tapılması, yetişdirilməsi, düşünürəm ki, universitetin inkişafında mühüm amildir. Bu layihədə biz bunu gördük. Sevindirici haldır ki, bu binada görülən işlərin həyata keçirilməsində sizin universitetin ayrı-ayrı məzunları da iştirak ediblər. 

Tələbələrlə daha səmərəli işləyə bilərik 

Sonda cəmi iki məqama toxunacağam. Onlardan birincisi, tələbələrlə iş, ikincisi, ümumi işin təşkilidir.

Səmimi olaraq inanıram ki, biz tələbələrlə ali təhsil sistemində daha faydalı və daha fəal işləyə bilərik. Bunun üçün yeni alətlərin axtarışında olmalıyıq. Düşünürəm ki, tələbələrlə işdə, xüsusilə tərbiyə işində, onların asudə vaxtlarının təşkilində, vətəndaş kimi formalaşmasında ali təhsil sisteminin rolu əvəzsizdir. Bizə elə gələ bilər ki, bu işin qurulması digər dövrlərlə müqayisədə xeyli çətinləşib. Belə ki, əvvəlki dövrlərə nisbətən hər bir kəs, eləcə də tələbələr üçün vaxt amilində rəqabət sərtləşib. Vaxt, belə demək olarsa, sıxılıb və azalıb. Bu həqiqətən də belədir. Həqiqət ondan ibarətdir ki, yəqin ki, bizdən əvvəlki nəsil də belə düşünüb və bizdən sonrakı nəsil də eyni cür düşünəcək. Başqa sözlə, bu işin təşkil olunması həm mümkün, həm də vacibdir.

Fikrimcə, bu istiqamətdə bir çox təcrübələrə baxa bilərik. Belə ki, universitetlərdə maraqlar üzrə istiqamətlərin inkişaf etdirilməsi mühümdür.

Bilirsiniz ki, akademik proqramların məzmununa baxanda ali təhsil proqramlarından bədən tərbiyəsini çıxarmışıq. Bu məsələ ilə bağlı mənim ilk həftədə qarşılaşdığım suallar ondan ibarət idi ki, həqiqətən biz düşünürük ki, bədən tərbiyəsi əhəmiyyətli deyil? Əslində, tam əksinə. Biz hesab edirik ki, bu o qədər əhəmiyyətlidir ki, ali təhsil sistemi və  bütövlükdə  təhsil sistemi olaraq, onun real inkişafı və  dəstəklənməsi üçün yeni alətlər verməyə hazırıq və bunu istəyirik. Lakin çox məhdud müddət ərzində yaxşı hüquqşünas, memar və ya maliyyəçi olmaq üçün bədən tərbiyəsinin əhəmiyyətini tam görmürük. Biz nəyi görürük? Düşünürük ki, tələbələrin bir qismi futbolla, digər qismi güləşlə maraqlana bilər. Digər qismi isə müxtəlif səbəblərə görə  oxu klublarından daha çox zövq ala bilər. Ümumtəhsil məktəblərində məktəbdənkənar iş və ali təhsilə gəldikdə ekstra kurikulum fəaliyyəti  bizə yeni istiqamətlərin aşkarlanması və burada dediyim kimi, müvafiq təcrübələrdən yararlanmaqda kömək etməlidir. Bu istiqaməti nəyə görə çox mühüm və zəruri hesab edirəm? Bizim missiyamız peşəkarın formalaşdırılması ilə məhdudlaşa bilməz. Siz vətəndaş formalaşdırmalısınız. Bu divarların əhatəsindən  çıxan hər bir peşəkar və mütəxəssis, ilk növbədə, Azərbaycanın vətəndaşı kimi formalaşmalıdır. Bu istiqamətdə olan fəaliyyətin dəstəklənməsi üçün lazım olan təklifləri qəbul etməyə hazırıq. 

Qarşılıqlı maraq prinsiplərini tapmalıyıq

 Haqqında danışacağım digər məsələ elmi fəaliyyət  prinsiplərinin yenidən dəyərləndirilməsi və təkmilləşdirilməsi barəsindədir. Bu məsələyə keçməmişdən öncə bir məqamı da  qeyd etmək istəyirəm ki, biz bu gün yeni münasibətlərin təbiətindən danışmalıyıq. Başqa sözlə, bunu tədris prosesinə və elmi fəaliyyətə də aid edəcəyəm. Biz əmr verməkdən daha çox qarşılıqlı maraq münasibətlərinin formalaşmasına keçməliyik. Yenə də onu qeyd etmək istəyirəm ki, dünən bizim tətbiq etdiyimiz sistem, şərti olaraq təyinat sistemi, bugünkü sosial-iqtisadi reallıqla uzlaşmır.

Bunu bir misalla izah etmək istəyirəm. Siz bilirsiniz ki, Azərbaycanda Xaricdə təhsil üzrə Dövlət Proqramı həyata keçirilir. Bu, həqiqətən, çox nadir bir proqramdır. Çünki bu proqram həm təhsil haqqını, həm də tələbənin xaricdə yaşayış xərclərinin ödənilməsini təmin edir. Proqram üzrə ən istedadlı tələbələrimiz xaricə təhsil almağa göndərilir. Müasir dövrdə biz onlardan tələb edə bilmərik ki, məsələn, Kolumbiya Universitetinin məzunu onun üçün maraqlı olmayan sahədə çalışsın. Əgər biz həmin o məzun üçün burada normal mühiti, elmi tədqiqatların aparılması üçün şəraiti, səmərəli işəgötürən-işçi münasibətini təmin edə bilməsək, rəqabətdə uduzacağıq.

Ali təhsil bazarında qloballaşma çox yüksək sürətlə gedir. Əgər dünən ən yaxşı müəllimlərimiz xaricə çalışmağa gedirdisə, bu gün isə ən yaxşı tələbələrimiz dünyanın aparıcı universitetlərinə təhsil almağa göndərilir. Onlar yalnız dövlət proqramı ilə getmir, öz hesabına da gedir. On ildən sonra bu rəqabət daha da artacaqdır. Ona görə düşünürəm ki, qarşılıqlı maraq prinsiplərini tapmalıyıq. Biz duymalıyıq ki, tələbə nədə maraqlıdır və bizdən nə istəyir və necə edək ki, onu həmin istiqamətə və dialoqa cəlb edə bilək.

Təbii olaraq, bu elmi işə də aiddir. Bu müzakirələri tez-tez Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti hörmətli Akif Əlizadə ilə, AMEA-dakı digər həmkarlarla, eləcə də ali təhsil müəssisələrinin müəllim və professorları ilə aparıram. Bir daha qeyd etmək istəyirəm ki, biz əmrlə elmi tədqiqatların təbiətini dəyişə bilmərik. Bu, illüziyadır. Səbəb olmalıdır ki, bütün nailiyyətləri əldə etmiş alim nəyə görə və hansı səbəbdən öz iş üsulunu, tədqiqat ənənəsini dəyişməlidir. Bizim bir  çoxumuz dəyişikliyi o qədər də asan qəbul etmirik. Bu, təbiidir.

Biz hər dəyişiklik üçün bir stimul verməliyik və onun axtarışında olmalıyıq. Alimə ilk növbədə öz üzərində, iş prinsiplərində, kafedrasının fəaliyyətində, elmi tədqiqatının aparılma üsulunda, impakt-faktorlu elmi jurnallarda məqalələrin dərc olunmasında  yeni imkanların tapılması üçün stimul verməliyik. Biz o stimulu alimə, elmə marağı olan insana, şəxsə təqdim edə bilmədiyimiz təqdirdə istənilən yuxarıdan verilən  əmrin nəticəsi olmayacaq. Azərbaycan elminin müasir elmə inteqrasiyası ilə bağlı əmrlər, sənədlər imzalaya bilərik, amma bunun həll yollarını tapa bilməsək effekti və faydalı  iş əmsalı çox aşağı olacaqdır.

Bu gün təhsil sistemində çalışmaq, yaratmaq, qurmaq öz-özlüyündə  bir  çağırışdır  və  siz  hər gün bu çağırışla fəaliyyətinizi qurursunuz.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov