Aprelin
1-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarov Strasburq Universitetinin prezidenti Alen
Beretzin rəhbərlik etdiyi Fransa ali təhsil
müəssisələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti
ilə görüşüb.
Qonaqları salamlayan təhsil naziri hər iki ölkənin
dövlət başçıları arasındakı yüksək səviyyəli
münasibətlərə uyğun olaraq günbəgün inkişaf edən
Azərbaycan-Fransa əlaqələrində təhsil sahəsinin xüsusi
rolunu nəzərə çatdırıb. Nazir ali təhsil müəssisələri
arasında əlaqələrin daha da genişləndirilməsinin müsbət
hal olduğunu bildirib, orta təhsil, tələbə və müəllim
mübadiləsi istiqamətlərində mövcud olan səmərəli
əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Ötən ilin noyabrında Parisə səfəri çərçivəsində
Strasburq Universitetinin prezidenti Alen Beretzlə
görüşünü xatırladan təhsil naziri cari ilin fevral
ayında Fransada keçirilmiş "Azərbaycan günü" tədbirinin
əhəmiyyətinə də diqqət çəkib. Nazir Azərbaycan və Fransa
ali təhsil müəssisələri arasında əməkdaşlığın
inkişafının vacib olduğunu söyləyib, ikili diplomların
tanınması və elmi-tədqiqat sahəsində qarşılıqlı
əlaqələrin genişləndirilməsinin zəruriliyinə diqqət
çəkib.
Strasburq Universitetinin prezidenti Alen Beretz belə
görüşlərin Fransa-Azərbaycan təhsil əlaqələrinin
inkişafı və birgə əməkdaşlığın daha səmərəli müstəviyə
qədəm qoyması baxımından rolunu qeyd edib.
Ölkəmizin ali təhsil müəssisələri rəhbərlərinin də
iştirak etdiyi görüşdə, həmçinin qarşılıqlı maraq
doğuran bir sıra digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
Qeyd edək ki, 1-3 aprel tarixlərində Azərbaycanda
səfərdə olan nümayəndə heyəti bir sıra aparıcı ali
təhsil müəssisələrində də olacaq və ikitərəfli təhsil
əlaqələrinin inkişafına dair müzakirələr aparacaqlar.
www.edu.gov.az
|