Aprelin
2-də Təhsil Nazirliyinin 5 nömrəli Bakı Peşə Liseyində
xidmət sahələrinə kadr hazırlığı layihələrinin təqdimat
mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov və nazirliyin
digər rəhbər şəxsləri, xidmət sektorunda fəaliyyət
göstərən sahibkarlar iştirak ediblər.
Layihələrin təqdimatı zamanı məlumat verilib ki, Təhsil
Nazirliyi ilə "Abşeron Hotel Group" MMC arasında
razılaşmaya əsasən, 5 nömrəli Bakı Peşə Liseyində
ekspertlər tərəfindən 430 şagirdə beynəlxalq
standartlara uyğun təlimlər keçiriləcək. Bu təlimlərin
məqsədi I Avropa Oyunlarının keçirilməsi ərəfəsində
Bakıda istifadəyə veriləcək yeni beş ulduzlu "Bulvar
Hotel" və "İnturist Hotel" mehmanxanaları üçün kadr
ehtiyatı yaratmaqdır.
Layihələrlə tanışlıq mərasimində çıxış edən təhsil
naziri Mikayıl Cabbarov peşə təhsili sahəsində belə
miqyasda təlim layihəsinin ilk dəfə həyata keçirildiyini
bildirib. Nazir bu layihənin turizm-xidmət sahəsinin
kadrlarla təmin olunmasına böyük töhfə verəcəyini
vurğulayıb. Təlimlərdən keçən gənclər Avropa Oyunları
ərəfəsində istifadəyə veriləcək mehmanxanalarda və "Absheron
Hotel Group" MMC-nin tərkibinə daxil olan digər
restoranlar şəbəkəsində işlə təmin olunmaq şansı
qazanacaqlar.
"Absheron Hotel Group" MMC-nin direktoru Mark Harald
Ehler çıxışında 2015-ci ilin iyununda keçiriləcək Avropa
Oyunları ilə əlaqədar ölkəmizə idmançılarla birgə
çoxsaylı qonaqların gələcəyini xatırladıb. Bunun üçün
xidmət sahələrinin beynəlxalq standartlara
uyğunlaşdırılması ilə yanaşı kadrların peşəkarlıq
səviyyəsinin artırılması da əsas məsələlərdəndir.
Rəsmi hissədən sonra qonaqlar liseydə layihə
çərçivəsində keçirilən təlim prosesini izləyiblər.
Daha sonra tədbir iştirakçıları "Müasir Azərbaycan
Peşəkarları" layihəsi çərçivəsində yeni yaradılmış
mühafizəçi kurslarının təlim otaqları, eləcə də hərbi
kabinet ilə tanış olub, "Eldar studio" şirkəti ilə birgə
tədris olunan bərbərlik ixtisası üzrə təlim prosesini
izləyiblər.
|