Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

Azərbaycanlı şagirdlər Barak Obamanı heyrətləndirdi

 

Festivalda şəxsən iştirak edən ABŞ prezidenti Barak Obama çıxışında azərbaycanlı şagirdlərin işini xüsusi vurğulayıb, onlara təşəkkür məktubu göndərib 

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"
s.kerimova@ muallim.edu.a
z
 

Son günlərin ən çox danışılan hadisəsi Avropa Azərbaycan Məktəbinin şagirdləri Tural Abdullanın və Fidan Abdullanın Amerikaya göndərdikləri filmin həmin ölkənin birinci şəxsi tərəfindən maraqla qarşılanması ilə bağlıdır. Belə ki, martın sonunda ABŞ-da Ağ evdə təşkil olunan şagirdlərin II film festivalında azərbaycanlı şagirdlər  prezident Barak Obamanın diqqətini özlərinə çəkməyi, onu öz istedadları ilə heyrətləndirməyi bacarıblar. Amerikanın müxtəlif ştatları ilə yanaşı dünyanın bir çox ölkələrinin məktəblilərinin də qoşulduğu "Cəmiyyətə qulluq və yardım" devizi altında keçirilən II film festivalında ilk dəfə olaraq Azərbaycandan  bu  iki məktəbli qatılıb. Təqdim etdikləri  qısametrajlı filmlə uğur qazanan məktəblilərimiz festivalın təşkilatçıları tərəfindən xüsusi fərmanla təltif edilib və  prezident Barak Obama onlara təşəkkür məktubu göndərib.

Festivalda şəxsən iştirak edən ABŞ prezidenti çıxışında azərbaycanlı məktəblilərin işini xüsusi vurğulayaraq bunları söyləyib: "Burada Azərbaycandan olan şagirdlər də var. Onların filmini seyr etdik. Çox maraqlı idi. Baxmayaraq ki, bu uşaqların yaşı azdır, amma ərsəyə gətirdikləri iş onların bacarıqlı olduqlarını göstərdi".

Ölkəmizi layiqincə təmsil etmiş balaca qəhrəmanlarımızla biz də görüşdük  və onların  bu filmi necə araya-ərsəyə gətirmələrini öz dillərindən eşitmək istədik.

Avropa Azərbaycan Məktəbinin 3-cü sinfində oxuyan Tural Abdulla festivala göndərdiyi filmi 2-ci sinifdə təhsil alan bacısı Fidanla birlikdə hazırlayıb. Tural özü bu haqda deyir: "Dərs ilinin əvvəlində məktəbin dram klubunda bizə ingiliscə qısametrajlı film hazırlamaq tapşırıldı. Hər bir şagird bir mövzu seçdi. Mən belə qərara gəldim ki, Amerika prezidenti Barak Obamanın məşhur "Yes we can"("Bəli, biz bunu bacarırıq") çıxışını səhnələşdirim. Bu çıxışı Barak Obama seçkilərdə qələbə qazandığı  zaman kütlə qarşısında söyləmişdi. Həmin çıxışın mahiyyəti belədir ki, qarşısına məqsəd qoyan və israrla çalışan hər bir kəs əvvəl-axır öz istəyinə çatır. Müəllimlərimin  köməyi ilə həmin çıxışı qısaldıb səhnələşdirdik və məktəbdə keçirilən Yeni il şənliyində tamaşaya qoyduq. Həmin ərəfədə valideynlərimdən öyrəndim ki,  Amerikada məktəblilərin qısametrajlı film festivalı keçiriləcək. Bacımla birlikdə həmin səhnəni telefona çəkərək valideynlərimin köməyi ilə festivala təqdim etdim. Film vasitəsi ilə ölkəmizi  Amerika məktəblilərinə tanıtmaq və Azərbaycanda yüksək təhsilə və istedada malik şagirdlərin  olduğunu göstərmək istəyirdim.

Sözün düzü, inanmırdıq ki, bu film ABŞ prezidenti Barak Obamanın xoşuna gələcək. Amma o, bizə hələ təşəkkür məktubu da göndərdi.  Bu mənə ilk dəfə deyilən zaman  həyəcanlandım. Elə bildim, atam mənimlə zarafat edir. Amma sonra bildim ki, doğrudan da ABŞ prezidenti filmimizi bəyənib və xüsusi fərmana layiq görülmüşük, bizə təşəkkür məktubu yazıb".

Avropa Azərbaycan Məktəbinin 2-ci sinfində təhsil alan Fidan Abdulla isə bu səhnəcikdə "Firs lady"  (ABŞ-ın birinci ledisinin) obrazını canlandırıb. Fidan: "Bu tamaşanı hazırlayan zaman qardaşım Turala kömək edirdim. Sonra həmin çıxışın videosuna bir neçə dəfə baxdıq və qərara gəldik ki, Turalla onu telefona çəkək. Düzü, mən də qardaşım kimi inanmırdım ki, filmimiz Barak Obamanın xoşuna gələr". 

Foto Rəşad RAMAZANOĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov