Böyük Britaniyanın tanınmış muzey eksperti, York
şəhərinin incəsənət departamentinin üzvü və York
İncəsənət Kollecinin direktoru Şirli Kollinin martın
9-dan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində ustad dərsləri keçirilir. Ustad dərsləri
layihəsi çərçivəsində muzey mütəxəssisi "Müasir muzey
mütəxəssislərinin hazırlanması: tədrisdə yeni məzmun və
formalar", "Təhsil və muzey işçilərinin akkreditasiyası:
məqsəd və vəzifələr (Böyük Britaniya təcrübəsi)"
mövzularında seminarlar, ustad dərsləri, nəzəri
məşqələlər keçir.
Qeyd edək ki, Şirli Kolli böyük iş təcrübəsi olan
peşəkar muzey ekspertidir. O, London Hərbi İmperiya
Muzeyinin direktor müavini vəzifəsində çalışıb. Şirli
Kolli həmçinin Milli Dəniz Muzeyi, Tate muzey, Kral
Hərbi Hava Qüvvələrinin muzeyində və Britaniya Kino
İnstitutunda müxtəlif vəzifələrdə işləyib.
Xatırladaq ki, ADMİU-da Ustad dərsləri layihəsi
2014-2015-ci tədris ilinin əvvəlindən start götürüb. Bu
layihə çərçivəsində dünyanın müxtəlif yerlərindən
tanınmış və təcrübəli mütəxəssislərin iştirakı ilə
incəsənət ixtisasları üzrə tədrisin keyfiyyətinin
yüksəldilməsi və müasirləşdirilməsi, yeni metodların,
qabaqcıl təcrübənin cəlb edilməsi məqsədi ilə "açıq
dərs"lər, mühazirələr, təqdimatlar, "dəyirmi masa"lar,
məşğələlər və "ustad dərsləri" keçirilir. |