Martın
7-də Bakıdakı 297 nömrəli tam orta məktəbdə narkomaniya
və onun açı nəticələri mövzuna həsr olunmuş "Ölümünü
sifariş edənlər" adlı tədbir keçirilib. Üçrəngli
Dövlət bayrağı səhnəyə gətirilib. Şagirdlərin ifasında
Dövlət himni səslənib.
Şagirdlərin hazırladıqları "Bədbəxtliyin açarı
narkomaniya" və "Susmuş vicdan" səhnəcikləri
göstərilib. Səhnələşdirilən tamaşalarda XXI əsrin ən
qlobal problemlərindən olan və milyonlarla insanın
həyatına son qoyan narkomaniyaya düçar olmuş insanların
aqibəti öz əksini tapıb.
Aparıcılar son illərdə narkotiklərin dövriyyədən
çıxarılması ilə bağlı həyata keçirilən tədbirlərdən,
narkomaniyanın statistikasında gəncləşmənin müşahidə
edildiyindən söz açıblar.
Zərərli vərdişlərin törətdiyi ağır bəlalardan danışan
məktəbin direktoru Fazil Məmmədov bildirib ki, problemin
qarşısının alınmasında maarifləndirmə işinin rolu
böyükdür.
Məktəbin şagirdləri yaşıdlarına müraciət ediblər.
Bildiriblər ki, böyüməkdə olan gənc nəsil iradəli və
möhkəm olmalıdır. Bu gün hər bir Azərbaycan məktəblisi
və gənci pis vərdişlərə meyil göstərməməlidir. Onlar
yüksək səviyyədə tərbiyə olunmalı və savadlı
yetişməlidirlər.
Şagirdlər vurğulayıblar ki, vətənimizin ermənilər kimi
olduqca hiyləgər düşmənləri var. O düşmənlər
torpaqlarımızın 20 faizdən çoxunu işğal ediblər. Bu gün
qarşımızda duran ən mühüm vəzifə vətənimizin ərazi
bütövlüyünü bərpa etməkdir.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |