Martın
11-də Sumqayıtda şəhər icra hakimiyyətinin təşəbbüsü
ilə "Azərbaycanın dövlətçilik tarixi" çərçivəsində
"Azərbaycan xanlıqlar dövründə" mövzusunda şagird
elmi-praktik konfransı keçirilib. Şəhərin Bayraq
meydanında Şəki, İrəvan, Quba, Gəncə, Lənkəran, Qarabağ
xanlıqlarına aid 6 çadır qurulmuşdu. Hər çadırın önündə
xanlıq haqqında məlumat verilmişdi. Sonra şəhər icra
hakimiyyəti binasının akt zalında konfrans öz işinə
başlamışdır.
Konfransı giriş sözü ilə tədbirin aparıcıları-texniki və
təbiət elmləri liseyinin IX sinif şagirdi Fidan
Məmmədova və X sinif şagirdi Elxan Əliyev açaraq
bildirmişlər ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin
təşəbbüsü ilə şəhər məktəblilərinin vətənpərvərlik
hisslərinin gücləndirilməsi, dövlətçilik tariximizin
daha dərindən öyrənilməsi, onlarda elmi-tədqiqat
vərdişlərinin formalaşdırılması məqsədilə müxtəlif
tədbirlər keçirilir. Bu məqsədlə dörd ildir ümummilli
lider Heydər Əliyevin doğum günü münasibətilə
məktəblilərin hərbi paradı, şəhər günü, kitab bayramı və
s. tədbirlər təşkil olunur. Ən başlıcası isə bu
tədbirlərin sistemli şəkildə hər il davam etdirilməsi,
artıq ənənə şəklini almasıdır. Bu, gənclərin
vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərməklə
yanaşı, ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanır.
Konfransa hazırlıq məsələlərindən danışan aparıcılar
qeyd etmişlər ki, şəhər təhsil şöbəsi, Sumqayıt Dövlət
Universitetinin əməkdaşları və şəhərin 10 qabaqcıl,
yaradıcı tarix müəlliminin daxil olduğu Təşkilat
Komitəsi tərəfindən "Azərbaycanın xanlıqlar dövrü"nə
həsr olunmuş 20 mövzu müəyyənləşdirilmişdir. Həmin
mövzular şəhərin bütün məktəblərində 17 minə yaxın
VII-XI sinif şagirdi tərəfindən tarix müəllimlərinin
rəhbərliyi altında işlənilmiş və məktəblərdə müsabiqələr
keçirilmişdir. Müsabiqənin qalibi olan işlər Təşkilat
Komitəsinə təqdim olunmuş, 48 məktəbdən qəbul edilən
işlərdən 20-si bugünkü konfransa vəsiqə qazanmışdır.
Sonra söz məktəblilərə verilmiş və onların "Azərbaycanın
xanlıqlar dövrü"nə həsr etdikləri məruzələri
dinlənilmişdir.
Konfransda çıxış edən şəhər təhsil şöbəsinin müdir əvəzi
Vaqif Ələkbərov respublikamızda ölkə və şəhər rəhbərliyi
tərəfindən məktəblilərin vətənpərvərlik tərbiyəsinə
xüsusi diqqət və qayğının olduğunu deyərək konfransın
ərsəyə gəlməsində əməyi olan hər kəsə çoxsaylı təhsil
işçiləri adından minnətdarlığını bildirmişdir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov
çıxışında tədbirin vətənpərvərlik tərbiyəsi baxımından
çox böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Azərbaycanın zəngin tarixə malik olduğu qeyd edilərək,
tariximiz haqqında ən qədim zamanlarda müasir dövrümüzə
qədər baş vermiş mühüm hadisələr və xüsusilə
xanlıqların tarixi haqqında tədbir iştirakçılarına
maraqlı məlumatlar verilmişdir. Tariximizin zaman-zaman
saxtalaşdırıldığını deyən Eldar Əzizov onun düzgün
öyrənilməsi və gənc nəslə olduğu kimi çatdırılması
üçün belə tədbirlərin keçirilməsinin çox vacib olduğunu
bildirmiş, öz dəyərli tövsiyələrini vermişdir. Qeyd
edilmişdir ki, 90-cı illərdə Azərbaycanın yenidən
parçalanmaq təhlükəsi yaranmışdı. Xalqın tələbi ilə
ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev öz
müdrik siyasəti ilə bu təhlükənin qarşısını ala bildi.
Ümummilli liderin layiqli davamçısı Prezidentimiz İlham
Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici
siyasət sayəsində bu gün müstəqil Azərbaycan dövləti
günü-gündən inkişaf edərək daha da möhkəmlənir.
Təhsil şöbəsinin mətbuat xidməti |