İnsanları sızıldadan, qəlbləri riqqətə gətirən,
kövrəldən, ağladan, bəzənsə fəxarət, qürur hissi
aşılayan bu mövzuya həsr olunmuş tədbir Bakıdakı 250
nömrəli tam orta məktəbdə keçirilib. "Qarabağ
şikəstəsi"nin sədaları ilə başlanan tədbiri məktəbin
tarix müəllimi Solmaz Əhmədova açaraq Qarabağın
ərazisi, coğrafi mövqeyi haqqında geniş məruzə edib və
düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə
azad olunacağına inamını bildirib.
Qarabağ xanlığının tarixindən, təbii sərvətlərindən,
meşələrin əsrarəngiz gözəlliklərindən bəhs edən
çıxışlar bir-birini əvəz edib. Şagirdlər - Aygün
Məmmədova, Ayşən Qənbərli, Vüsal Vəliyev, Təhminə
Bağırova, Səfurə Allahyarova, Mehin Seyidova və Tale
Qurbanov şeirlər, bayatılar söyləyib, mahnılar oxuyub,
əbədi-bədii kompozisiyalar, səhnəciklər nümayiş
etdiriblər. "Qarabağ şikəstəsi", "Bayatı şiraz"
muğamları səsləndirilib.
Tədbirdə başımıza gətirilən müsibətlərə baxmayaraq
Azərbaycan xalqının əyilməz olduğu vurğulanıb. Mübariz
İbrahimov və Fərid Əhmədov kimi vətən uğrunda canından
keçərək şəhidlik zirvəsinə ucalan mərd oğullarımız yad
edilib, onlar qürur, mərdlik rəmzi kimi xatırlanıb.
Doğma torpaqlarımızın qayıdacağına, Azərbaycanın
üçrəngli bayrağının Qarabağda, Şuşada ucalacağına və
zəfər zənginin orada çalınacağına bütün çıxışlarda
əminlik ifadə olunub.
Məktəbin direktotu Nazim Adıgözəlov məktəblilərin
vətənpərvərlik mövzusuna həsr etdikləri ədəbi-bədii
kompozisiyanı yüksək qiymətləndirərək tədbirin
təşkilatçıları olan tarix müəllimi Solmaz Əhmədovaya,
ingilis dili müəllimi Səadət Zeynalovaya öz təşəkkürünü
bildirib.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |