Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Taleyinə acı qismət nəsib olmuş uşaqlar

 

Lal, kar uşaqların təhsil aldığı Bakı şəhəri 3 nömrəli Respublika xüsusi internat məktəbindən reportaj

Niyazi RƏHİMOV,  "Azərbaycan müəllimi" 

Böyütmək üçün seçinƏl hərəkətləri, mimika və jestlərlə ünsiyyət. Bu dəfə taleyinə lal və karlıq yazılmış uşaqlardan, onların təhsilindən söhbət açılacaq. Doğrusu, bu insanların yaşam tərzi, təhsili, ünsiyyət dili məni daim böyük bir maraqla cəlb edib. Amma hər dəfə bu mövzuda yazmağı düşünəndə, qələmi əlimə alanda ulu Tanrının bu insanlara nəsib etdiyi acı qismətlə vücudumun sanki barışa bilməyəcəyindən, sarsılacağımdan ehtiyatlanıb dayanmışam. Hamı kimi sevinməyə, kədərini bölüşməyə, düşüncələrini paylaşmağa haqqı çatan  çarəsiz uşaqları görəndə, onların qırıq-qırıq səsləri, nizamsız əl və barmaq hərəkətləri, kədər doğuran gülüşləri, üz cizgiləri bəzən məni, duyğularımı günlərlə, həftələrlə düşüncələrə dalmağa məcbur edir. Lakin bütün bunların fonunda bir həqiqət də var ki, biz qələm sahibləri gözləri və ümidləri ürəyimizin mərhəmət tellərinə tuşlanmış bu zavallı insanları, onları rahatsız edən problemləri daim cəmiyyətin diqqət mərkəzində saxlamağı özümüzə mənəvi borc hesab etməliyik.  Eyni zamanda düşünürəm ki, yaşadığımız cəmiyyətdə bizdən fərqli həyat tərzi keçirən, fərqli düşünən, hətta fərqli qaydalarda təhsil alan bu insanlardan yazmaq həm də bir sosial sifarişdir. Çünki eşitmə və nitq qabiliyyətindən məhrum olan bu uşaqların təhsil aldığı məktəblərdə hansı əlifbadan öyrənməsi, hansı kitabları oxuması, bu müəssisələrdə hansı fənlərin tədris olunması yəqin ki, hamımızı  maraqlandırır. 

Yaxın və uzaq tarixə ekskursiya 

Lal və kar uşaqlarla bağlı yaxın tariximizin müxtəlif dövrlərini əhatə edən kiçik bir araşdırma aparanda dəhşətli faktların şahidi oldum. Cəmiyyətdən, insanlıqdan kömək uman bu çarəsiz insanlar müxtəlif  zamanlarda dünyanın əksər ölkələrində qul kimi işlədilmək, yaxud öldürülmək kimi amansız qərarlara məhkum ediliblər.

Böyütmək üçün seçinXVIII  əsrin  sonlarında  onlara  qarşı  olan  münasibət  tamamilə  dəyişib.  Cəmiyyət tərəfindən müxtəlif  ölkələrdə  kar   uşaqlar  üçün  məktəblər  açılıb. Azərbaycanda isə belə məktəb  ilk dəfə 1932-ci  ildə  Bakıda fəaliyyətə başlayıb. İlk illərdə təhsilə  9  uşaq  cəlb  edilib, onların  təlim-tərbiyəsi  ilə  dörd  müəllim  məşğul olub.  1969-cu ildə respublikamızda ikinci  məktəb  açılır. Məktəblərdən  biri  1 nömrəli, digəri  isə  3 nömrəli  respublika  xüsusi  internat  məktəbi  adlandırılır. 1 nömrəli məktəbdə   həm rus, həm  də Azərbaycan  bölməsi, 3  nömrəli  məktəbdə  isə öncə Azərbaycan  bölməsi, sonra isə rus bölməsi  fəaliyyət  göstərib. Azərbaycan  dilində  dərsliklər  az  olduğundan müəllimlər  rus dilindən  tərcümə  edilmiş və ümumtəhsil  məktəbləri  üçün  yazılmış  dərsliklərdən  istifadə  ediblər.  O illərdə  respublikada   ixtisaslı  kadrlar  az  olduğuna  görə  müəllimlərin  bir  qismi   keçmiş  SSRİ-nin  müxtəlif  şəhərlərində olan  ali  təhsıl  müəssisələrində   defektologiya  üzrə  təhsil  almağa  göndərilmişlər. Hər  iki məktəbdə  ixtisaslı  kadrlara  olan  ehtiyac  qismən  ödənilmişdir. Defektoloq  ixtisası üzrə müəllimlərə    ehtiyac  yarandığından    1990-cı  ildə  N.Tusi  adına  ADPU-da  defektologiya  fakültəsi  açılmışdır.

Azərbaycan müstəqil olduqdan  sonra  da  kar  uşaqların  təhsili  diqqət   mərkəzində  durub. 2012-ci  ildə  Nazirlər  Kabinetinin  qərarı ilə 1 və  3 nömrəli  məktəblər birləşdirilib və onların  bazasında  3  nömrəli Respublika  xüsusi  internat  məktəbi  yaradılıb.

Ölkəmizin birinci xanımı Mehriban Əliyeva da bu sahənin inkişafına xüsusi önəm verir. Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı məsələlər Fondun əsas fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulub.  

10-21

Bahar Kərimova, 
məktəbin direktoru  

"Məzunlar məktəbi bitirsələr də buradan ayrılmaq istəmirlər" 

- Məktəbdə  həm rus, həm də  Azərbaycan bölməsi  var.  Hazırda  burada  650 şagird  təhsil  alır. Onların  təlim-tərbiyəsi  ilə  250  müəllim, 177  tərbiyəçi  məşğul  olur. Dərslər  səs, daktil, jest  və mimika  ilə  öyrədilir. Azərbaycan  bölməsinin  I-IV  sinifləri  üçün  yeni proqram əsasında işlənib hazırlanmış xüsusi  dərsliklər, müəllimlər  üçün  metodiki  vəsaitlər  çap  edilib. Həmin dərsliklər məktəbimizin müəllimləri tərəfindən hazırlanıb. Məktəbin XI sinfini bitirən şagirdlərə ümumi orta təhsil haqqında  şəhadətnamə  verilir.  Fənlər  I-IV  siniflərdə   xüsusi  proqramlarla,  V-XI siniflərdə isə ümumtəhsil  məktəblərinin proqramları  əsasında  tədris  olunur.  Məktəbimiz əsaslı  təmir edilib, maddi-texniki bazası gücləndirilib. Məktəbdə kitabxana fəaliyyət  göstərir. Kitabxana fondunda  kifayət qədər dərslik və  bədii  ədəbiyyat  var.  Bundan başqa, müasir avadanlıqlarla təchiz edilmiş kompüter kabineti, kimya, fizika   laboratoriyaları, fənn  kabinetləri şagirdlərin ixtiyarına verilib. Şagirdlərin yüksək səviyyədə qidalanması və rahat şəkildə yatması üçün hər bir şərait var.

Məktəbdə  təhsillə  yanaşı, şagirdlərin bilik və bacarıqlarının, qabiliyyətlərinin  inkişaf  etdirilməsi  istiqamətində  də  xeyli  işlər görülür. Belə ki, tədris ocağında  musiqili  ritmika  fənni  tədris  edilir. Qabiliyyətli  şagirdlərdən  ibarət  rəqs  qrupu  fəaliyyət göstərir. Bu rəqs  qrupu  müxtəlif  yarışlarda, müsabiqələrdə  iştirak  edir, yüksək nəticələr əldə edir. Bundan başqa, şagirdlərin  bacarıq  və  qabiliyyətlərinin  üzə  çıxarılması   və  inkişaf  etdirilməsi  məqsədilə   "Rəsm", "Bacarıqlı əllər", "İdman" dərnəkləri də fəaliyyət  göstərir.  Mütəmadi olaraq    "Bacarıqlı  əllər", "Rəsm"  dərnəklərinin  üzvlərinin  əl  işlərindən ibarət  sərgilər  keçirilir. Bu sərgilərin nəticəsində məktəbin şagirdi Nərmin Hümbətzadə "Gənc  rəssam" adını  alıb.

Məktəbin  məzunlarının  sorağı  müxtəlif  orta  ixtisas  məktəblərindən gəlir. Təkcə 2014-cü ildə   məzunlardan 11 nəfəri müxtəlif kolleclərə daxil olub.

Şagirdlərimiz tədbirlərdə də fəal iştirak edirlər. Belə ki, 2 fevral 2015-ci il tarixində  Gənclər Gününə həsr edilmiş Əlilliyi olan yeniyetmə və gənclərin  3-cü Respublika Yaradıcılıq Festivalı keçirildi. Məktəbimizdən 6 şagird həmin festivalda iştirak etdi. Məktəbin "Azəri" mahnı və rəqs qrupunun üzvləri "Mən azərbaycanlıyam" mahnısını jest və mimika ilə oxuyub, rəqs etdilər. Tədbirdə şagirdlərə hədiyyələr və diplomlar təqdim edildi.

Məktəbin şagirdləri idman yarışlarında da uğurla iştirak edir. Belə ki, məktəbin IX sinif şagirdi Ellada Əliyeva şahmat üzrə əlillər arasında keçirilən yarışlarda iştirak edərək I yeri tutub. Bundan başqa,  4 şagirdimiz  Türkiyə Respublikasında eşitmə əngəlli uşaqların qaçış üzrə yarışmasına qatılaraq respublikamızın üçrəngli bayrağını Türkiyədə dalğalandırmışdır. 

Məktəbin şagirdləri futbola xüsusi maraq göstərirlər. Bunun nəticəsidir ki,  futbol komandamız əlillər arasında keçirilən yarışlarda dəfələrlə 1-ci yerə çıxmış, diplomlar almışdır.

Məzunlarımız bizimlə sıx əlaqə saxlayır. Onlar məktəbi bitirsələr də buradan ayrılmaq istəmirlər. Çalışırıq onları burda işlə təmin edək. Bu məqsədlə də hazırda məktəbin məzunlarından 2 nəfəri tərbiyəçi, 4 nəfəri isə texniki işçi kimi çalışır.

10-17

Məhparə Həsənova,
məktəbin ibtidai sinif müəllimi, "Əlifba" dərsliyinin müəllifi
 

"Lal, kar uşaqlar üçün "Əlifba" dərsliyinin çap olunması bu işdə bir inqilab idi"  

- Karlıq və karlığın nəticəsi olan lal-karlıq uşaqlarda öz patoloji  təsirini göstərir. Lakin bu onların ətraf mühitdən, cəmiyyətdən uzaqlaşması demək deyil. Biz onlara kömək etmək üçün yollar axtarırıq. Bu işdə müxtəlif çətinliklərlə rastlaşırıq. Axı onlar adi insanlardan fərqli olaraq nə eşidə, nə də danışa bilirlər. Bundan başqa,  bizim ən böyük çətinliyimiz isə fənləri tədris etmək üçün dərsliklərin olmaması idi. Müəllimlər məcbur qalıb rus dilində olan dərsliklərdən istifadə edirdilər. Eyni zamanda  ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş dərsliklərdən istifadə edirdik. Bu isə eşitmə pozuntulu uşaqlar üçün çox çətinlik yaradırdı. Belə ki, xüsusi internat məktəbində  dərslər latın qrafikalı daktil əl əlifbası ilə keçilir. Eyni zamanda bizdə ümumtəhsil məktəblərindən fərqli olaraq, tələffüz, nitq inkişafı, jest və mimika dərsləri də tədris olunur. Göstərilən səbəblər eşitməsində çətinliyi olan uşaqlar üçün ayrıca dərsliklərin  olmasını zəruri edir. Bu məqsədlə 2010-cu ildə məktəbimizin kollektivi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət olundu. Nazirlik bu müraciəti qiymətləndirib dərsliklərin hazırlanmasına razılıq verdi. Bundan sonra məktəb rəhbərliyi təcrübəli müəllimlərdən ibarət işçi qrupu yaratdı. İşçi qrupu tərəfindən hazırlanmış eşitməsində çətinliyi olan uşaqlar üçün (xüsusi 1-ci sinif üçün) "Əlifba", "İş dəftəri", "Riyaziyyat", "İş dəftəri" dərslikləri  və hər iki dərslik üzrə iş dəftərləri çap olundu. Daha sonra mərhələli şəkildə II, III, IV sinif dərslikləri də çap olunmağa başladı. Artıq müəllimlərimizin, demək olar ki, bu baxımdan problemləri yoxdur. "Əlifba" dərsliyinin çap olunması, mən deyərdim ki, bu işdə bir inqilab idi.

"Əlifba" dərsliyi 4 hissədən ibarətdir. 1. Hazırlıq dövrü, 2. Əlifba təlimi dövrü, 3. Əlifbadan sonrakı dövr, 4. Daktil nitqin inkişafı.

1.Hazırlıq dövründə şagirdlər məktəb şəraitinə adaptasiya olunur.  Onları əhatə edən hər şeyi jestlə öyrənirlər.

İş dəftərində ilkin yazı elementlərinin köməyi ilə yazı vərdişlərinin aşılanması prosesi baş verir.

2. Əlifba təlimi dövründə uşaqlar daktil əl əlifbası ilə tanış olurlar. Hərflərin keçilməsi ardıcıllığı şagirdlərin tələffüs xüsusiyyətlərini nəzərə almaqla müəyyən edilmişdir. Bu sistemlə uşaqlar öyrədilən hərfi asanlıqla oxumağı, əllə göstərilməyi və səsi tələffüz etməyi öyrənirlər. "Əlifba"da işlədilən söz və cümlələr şəkillərlə, jestlərlə, daktillə izah edilmişdir. Onu da qeyd etmək lazımdır ki, əvvəllər əlifba  il yarım müddətində tədris edilirdi. Hazırda isə əlifba təlimi 1 ilə başa çatır.

3. Əlifbadan sonrakı dövrdə şagirdlər verilmiş kiçikhəcmli şeir və mətnləri səslə düzgün tələffüz edərək səlis və aydın oxuyur, mənasını jestlə izah edirlər. Paralel olaraq üzündən düzgün köçürməyi, səlis yazmağı öyrənirlər.

4. Daktil nitqin inkişafı dövründə şagirdlər ilk növbədə daktil-əl əlifbasını əzbərləyirlər. Sonra mövzular üzrə (ünsiyyət, oyuncaqlar, dərs ləvazimatları və s.) iş aparılır. Həmin mövzular üzrə əşya və varlıqların jesti də verilmişdir. Şagirdlər əşya və varlıqların adlarını  öyrənir, daktil nitq vasitəsi ilə müxtəlif mövzular üzrə məlumat verə bilirlər.


Nüsaməddin Quliyev,
məktəbin ibtidai sinif müəllimi, dərslik müəllifi
 

"Burda şagirdlərə daha həssas yanaşmaq lazımdır"

 

- Uzun müddətdir ki, bu məktəbdə çalışıram. Məktəbimiz digər tədris ocaqlarından fərqlənir. Burda şagirdlərə daha həssas yanaşmaq lazımdır. Çünki onlar digər insanlardan müəyyən qədər təcrid olunur, onlarla ünsiyyətdə ola bilmirlər. Bu onları psixoloji cəhətdən müəyyən qədər sarsıdır. Lakin biz çalışırıq ki, onların bilik və bacarıqlarını, intellektual səviyyələrini artırmaqla həyata adaptasiya edə bilək. Təbii ki, bunun üçün, ilk növbədə, şagirdlərdə yazı və oxu vərdişlərini düzgün şəkildə formalaşdırmaq lazımdır. Bunun üçün də dərsliyin olması çox vacib şərtdir. 2012-ci ildə II sinif üçün Azərbaycan dili, Riyaziyyat, 2014-cü ildə  III- IV siniflər üçün   Azərbaycan dili, Riyaziyyat, İş dəftəri, III-IV sinifdə dərs deyən müəllimlər üçün metodiki vəsait hazırlandı. Yeni yaranan bu dərsliklər müəllimlər, şagirdlər və valideynlər tərəfindən yüksək qiymətləndirilir.  Hazırda respublikamızda fəaliyyət göstərən xüsusi internat məktəblərində (lal-kar) həmin dərsliklərdən istifadə edilir.

 


Mahirə Daşdəmirova,
məktəbin ibtidai sinif müəllimi

 

"Şagirdlərə ana qayğısı ilə yanaşırıq"

 

- Burda çox fərqli bir mühit var. Şagirdlərimiz qüsurlu olsalar da hamı bir-birini aydın şəkildə başa düşür. Şagirdlərə ana qayğısı ilə yanaşırıq. Elə şagirdlər var ki, rayondan gəlirlər və valideynlərindən uzaq düşürlər. Onlar hələ uşaqdır və xüsusi qayğıya ehtiyacları var. Uşaqlar çox istedadlıdırlar. Bundan başqa, dərslərə çox böyük maraq göstərirlər. Biz çalışırıq ki, onların istedadlarını üzə çıxaraq və inkişaf etdirək. Dövlətimiz tərəfindən buradakı şagirdlərə hər bir şərait yaradılıb. Əvvəllər dərslikdən çətinliklərimiz var idi. İndi o problem də aradan qalxıb. Jest və mimika kitablarının olmasını arzulayırıq. Bu kitab işimizi bir az da asanlaşdırar, tədrisin keyfiyyətinə müsbət təsir edər.


Tamilla Abdullayeva,
məktəbin səs müəllimi, surdopedaqoq
 

"Burada çalışdığıma görə çox sevinirəm"

 

- Uzun illərdir ki, bu məktəbdə çalışıram. Sovet dövründə dövlət tərəfindən xüsusi olaraq Rusiyanın indiki Sankt-Peterburq şəhərində yerləşən ali məktəbə təhsil almaq üçün göndərilənlərdən biri də mən idim. Təhsilimi başa vurduqdan sonra burada çalışıram. Şagirdlərlə fərdi şəkildə məşğul oluram. Onlara səslərin dəqiqliyini öyrədirəm. Burada təhsil alan şagirdlər çox həssasdırlar. Müəllimə çox böyük hörmət və rəğbət bəsləyirlər. Məzunlarımız bizi təsadüfən şəhərdə görəndə çox sevinirlər. Qaçaraq gəlib bizimlə görüşür, hörmət və izzətlərini bildirirlər. Düzdür, işimiz çətindir. Lakin buna baxmayaraq şərəflidir. Burada çalışdığıma, qüsurlu uşaqlara nəsə öyrətdiyimə görə çox sevinirəm. Şükürlər olsun ki, dövlətimiz son illər belə müəssisələrə daha çox diqqət göstərir. Yüksək səviyyədə maddi-texniki bazamız var. Bu imkanlardan maksimum dərəcədə istifadə edirik. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov