Gəncə Dövlət Universitetində "Tyutor hazırlığı təlimi"
kursunun yekununa həsr edilmiş yığıncaq keçirilib.
Azərbaycan Texnologiya Universitetinin rektoru,
professor Akif Süleymanovun, Azərbaycan Dövlət Aqrar
Universitetinin elmi işlər üzrə prorektoru, dosent
Nizami Seyidəliyevin, Gəncə Humanitar Kollecinin
direktoru Fəxrəddin Zeynalovun dəvət olunduğu yığıncağı
Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif
Yusibov açaraq qeyd edib ki, Azərbaycanın qərb
regionunda fəaliyyət göstərən və Bolonya prosesinə
qoşulmuş ali təhsil müəssisələrində tyutorlara ciddi
ehtiyac var. Təhsil Nazirliyinin tövsiyəsinə uyğun
olaraq Gəncə Dövlət Universitetində 7 yanvar 2015-ci
il tarixdən etibarən tyutor hazırlığı təlimi məqsədilə
iki aylıq kurs fəaliyyətə başlayıb. Gəncə Dövlət
Universitetindən 27, Azərbaycan Dövlət Aqrar
Universitetindən 24, Azərbaycan Texnologiya
Universitetindən 11, Gəncə Humanitar Kollecindən 2
nəfərin qatıldığı bu kursda təlimin yüksək səviyyədə
aparılması üçün Azərbaycan Dövlət İqtisad
Universitetinin baş müəllimi Təranə Musayeva dəvət
olunmuşdur.
Tyutor hazırlığı təlim proqramı başa çatdıqdan sonra
burada iştirak edən dinləyicilərə sertifikatların
verilməsi nəzərdə tutulmuşdur. Üç dərəcədən ibarət olan
sertifikatın I dərəcəlisi "Bilik, bacarıq və səriştəsi
ilə fərqlənənlərə", II dərəcəli sertifikat "Biliyi və
fəal iştirakına görə fərqlənənlərə", III dərəcəli
sertifikat isə "İştirakına görə" verilir.
Artıq kurs uğurla başa çatdırılmış, iştirakçıların
biliyi obyektiv olaraq test üsulu ilə qiymətləndirilmiş,
dinləyicilərin dərəcələri müəyyənləşdirilmişdir.
Professor Yusif Yusibov ayrı-ayrı təhsil ocaqlarından
olan və yüksək dərəcəyə layiq görülən dinləyiciləri
təbrik edib, onlara bu sahədə uğur qazanmalarını
arzulayıb.
Maqbet ƏHMƏDOV,
Mətbuat xidmətinin rəhbəri |