6-7 mart 2015-ci il tarixlərində Azərbaycan Təhsil
Şurası Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutu ilə birlikdə "Qarabağ
həqiqətlərinin böyüyən nəslə çatdırılmasının
elmi-metodiki və praktik məsələləri" mövzusunda
beynəlxalq elmi-praktik konfrans keçirdi.
BPKİYİ-də keçirilən elmi-təcrübi konfransı giriş sözü
ilə açan rektor, professor Asəf Zamanov söylədi ki, bu
gün Azərbaycanın ağrılı yeri olan Qarabağ probleminin
dünya ictimaiyyətinə çatdırılması, bu məsələnin həlli
istiqamətində Prezident İlham Əliyev dünya miqyasında
fundamental xarakterli işlər həyata keçirir. Bütün
bunlar torpaqlarımızın tezliklə işğaldan azad
olunacağına böyük inam verir. Çox yaxşı haldır ki,
Azərbaycan Təhsil Şurası müəllimləri bu mühüm mövzu
ətrafında birləşdirmək, dünya ictimaiyyətinin diqqətini
Qarabağ probleminə yönəltmək kimi əhəmiyyətli bir
tədbiri həyata keçirməyi qərara almışdır. Hesab edirəm
ki, bu, bizim hər birimizin vətəndaşlıq borcudur.
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər
Ağayev müəllimlərin Qarabağ həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması istiqamətində bir araya
gələrək fikir bildirmələri, elmi-tədqiqat xarakterli
yazılarla çıxış etmələrinin təqdirəlayiq hal olduğunu
dilə gətirdi. O, Təhsil Şurasının keçirdiyi elmi-təcrübi
konfransın mahiyyətindən, ermənilərin Azərbaycan xalqına
qarşı törətdikləri soyqırımlardan, ölkəmizə qarşı irəli
sürdükləri ərazi iddialarından, işğalçılıq
niyyətlərindən bəhs etdi. Söylədi ki, bu gün
müəllimlərin qarşısında Qarabağ həqiqətlərinin dünya
ictimaiyyətinə, eləcə də gənc nəslə çatdırılması kimi
çox mühüm vəzifələr dayanır. Biz düşünürük ki,
müəllimlər dərs prosesinin imkanlarından istifadə
etməklə bu mühüm vəzifənin öhdəsindən gəlməlidir.
Bildirildi ki, konfrans materialları ABŞ-da və
Azərbaycanda yayılması nəzərdə tutulan Azərbaycan,
ingilis, rus dillərində çap olunacaq "Realities of
Karabakh" adlı kitabda yer alacaq. Kitabın nəşrinin
Təhsil Şurası, yayımının ABŞ Qarabağ Fondu tərəfindən
həyata keçirilməsi nəzərdə tutulur.
Daha sonra çıxış edənlər Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədr müavini, Azərbaycan
Dövlət İqtisad Universitetinin dosenti Şaiq Əsgərov,
professor Mirzəli Murğuzov əsrlər boyunca davam edən
erməni məkrindən, onların təkcə Azərbaycana qarşı deyil,
bütün türk dünyasına qarşı işğalçılıq siyasətindən bəhs
etdilər.
Konfransda iştirak edən ABŞ-ın Qarabağ Fondunun icraçı
direktoru xanım Diana Kohen Altman "Qarabağ
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının
metodoloji əsasları" mövzusunda məruzə etdi. O,
məruzəsində vurğuladı ki, bu gün Azərbaycan
müəllimlərinin qarşısında dayanan ən vacib məsələlərdən
biri Qarabağın mədəniyyəti, incəsənəti, təhsili,
ədəbiyyat tarixi, maddi-mədəni irs nümunələri və s.
haqqında həqiqətə söykənən gerçəkliyi beynəlxalq
ictimaiyyətə çatdırmaq, eyni zamanda bu həqiqətləri
dərindən bilən gənclik formalaşdırmaqdır. Xanım Diana
Altman daha sonra Qarabağ Fondunun ABŞ-da Qarabağ
həqiqətləri ilə bağlı həyata keçirdiyi layihələrdən bəhs
etdi.
Konfransın ikinci hissəsində tarix üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universitetinin müəllimi Ülviyyə Əjdərqızı,
Xəzər Universiteti və "Dünya məktəbi"nin tarix müəllimi
Arif İbrahimovun birgə hazırladıqları "Erməniçilik
nədir və uydurma erməni soyqırımı" adlı tədris filmi
(metodik-praktik) nümayiş olundu.
Martın 7-də konfrans öz işini bölmələrdə davam etdirdi.
Konfransın sonunda dünya ictimaiyyətinə müraciət-qətnamə
qəbul olundu.
Martın 8-də konfrans iştirakçılarından bir qrupu Quba
Soyqırımı memorial abidəsini ziyarət etdilər.
Təhsil Şurasının Mətbuat və ictimaiyyətlə əlaqə mərkəzi
|