Martın
13-də Azərbaycan Respublikası Təhsil Problemləri
İnstitutunda "İnklüziv və xüsusi təhsil: reallıqlar və
perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib.
Tədbirdə institutun rəhbərliyi, əməkdaşları, Milli
Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədr müavini Aynur Sofiyeva, həmçinin xüsusi qayğıya
ehtiyacı olan insanların problemləri ilə məşğul olan
aidiyyəti qeyri-hökumət təşkilatlarının nümayəndələri və
bu sahədə ixtisaslaşmış mütəxəssislər, alimlər,
psixoloji, defektoloji, loqopedik xidmətlər göstərən
mərkəzlərin rəhbərləri iştirak ediblər.
"Dəyirmi masa"nı Təhsil Problemləri İnstitutunun
direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov
açaraq müasir dövrdə ölkəmizdə təhsil siyasətinin
prioritet məsələlərindən biri sayılan xüsusi qayğıya
ehtiyacı olan uşaqların təhsilə cəlb edilməsindən,
onların keyfiyyətli təhsili üçün hüquqi bazanın
yaradılmasından, inklüziv təhsilin tətbiqində real
vəziyyət, mövcud problemlərdən və beynəlxalq təcrübənin
Azərbaycan təhsilinə inteqrasiyasından danışıb.
Direktor ölkə başçısı İlham Əliyevin sərəncamları ilə
təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda və strategiyanın
həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında da
sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsili
ilə bağlı bir sıra müddəaların öz əksini tapdığını, bu
məsələlərin hər zaman dövlət səviyyəsində diqqətdə
saxlanıldığını deyib. Bildirilib ki, sağlamlıq imkanları
məhdud uşaqların səhhətinə, təhsilinə ölkə başçısı
cənab İlham Əliyev və Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva
tərəfindən xüsusu qayğı göstərilir.
Son illər ölkədə sağlamlıq imkanları məhdud uşaqların
təhsilə cəlb olunması, onların sosial reabilitasiyası
ilə bağlı görülən işlər, reallaşdırılan layihələr
barədə də söz açan Q.Novruzov "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət
Planında inklüziv təhsilə dair müddəalar və onların
reallaşdırılması prosesində Təhsil Problemləri
İnstitutunda görüləcək tədbirlər haqqında da məlumat
verib. Qeyd olunub ki, Fəaliyyət Planında göstərilmiş
sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil
mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim
metodologiyasının yaradılması, məktəbəqədər və ümumi
təhsil müəssisələrinin təhsilverənlərinin inklüziv
təhsil üzrə məqsədli əlavə təhsil proqramlarının
hazırlanması və həyata keçirilməsi Təhsil Problemləri
İnstitutunun qarşıya qoyduğu əsas hədəflərdəndir.
Çıxış üçün söz alan Milli Məclisin Sosial siyasət
komitəsinin sədri Hadi Rəcəbli, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur
Sofiyeva tədbirin əhəmiyyətindən danışıblar. Təhsil
Problemləri İnstitutunda belə aktual bir mövzuda
"dəyirmi masa"nın keçirilməsini yüksək
qiymətləndiriblər.
Sonra Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların
Müdafiəsi İdarəsinin şöbə müdiri Anar Xələfov
"Azərbaycan Respublikasında əlilliyi olan insanların
təhsilinin təşkili", Təhsil Problemləri İnstitutunun
inklüziv təhsil şöbəsinin müdiri Lalə İmanova "İnklüziv
və xüsusi təhsilin ümumi vəziyyəti", həmin şöbənin
əməkdaşları Elmira Kərimova "İnklüziv və xüsusi təhsilin
problemləri", Fərid Süleymanov "İnklüziv və xüsusi
təhsildə beynəlxalq təcrübə" mövzularında təqdimatlar
ediblər.
Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən
müzakirələrdə müvafiq dövlət qurumlarının, qeyri-hökumət
təşkilatlarının təmsilçiləri və mütəxəssislər çıxış
edərək öz mülahizələrini təkliflərini bildiriblər.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"
Foto R.RAMAZANOĞLU |