Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Planşet yoxsa kitab?

 

Böyütmək üçün seçin"Ata, xahiş edirəm, mənə kompüter al. Bilirsən, mənim dostumun kompüteri də var, planşeti də!". Bu məsələ demək olar ki, əksər müasir ailələrin müzakirə obyektidir.  Bəs görəsən, tələsməyə dəyərmi? Bəlkə, uşaq əvvəlcə əməlli-başlı oxumağı öyrənsin, sonra isə ona noutbuk və ya planşet alınsın?

Görəsən valideynlər planşet və ya noutbukun uşaq üçün yaratdığı bütün imkanlarla bərabər, onlarda  ilk baxışdan əhəmiyyətsiz görünən bir çatışmazlığın da  olmasını bilirlərmi?

Kompüterin parlaq virtual dünyasına adət etmiş uşaq çətin ki gələcəkdə, hətta rəngli olsa da belə, kitablardan istifadə etməyə həvəs göstərsin.

Bizcə, bu barədə düşünməyə dəyər. Planşetin ekranı ilə kitab səhifəsi arasında fərq varmı?  Əlbəttə ki, var. Məsələ ondadır ki, elektron mətnin quruluşunun əsas prinsipi - çoxölçülükdür. Yenicə oxumağı öyrənmiş və ya ümumiyyətlə, oxumağı hələ heç bacarmayan balacaya məlumatları kompüter vasitəsilə mənimsətmək daha asan və maraqlıdır. Belə ki, mətnlər maksimum strukturlaşdırılmışdır, axtarış bölməsi vasitəsilə lazımi məlumatları asan, tez tapmaq olur, yox əgər səhifə darıxdırıcıdırsa, daha maraqlısına və ya birdəfəlik sosial şəbəkəyə keçmək, cizgi filminə baxmaq və yaxud kompüter oyunları oynamaq olar.

Nəticədə, uşağın mətn üzərində diqqətini cəmləməyi, oradan lazımi məlumat toplamağı, sərbəst olaraq mahiyyəti dərk etmək qabiliyyətinin inkişafı zəifləyir.

Bunun əvəzində isə o, hələ məktəbəqədər yaşında ikən sanki informasiya axını səthində üzməyə alışır, buradan yalnız ən parlaq, sadə və asan, yaddaqalan məlumatı qavrayır. Məhz məktəbəqədər yaş dövründə və ya ibtidai siniflərdə təməli qoyulan mətn təfəkkürünün əsas vərdişləri (mətni qavrama, təhlil və şərh etmək bacarığı) isə lazımınca inkişaf etmir.

Yaxşısı  budur ki, valideynlər məktəbəqədər yaş dövründə olan uşaqlarının mütaliyə etməyə alışıb fəal oxucu olmayınca, onlara bu cür hədiyyə almağa tələsməsinlər.

Onu da qeyd edək ki, oxu vərdişləri uşaqlarda müxtəlif cür formalaşır. Bəzi uşaqlar artıq 6-7 yaşlarında müxtəlif kitablar oxuyur, digərləri isə valideynlərin birbaşa nəzarəti altında söz və ifadələrin oxunuşunu yenicə öyrənirlər. Ona görə də uşağın hansı yaşda həsrətində olduğu bu  hədiyyə üçün "yetişəcəyini" demək çətindir.

Aşağıdakı meyarlara  əsasən uşağın mətn təfəkkürünün kifayət qədər yüksək olduğunu müəyyənləşdirmək olar:

* Uşaq böyüklərin tapşırığı ilə deyil, öz istəyi ilə kitab oxuyur.

* Onda artıq ədəbi zövq formalaşıb, sevimli və sevmədiyi kitablar var.

* O, oxuduğundan təəssüratlanır, müzakirə edir, kitabdan tanıdığı və ya  bəyəndiyi nağıl qəhrəmanları görünüşlü  kuklalarla  oynayır, illüstrasiyalar çəkir, hadisələrin davamını uydurur.

* Oxuduğunu yaxşı yadında saxlayır, böyüklərin istəyi ilə mətnin bu və ya digər parçasını danışır.

Əlbəttə, nəinki məktəbəqədər yaş dövründə olan uşaq, həmçinin birinci sinif şagirdi bu səviyyəyə nadir hallarda çatır. Deməli,  kitab əvvəllər olduğu kimi,  hazırda da onlar üçün ən yaxşı hədiyyədir. 

Hüseyn QABULOV,
"Sağlam təhsil-sağlam millət" layihəsinin tibbi-gigiyenik blokunun rəhbəri, ATU-nun professoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov