Böyük
şairimiz Səməd Vurğunun incə rübabından süzülmüş bu
misra ilin ən gözəl fəsli olan bahar haqqında çoxumuzun
fikir, hiss və duyğularımızı sərrast ifadə edir.
Doğrudan da bahar hamının xoşladığı fəsildir. Onun hər
gəlişini hamımız sevinclə, toy-bayramla qarşılayırıq.
Görünür, elə Novruzu da baharın müjdəsi olduğu üçün çox
sevirik. Baharın, Novruzun gəlişini ömürlərinin bahar
çağını yaşayan uşaqlar daha böyük sevinc hissi ilə
qarşılayırlar. Bunu təhsil aldıqları müəssisələrdə
onların hər il keçirdikləri bir-birindən maraqlı,
rəngarəng bayram şənlikləri də sübut edir. Belə bayram
tədbirlərindən biri martın 9-da Təhsil Nazirliyinin
birbaşa tabeliyindəki İltifat Hacıyev adına "Tərəqqi"
texniki-humanitar liseyində düzənlənmişdi. Şənliyi
təşkil edənlər də, öz çıxışları ilə ona rövnəq verənlər
də liseyin 2-ci "B" sinfinin şagirdləri idi.
Tədbirin gedişi göstərdi ki, uşaqlar sinif müəllimi və
rəhbəri Aygün Baxışovanın köməyi ilə ona çoxdan və yaxşı
hazırlaşıblar. Yaradıcı müəllim Aygün xanımın şənlik
üçün tərtib etdiyi ssenari də maraqlı və orijinal idi.
Tədbir liseyin geniş foyesində keçirilirdi. Burada
Novruz ruhunda tərtibat işləri aparılmışdı: yerə
xalılar, xalçalar döşənmiş, onların üzərində mütəkkələr
qoyulmuş, bayram xonçaları, səmənilər düzülmüşdü. Bir
tərəfdə rəmzi bayram tonqalı "yanırdı".
Mərasim rəqslə başladı. Şagirdlərdən biri "Şuşanın
dağları" mahnısının sədaları altında rəqs etdi.
Aparıcılar Əli və Nuray şənliyə toplaşmış müəllimləri,
valideynlərini qarşıdan gələn Novruz bayramı münasibəti
ilə təbrik etdilər. Sonra əllərində bayram xonçaları
tutmuş qızlar gəlib dövrə vuraraq əyləşdilər. Əli
hamının gəldiyini görüb: "çay gətirilsin", - dedi. "Çay"
mahnısı ifa olundu. Elton, Ayan rəqs etdilər və
əllərində çaynik dövrə vurmuş, uşaqlara "çay" süzdülər.
Sonra milli geyimli uşaqların rəqsi təqdim olundu, iki
qız bahar, Novruz haqqında şeirlər söylədi. Novruz
bayramı, çərşənbələr, xalqımızın Novruzla bağlı
adət-ənənələrindən söz açıldı.
Sonra aparıcıların dəvəti ilə Bahar qız - Xədicə
Aslanlı şənliyə gəldi, Novruz haqqında mahnı oxudu, şeir
söylədi. Uşaqlar da Bahar qıza qoşulub Novruz,
çərçənbələr haqqında şeirlər ifa etdilər, "ağırlığım,
uğurluğum odlara", - deyərək "tonqalın" üstündən
atıldılar.
Bahar qızın Novruza, onun atributlarına aid tapmacalar
söyləməsi, bir qrup şagirdin fala baxması səhnəsi
şənliyin ən maraqlı anları kimi yadda qaldı. Sonra
meydan "Rep" musiqisinin ifaçılarına verildi. Uşaqlar bu
musiqi janrının oynaq, ritmik sədaları altında bayrama
aid maraqlı proqram təqdim etdilər.
Bütün Novruz şənlikləri kimi bu mərasimdə də ən şən
anlar Keçəllə Kosanın çıxışları oldu. Novruz
personajlarını Rəvan, Eldar, Əlihüseyn və Səbuhi ifa
etdilər. Onlardan ikisi müasir, ikisi isə ənənəvi Keçəl
və Kosa idi. Uşaqların duzlu-məzəli çıxışları tədbir
iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Keçəl və
Kosa yumurta döyüşdürdülər. Kosa məclisi dolanıb bayram
payını yığdı. Beləcə şənlik mahnı və rəqslərin ifası
ilə davam etdi. Uşaqlar rəmzi "Qarabağ torpağı"nda məşəl
yandırdılar.
Sonda "Dədə Qorqud" gəlib öyüdlərini, alqışlarını
söylədi. Mərasim uşaqların müəllimləri ilə birgə rəqsilə
başa çatdı.
Liseyin direktoru, əməkdar müəllim Məhbubə Məmmədova
mərasim iştirakçılarını əziz bayramımız Novruz
münasibəti ilə təbrik etdi, ikinci sinif şagirdlərinin
öz məharətli çıxışları ilə hamıya xoş anlar yaşatdığını,
təkcə öz siniflərini deyil, bütövlükdə liseylərini çox
uğurla təqdim etdiklərini bildirdi. Uşaqların
çıxışlarını yüksək qiymətləndirən M.Məmmədova onların bu
hazırlığında Aygün müəllimin, Lalə müəllimin böyük rolu
olduğunu söyləyib, onlara təşəkkür etdi.
Direktor uşaqlara bayram alqışlarını və arzularını da
çatdıraraq onlara yaxşı oxumağı tövsiyə etdi,
valideynlərə tədbirə qatıldıqları üçün minnətdarlığını
bildirdi.
***
Martın 10-da liseydə daha bir tədbir - dahi bəstəkar
Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr
olunmuş "O olmasın, bu olsun" komediyasının
səhnələşdirilmiş tamaşası oldu. Novruz ruhlu bu tədbiri
liseyin II "a" sinif şagirdləri sinif müəllimi İradə
İsmayılovanın rəhbərliyi və köməkliyi ilə
hazırlamışdılar.
Tamaşadan öncə şagirdlər Aydan, Zəhra, Lalə əllərində
Novruz xonçası şeirlər söylədilər. Kosa (Ziyadxan) və
Keçəl (Emin) maraqlı çıxışları ilə tədbir
iştirakçılarına xoş ovqat bəxş etdilər.
Sonra "Almanı atdım xarala" xalq mahnısı xorla ifa
olundu, Zəhra və Ələsgər rəqs etdilər, 6 qız "fala"
baxdı, Kosa və Keçəl onlara papaq atıb bayram paylarını
aldılar. Bir qrup qız "Bənövşə" oyununu oynadı, digər
uşaqlar bahara, Novruza aid şeirlər söylədilər, mahnı və
rəqslər ifa etdilər.
Tədbirin Novruza həsr olunmuş hissəsi başa çatdıqdan
sonra şagirdlər Azərbaycan musiqisinin korifeyi Üzeyir
Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat
verib, "O olmasın, bu olsun" komediyasının
səhnələşdirilmiş tamaşasını təqdim etdilər. Balaca Tunar
(Məşədi İbad), N.Zəhra (Sənəm), E.Adilə (Gülnaz),
Ələsgər (Sərvər), Kənan (Rüstəm bəy), Teymur (qoçu
Əsgər), Muhəmmədhüseyn (Rza bəy), Əli (Həsən bəy) öz
rollarının öhdəsindən məharətlə gəldilər. Sərvərlə
Gülnazın görüşü, Rüstəm bəylə Məşədi İbadın razılaşması,
Məşədi İbadın Gülnazla tanışlığı, qonaqlıq, dava səhnəsi
və s. kimi ayrı-ayrı səhnələr şəklində təqdim olunan
tamaşa tədbir iştirakçılarının çox xoşuna gəldi və
alqışlarla qarşılandı.
Tamaşadan sonra çıxış edənlər tədbirin hazırlanmasında
İradə müəllimin böyük rolu olduğunu qeyd edib,
şagirdlərə maraqlı bayram proqramı üçün
minnətdarlıqlarını bildirdilər.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |