Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

83 yaşlı professorun Novruz xatirələri

 

Bakı Dövlət Universitetinin professoru Abuzər Xələfovla söhbət 

Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
 

Artıq üç çərşənbəni geridə qoymuşuq. Novruz ərəfəsindəyik. Xalqımızın uzun illərdən süzülüb gələn yüksək ənənələrini, milli-mənəvi dəyərlərini özündə əks etdirən bu müqəddəs bayramı  qarşılamağa hazırlaşırıq. Əlbəttə, Novruz adətlərinin qorunub saxlanılmasında yaşlı nəslin də rolu danılmazdır. Məhz ona görə də bu dəfə elmin ağsaqqallarından birinin qapısını döyüb, evinə qonaq oluruq. Məqsədimiz həm onunla bayramlaşmaq, həm də minilliklərlə tarixi olan Novruz adət-ənənələri barədə söhbət açmaqdır. Beləliklə, həmsöhbətimiz 83 yaşlı alim, böyük ziyalı, əməkdar elm xadimi, əməkdar mədəniyyət işçisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor Abuzər Xələfovdur.

Abuzər müəllim bizi öz evində ömür-gün yoldaşı ilə birgə qarşılayır. Salamlaşırıq, hal-əhval tutandan sonra keçirik müəllimin iş otağına və söhbətimizə başlayırıq.

 

-Sizin doğulduğunuz bölgədə Novruz necə qeyd olunurdu?

- Qızım, mən Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində doğulmuşam. Göyçə qədim Azərbaycan torpağı, türklərin yaşayış məskənidir. Bizim mahalda Novruz bayramı bütün bayramların başında gəlirdi. Bayrama bir ay qalmış bütün kənddə hazırlıq gedirdi. Yaxşı yadımdadır, kənddə olan bacalı evlərə qara dam deyirdilər. Hansı evə gedirdin, görürdün oranı yaxşıca təmizləyib, ya un, ya da əhənglə dirəkləri ağardıb bəzəyiblər. Novruza bizim xalqımız təmizlik, saflıq, şəffaflıq bayramı kimi baxırdı. Bu bayramda bütün küsülülər barışırdı. Novruz xalqımız üçün dostluq, qardaşlıq, birlik bayramı idi. Novruzu necə həsrətlə gözləyirdik. Düşünürdük ki, Novruz bayramı gəlsin, biz də nemətlərdən dadaq.

- Valideynləriniz sizə bayramda hansı hədiyyələri alırdı?

- Valideynlər çalışırdılar ki, Novruz bayramında öz uşaqlarının yeni geyimləri olsun.

- İlk qeyd etdiyiniz Novruz bayramını necə xatırlayırsınız?

- Sözün düzü, mən ilk Novruz bayramını xatırlayanda nənəm və babam yadıma düşür. Babam 110 il yaşayıb. Babam dərya idi, bildiyi dastanları, nağılları cümlə-cümlə bizə danışırdı. Ondan Novruz barədə o qədər gözəl nağıllar dinləmişik ki... Birinci dəfə babam mənə demişdi ki, Novruz bahar bayramıdır. Çünki biz tərəflərdə ona Əli bayramı da deyilirdi (imam Əlinin xəlifə olaraq taxta çıxdığı günlə Novruz bayramı eyni günə təsadüf edir). Amma Novruz bayramının tarixi bizim eradan da əvvələ gedir. Mən bu bayramı təmizlik, birlik, dostluq, azadlıq, şəffaflıq, insanların bir-birinə hörmət bayramı adlandırıram. Bu bizim qədim bayramımızdır. Çox millətlər öz adətlərini unutdular. Amma xalqımız o adət-ənənələri qoruyub saxlayır. Ona görə də Novruz bayramı deyəndə bütün türk xalqları bizi nümunə gətirir ki, azərbaycanlılar bu bayramı qoruyub saxlayırlar.

- Novruzun papaq atmaq, fala baxmaq kimi maraqlı adətləri var. Sizə bu bayramda hansı adətlərdən pay düşürdü?

- Papaq atmaq şəhər yerlərində adət idi. Amma bizdə qurşaq sallamaq adəti var idi. Mən uşaqlıq illərimdə çox qurşaq sallamışam. Əvvəlcədən hara qurşaq sallayacağımı planlaşdırırdım. Bilirdim ki, kim yaxşı pay qoyacaq. Gedib qurşağımı sallayırdım, gətirib ora yumurta, qoz-fındıq ləpəsi, şirniyyatlar qoyurdular. Biz də uşaqlarla gedib onları bölüşdürürdük. Amma bizim kənddə bir Abbasəli kişi var idi. Çox qəddar adam idi. Bir dəfə onun bacasından qurşaq salladım, çəkib qırdı. Dedim, Abbasəli dayı, qurşağımı ver. Dedi vermirəm, bilmirsən ki, kasıb adamam, get varlıların bacasından qurşaq salla.

- Kəndinizdə Novruzla bağlı hansı maraqlı adətlər var idi?

- Məsələn, Novruz bayramında qurban kəsərdilər. Yeni qohum olan ailələr biri-birinə boynuna qırmızı lent bağlanmış qoç aparardılar. Qapı dalı pusmaq da adətimiz idi. O zaman evdə qadınlar kişilərə deyirdi ki, pis söz danışmayın, birdən kimsə qapı dalı pusar. Bir dəfə getdim qapı pusmağa. Eşitdim ki, qadın ərinə deyir: "Mən sənə demişdim filan şey al, niyə almamısan?".

Babam deyirdi ki, su çərşənbəsində, dan ulduzu görünəndə suyun üstünə getmək lazımdır. Dərdini suya danış ki, yuyub aparsın. Gedirdik çayın qırağına, dərdimizi danışırdıq, sonra da o su ilə yuyunurduq.

Bizim kənddə uşaqlar çıxırdılar hündür təpəyə, yumurtanı dığırladırdılar, kimin yumurtası uzaq gedirdisə, o, 10 yumurta alırdı.

- Kənddə tonqal qalanırdı?

- Hər bir evdə dörd çərşənbənin dördündə də tonqal qalanırdı. Üstündən atılanda deyirdik ki, ağırlığım-uğurluğum bu tonqala. Özü də 7 dəfə atılmaq lazımdır. Tonqaldan atılmaq deyəndə yadıma bir xatirə düşdü. Bir dəfə Mərdəkanda istirahət edirdim, Bəxtiyar Vahabzadə də orada idi (xalq şairi Bəxtiyar Vahabzadə Abuzər Xələfovun universitetdə müəllimi olub). Tonqal qaladıq. Mən atıldım, Bəxtiyar müəllim dedi ki, Abuzər, mən də atılmaq istəyirəm. Dedim, Bəxtiyar müəllim, yıxılarsınız. Dedi yox, atılacağam. Çətinliklə olsa da, o da atıldı. Bir dəfə də Mirvarid Dilbazini sönən tonqalın üstündən atlanan görmüşəm.

- Novruzun simvolları Kosa, Keçəl, əvvəl də var idi?

- Kosa və Keçəl bizim xalqda olan yumor hisslərindən yaranıb. Bu yumor ona görə əmələ gəlib  ki, bayram daha da şən keçsin. Kosa və Keçəl bizim balaca teatr truppalarının başlanğıcı hesab oluna bilər. Kosa və Keçəl bəzi məclislərdə hətta yüksək dövlət adamlarına da sataşırdılar. Onlar təlxək kimi görünsələr də əslində insanların bərabərliyinə xidmət edirdilər. Kosa və Keçələ böyük hörmət var idi. Kosa həmişə yeniliklərdən danışırdı. Onunla bir məclisdə oturanda nə qədər yeni şey öyrənmək olardı. Keçəl məzhəkəli şeylər danışırdı. Bizdə iki balaca kənd idi. Orda Kosa da, Keçəl də var idi.

- Hər il eyni adam olurdu?

- Yox, müxtəlif, kimin qabiliyyəti var idi o olurdu. Bizim kənddə bir kişi var idi, o bu obrazlara girməyi çox gözəl bacarırdı, həm də zurnaçı idi. Bəzənirdilər, özlərinə quyruq qoyurdular, düşürdülər kəndin canına.

- Ən yadda qalan Novruzunuz hansı olub?

- Şıxəli Qurbanovun Novruz bayramı keçirməyi. O illərdə hər şey qadağan idi, milli adət-ənənələrdən danışmaq olmazdı. Novruzu hər kəs evində gizlin keçirirdi. Ancaq Şıxəli Qurbanovun sayəsində Novruz bayramı ümumxalq bayramına çevrildi. 1959-cu ildə ilk dəfə keçiriləndə mən də iştirak etmişdim. Tələbələr bu bayramı sevinclə qarşılayırdı, hamısı axışmışdı bulvar ətrafına. O, Mərkəzi Komitənin katibliyindən gedəndən sonra yenə Novruz bayramını dayandırdılar. Ancaq ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə gətiriləndən sonra bu adətlər yenidən bərpa olundu. Novruz bayramının ümumxalq xarakteri almağında ümummilli liderimizin də böyük xidməti olub. O, çıxışlarında da Novruz bayramı barədə həmişə böyük hiss-həyəcanla, sevinclə danışırdı.

- Başqa ölkələrdə Novruzu qeyd etdiyiniz vaxtlar olub?

- Bayram günlərində bir neçə dəfə Türkiyə və İranda olmuşam. Bizim qədər gözəl Novruz bayramı keçirən xalqa rast gəlməmişəm. Novruz bayramı xalq bayramına çevrildiyindən bizim türklərə də təsirimiz oldu. İndi onlar da Novruzu qeyd edirlər.

- O dövrün Novruzu ilə indiki bayramda hansı fərqləri görürsünüz?

- Kənddə keçirilən Novruzun dadı başqadır. Burada kimin qapısının arxasına gedəsən. Bəzən şahidi oluram ki, uşaqlar gətirib papaq qoyur. Bir də görürsən biri təpiklə vurub atır. O düz deyil. Bu, uşaq dünyasıdı, uşaq dünyasının başlanğıc mərhələlərində gərək uşaqların qəlbini qırmayasan. Mən Qərbi Azərbaycandanam, ermənilərdə belə bayram görməmişəm. Onlar da Novruz bayramında gəlib bizim şənliklərdə iştirak edirdilər.

Qızım, onu da qeyd edim ki, indi Novruz təkcə ailələrdə deyil, dövlət səviyyəsində də təntənəli şəkildə qeyd olunur. Hətta ölkə başçısı və xanımı bayram şənliklərinə qatılırlar.

- İndi bayramı necə qeyd edirsiniz?

- Biz yaxşı stol bəzəyirik, uşaqlarımız gəlir. Yığışırıq stolun ətrafına. Qaydaya görə, hər kəs Novruzu öz evində qeyd etməlidir. Cavanlar öz valideynlərini təbrik etməlidir. Məsələn, anam deyərdi ki, gedirəm bayramlaşmağa, gedirdi, pay da aparırdı. Görün bunun nə qədər böyük mənəvi əhəmiyyəti var idi.

Abuzər müəllimi çox yormaq istəmirik, suallarımızı burda yekunlaşdırırıq. Onun və ailəsinin bayramını təbrik edib, sonda bizə, xalqımıza olan arzusunu soruşuruq:

- Bu bayram günlərində xalqımıza əmin-amanlıq, gözəl yaşayış, cansağlığı arzulayıram. Ən əsas arzum isə torpaqlarımızı işğalçı, faşist xislətli Ermənistanın pəncəsindən azad etməkdir.

Müsahibəmiz burada yekunlaşır, amma Abuzər müəllimlə söhbətimiz davam edir. Birlikdə onun kitabxanasını nəzərdən keçiririk. Bizi şəxsi kitabxanasındakı nadir ədəbiyyatlarla tanış edir.  

Foto Rəşad RAMAZANOĞLU

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov