Avropa
Birliyinin TEMPUS proqramı çərçivəsində həyata keçirilən
"Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq
bakalavr və magistr proqramları üçün yeni modulların
hazırlanması" layihəsinin rəhbərləri Naxçıvan Dövlət
Universitetində olublar. Layihənin meneceri, Almaniyanın
Yade Tətbiqi Elmlər Universitetinin Beynəlxalq əlaqələr
şöbəsinin müdir müavini xanım Gila Altmann, layihənin
rəhbər komitəsinin üzvü, birinci işçi qrupunun rəhbəri,
Almaniyanın Vorms Tətbiqi Elmlər Universitetinin
vitse-prezidenti, professor Knut Scherhag universitet
kampusunu gəzərək tədris prosesi, maddi-texniki baza ilə
tanış olublar. Universitetin rektoru, AMEA-nın müxbir
üzvü Saleh Məhərrəmov qonaqlara ali məktəblərdə müasir
texnologiyalardan istifadə barədə məlumat verib.
Görüş zamanı rektor Saleh Məhərrəmov vurğulayıb ki,
Naxçıvan Dövlət Universiteti TEMPUS proqramı
çərçivəsində 5 layihənin iştirakçısıdır.
Sonra 2012-ci ildən təməli qoyulan "Davamlı turizmin
idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr
proqramları üçün yeni modulların hazırlanması" layihəsi
ilə bağlı məsələlər müzakirə olunub. Layihənin Naxçıvan
üzrə koordinatoru, universitetin beynəlxalq münasibətlər
kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şamxal
Məmmədov bu istiqamətdə bir sıra işlər görüldüyünü
bildirib. Müzakirə zamanı layihənin müddətinin bir il
daha uzadılması, layihə çərçivəsində universitetdə
Turizm Mərkəzinin yaradılması, onlayn treninqlərin
keçirilməsi və eləcə də xarici mütəxəssislərin treninq
keçməyə dəvət edilməsi, layihə bitdikdən sonra da
universitetlərarası əməkdaşlığın davam etdirilməsi ilə
bağlı məsələlərdən bəhs olunub.
Xanım Gila Altmann universitetdən zəngin təəssüratlarla
ayrılacağını söyləyib. Bildirilib ki, çox zəngin və
qədim tarixə malik Naxçıvanda turizm növlərinin inkişafı
üçün geniş potensial, əlverişli şərait vardır.
Adıçəkilən layihə də məhz buna xidmət edəcək.
Mehriban SULTAN |