Martın
10-da Azəbaycan Dillər Universitetinin İnformasiya
Resurs Kompleksinin Amerika mərkəzində "Azərbaycanda
"Amerika günləri"nin açılış mərasimi keçirilib.
ABŞ-ın ölkəmizdəki səfirliyi və ADU-nun Amerika
mərkəzinin birgə təşkil etdiyi mərasimdə Azərbaycan və
ABŞ-ın dövlət himnləri səsləndirilib. Sonra mövzu ilə
bağlı təşkil olunmuş sərginin açılışı olub.
Amerika mərkəzi haqqında qısa məlumat verilib.
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor
Səməd Seyidov çıxışında Amerika mərkəzində xoş hadisənin
qeyd olunduğunu söyləyib. Rektor bu gün genişlənmiş,
yenilənmiş, müasir texnologiyalara və tələblərə cavab
verən, ən yüksək standartları özündə ehtiva edən Amerika
mərkəzinin ABŞ-ın təhsil, mədəniyyət, texnoloji inkişaf
səviyyəsinin Azərbaycan vətəndaşlarına, tələbələrinə,
universitetlərinə təqdim etdiyini deyib. Azərbaycanla
ABŞ arasındakı diplomatik və mədəni əlaqələrin daim
inkişaf etdiyini söyləyən S.Seyidov bu əlaqələrin daha
da möhkəmləndirilməsinin vacibliyindən söz açıb.
ABŞ-ın Azərbaycana yeni təyin olunmuş fövqəladə və
səlahiyyətli səfiri Robert Sekuta çıxış edərək "Amerika
günləri"nin rəsmi açılışında iştirak etməkdən məmnun
olduğunu bildirib.
Xalq rəssamı, AMEA-nın həqiqi üzvü, Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru, heykəltəraş Ömər Eldarov və
Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı
Ağaəli İbrahimov çıxış edərək bu kimi sərgilərin
keçirilməsinin Azərbaycan-ABŞ əlaqələrinə əhəmiyyətli
təsirindən danışıblar.
"Amerika günləri" ərzində həm Amerika mərkəzində, eyni
zamanda Bakı şəhərində yerləşən digər məkanlarda,
həmçinin Azərbaycanın müxtəlif bölgələrində rəngarəng
proqram və tədbirlər keçiriləcək. Bu layihə çərçivəsində
universitetdə həyata keçirilən "Amerika mənim
gözlərimlə" adlı sərgi haqqında məlumat verilib.
İctimaiyyətlə əlaqələr Departamenti |