Bu günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi
Aparatı rəhbərinin müavini Yaqub Piriyevin rəhbərliyi
ilə nazirliyin bir qrup əməkdaşı Gürcüstanın Təhsil və
Elm Nazirliyində işgüzar səfərdə olub. Səfərin əsas
missiyası Azərbaycan Respublikasının təhsil naziri
Mikayıl Cabbarovun Gürcüstana gözlənilən rəsmi səfəri
ilə bağlı hər iki ölkənin təhsil ekspertləri
səviyyəsində təhsil sahəsində əməkdaşlığın mövcud durumu
və tərəfdaş ölkələrdə aparılan islahatların gedişi ilə
tanışlıq, Gürcüstanda azərbaycandilli və Azərbaycanda
gürcüdilli məktəblərin dərsliklərlə təminatını, nəhayət,
hər iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın
perspektivləri və prioritet istiqamətlərini müzakirə
etmək olub. Təhsil Nazirliyinin nümayəndə heyəti martın
4-dən 7-dək Azərbaycan Respublikasının Gürcüstandakı
səfirliyində, Gürcüstanın Təhsil və Elm Nazirliyində,
Tbilisi şəhərinin 73 və 218 nömrəli azərbaycandilli
məktəblərində, eləcə də Marneuli rayonunun bir sıra
şəhər (3 məktəb) və kənd məktəblərində görüşlər keçirib.
Görüşlərdə təhsilin bütün pillələri üzrə hər iki ölkədə
aparılan islahatların gedişi, Azərbaycan Respublikası
ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiyanın Tbilisi şəhərində
imzalanmış 20 dekabr 2011-ci il tarixli VII iclasının
Protokoluna əsasən Gürcüstanın azərbaycandilli,
Azərbaycanın gürcüdilli ümumtəhsil məktəblərinin ana
dili və ədəbiyyatı dərslikləri ilə təminatı vəziyyəti,
ali təhsildə aparılan islahatlar, təhsil sənədlərinin
tanınması, təhsil müəssisələrinin lisenziyalaşdırılması
və akkreditasiyası sahəsində yeniliklər ətraflı müzakirə
edilib, bu sahələrdə əməkdaşlığın perspektivləri barədə
fikir mübadiləsi aparılıb.
Əvvəlcədən razılaşdırılmış Protokol qaydalarına uyğun
olaraq müzakirələr konstruktiv atmosferdə və anlaşma
şəraitində keçib, tərəflər təhsil sahəsində təcrübə
mübadiləsinə hər zaman hazır və açıq olduqlarını bəyan
ediblər. Müzakirələrdən sonra Azərbaycan nümayəndə
heyəti gürcüstanlı həmkarları ilə birlikdə Gürcüstanın
azərbaycandilli məktəblərində Azərbaycandan göndərilən
"Azərbaycan dili" və "Ədəbiyyat" dərsliklərinin
təminatı ilə yaxından tanış olub, "Azərbaycan dili və
ədəbiyyat" müəllimi ixtisası üzrə kadrlarla təminatın
mövcud vəziyyəti ilə maraqlanıb, onların arzu və
təkliflərini dinləyiblər. Araşdırmalar göstərib ki,
həmin məktəblərin göstərilən dərsliklərlə təminatında
heç bir problem yoxdur. Əsas problemin bu ixtisas üzrə
müəllimlərə gələcəkdə yaranacaq ehtiyacla bağlı olduğu
aydınlaşıb.
Azərbaycan nümayəndə heyəti Azərbaycan Respublikası
təhsil nazirinin adından soydaşlarımız üçün nəzərdə
tutulan noutbuk, proyektor və digər hədiyyələri Tbilisi
şəhərindəki 218 nömrəli, Marneuli rayonundakı Alaveri
kənd məktəbinin kollektivinə təqdim edib.
Səfər hər iki tərəf üçün səmərəli və faydalı olub, bu
istiqamətdə görüşlərin və təcrübə mübadiləsinin davam
etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə
heyəti tərəfindən Azərbaycanla Gürcüstan arasında təhsil
sahəsində əməkdaşlığın davam və inkişaf etdirilməsinin
strateji istiqamətlərinə dair konkret təkliflər paketi
hazırlanıb.
www.edu.gov.az |