Martın
11-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun
Hüseyn tərəfindən Azərbaycanın birinci xanımı Mehriban
Əliyevaya Pakistanın ali dövlət mükafatı - "Hilal-e-Pakistan"
ordeninin təqdim edilməsi mərasimi olub.
Əvvəlcə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
"Hilal-e-Pakistan" ordeni ilə təltif edilməsi barədə
müvafiq qərar oxundu.
Qərarda deyilir: "Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva 2004-cü ildə Heydər Əliyev Fondunun prezidenti
təyin edilmişdir. Fond təhsil, səhiyyə, mədəniyyət,
idman, ətraf mühit və digər sahələrdə müxtəlif layihələr
həyata keçirərək Azərbaycanın sosial-iqtisadi inkişafına
töhfələr verir. Fondun fəaliyyəti tədricən dost
ölkələri, o cümlədən Pakistanı da əhatə etməyə başladı.
2005-ci ilin oktyabrında Pakistanda zəlzələ baş
verdikdən sonra Fond 2007-ci ildə Müzəffərabadın Rara
qəsəbəsində zəlzələ nəticəsində dağılmış qızlar
məktəbinin tikintisi kimi müxtəlif humanitar layihələrdə
fəal iştirak etmişdir. 2011-ci ildə daşqınlar
nəticəsində zərər çəkmiş məktəb 2012-ci ildə tam şəkildə
yenidən qurulmuş, təmir və təchiz edilmiş, davamiyyəti
ilə seçilmiş tələbələrə isə təqaüdlər verilmişdir.
2012-ci ildə hepatit B peyvəndi İslamabadda Edhi və KPK
kimsəsiz evlərinə çatdırılmış, 40 min nəfərə yaxın şəxsə
həmin peyvənd vurulmuşdur. Fond, həmçinin qanköçürmə
məqsədilə Həmzə Fonduna tam təchiz edilmiş təcili tibbi
yardım maşınını və 2000 qan paketini çatdırmış,
Peşəvərdə Xayber Göz Fondunun klinikasının yeni blokunun
tikintisinə maliyyə yardımı ayırmışdır. 2013-cü ildə isə
Fond Azərbaycanın 12 nüfuzlu universitetində pakistanlı
tələbələr üçün sosial elmlər üzrə universitetlərarası
konsorsiuma 36 təqaüd ayırmışdır.
Pakistanda göstərdiyi xidmətlərə, eləcə də verdiyi böyük
töhfəyə görə Pakistan İslam Respublikasının Prezidenti
Mehriban xanım Əliyevanın "Hilal-e-Pakistan" ordeni ilə
təltif etməkdən məmnundur".
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya
Pakistanın ali dövlət mükafatı - "Hilal-e-Pakistan"
ordenini təqdim etdi.
Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva çıxış edib.
Mərasimin sonunda Azərbaycan Prezidenti İlham Əliyev,
xanımı Mehriban Əliyeva, Pakistan Prezidenti Məmnun
Hüseyn və xanımı Bequm Sahiba xatirə şəkli çəkdirdilər.
AZƏRTAC |