Martın
2-də Azərbaycan Dillər Universitetində 1 mart -
Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir
keçirilib. Mülki Müdafiə, tibbi biliklərin əsasları və
bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda
Zamanovanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən
tədbirdə tədris işləri üzrə prorektor Vazeh Əsgərov,
tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev,
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
Mülki Müdafiə Qoşunları Mülki Müdafiə İdarəsinin
əməkdaşları, həmçinin universitetin müəllim-tələbə
heyəti iştirak edib.
"Açıq dərs" formatında keçirilən tədbirdə Fövqəladə
Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki
Müdafiə İdarəsinin rəisi, polkovnik Qüdrət Ağayev
tədbirin tələbələri maarifləndirmək məqsədilə
keçirildiyini bildirib. Polkovnik fövqəladə hallar
zamanı baş vermiş hadisələr, bu hallardan çıxış yolu
tapmaq üçün lazımi qaydalar haqqında məlumat verib.
Mərkəzi Mülki Müdafiə kurslarının rəisi, polkovnik Asif
Qəribov "Mülki müdafiənin təşkili və mülki müdafiə
sahəsində əhalinin hazırlanması" mövzusunda məruzə edib.
Mülki müdafiənin məqsədi, təşkil edilməsi prinsipləri,
mülki müdafiə sahəsində dövlətin, hüquqi şəxslərin,
vətəndaşların vəzifələrinə toxunan A.Qəribov mülki
müdafiə sisteminin təşkili sxemi ilə iştirakçıları tanış
edib. Rəhbərlik etdiyi kurslar haqqında məlumat verən
polkovnik A. Qəribov obyektlərdə mülki müdafiənin
öyrədilməsi, Fövqəladə Hallar Nazirliyinin fəlakətin
nəticələrinin aradan qaldırılması zamanı fəaliyyəti
məsələlərinə də aydınlıq gətirib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin tərkibində
fəaliyyət göstərən qurumlar, nazirliyin fəaliyyəti,
keçirilən təlimlərin əks olunduğu videoçarx nümayiş
olunub.
Daha sonra mərkəzi laboratoiya avadanlıqları və
texnikaları, dəri mühafizə vasitələri, zəhərləyici
maddələrdən qorunma vasitələri haqqında məlumat verilib,
onların nümayişi keçirilib.
ADU-nun İctimaiyyətlə əlaqələr departamenti
|