Şamaxıda ümummilli lider Heydər Əliyevin irsinin daha
dərindən öyrənilməsi məqsədilə ümumtəhsil məktəblərinin
bir qrup XI sinif şagirdləri üçün növbəti "açıq dərs"
keçirilib.
Rayon təhsil şöbəsindən bildiriblər ki, Heydər Əliyev
Mərkəzində keçirilən dərsdə Qaleybuğurd, Qonaqkənd və
Qurdtəpə kənd tam orta məktəblərinin şagirdləri iştirak
edib.
Tarix müəllimi Saleh Mirzəyev əvvəlcə şagirdlərə 1992-ci
il fevralın 25-dən 26-na keçən gecə erməni daşnaklarının
Xocalıda törətdikləri soyqırımı barədə ətraflı məlumat
verib. Bildirilib ki, bu dəhşətli qırğına ilk
hüquqi-siyasi qiymət verən ümummilli lider Heydər Əliyev
faciənin dünya ictimaiyyətinə çatdırılmasında və
soyqırımı kimi tanınmasında mühüm işlər görüb.
"Açıq dərs"də bütün mənalı həyatını öz xalqının taleyi
ilə bağlayan ümummilli liderin misilsiz xidmətləri geniş
şərh olunub. Vurğulanıb ki, Heydər Əliyevin fəaliyyəti
Azərbaycan tarixində əsl dövlət idarəçiliyi məktəbinə
çevrilib. Hələ neçə-neçə nəsillər bu böyük məktəbdən,
Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin
inkişafı naminə faydalanacaq.
Ümummilli lider Heydər Əliyevin mənalı həyatı, müasir
müstəqil Azərbaycan dövlətinin qurulması, inkişafı və
tərəqqisi sahəsindəki fəaliyyəti ilə bağlı məlumatlar və
şərhlər şagirdlər tərəfindən maraqla qarşılanıb.
Sonra şagirdlər Heydər Əliyev Mərkəzi ilə yaxından tanış
olublar. |