Azərbaycan
Milli Konservatoriyasının tərkibində İncəsənət
Gimnaziyasının VII sinfində təhsil alan Züleyxa
Abdullayeva kiçik yaşlarından respublika və beynəlxalq
müsabiqələrə qatılıb. Musiqi müəllimi Nigar Nəcəfova
onun istedad və bacarığına, musiqi duyumuna heyran
qaldığını söyləyir. İlk dəfə olaraq Azərbaycan
bəstəkarlarının yubileyinə həsr olunmuş musiqi
festivallarına qatılan Züleyxa bu yarışlarda uğurla
çıxış edərək diplomlara layiq görülüb. 8 yaşlı musiqiçi
İtaliyada keçirilən Pyetro Argento adına müsabiqədə
qələbə qazanaraq müsabiqənin kuboku və təqaüdü ilə
mükafatlandırılıb. İsveçin Stokholm şəhərində keçirilən
beynəlxalq Rondo müsabiqəsində o, Azərbaycan və dünya
bəstəkarlarının əsərlərini ifa edərək yarışmanın
diplomunu qazanıb.
Parisdə keçirilən dünyaşöhrətli bəstəkar Nikolay
Rubinşteynə həsr olunmuş XI Beynəlxalq piano musiqi
müsabiqəsində əsrarəngiz ifaları ilə tamaşaçıları
heyran edib. 2010-cu ildə fortepiano üzrə musiqi
festivalında Züleyxa diplomant adını qazanıb.
Beynəlxalq müsabiqə və festivallarda ölkəmizi uğurla
təmsil edən yeniyetmənin adı Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə
Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil
edilib və o, xüsusi aylıq təqaüdə layiq görülüb.
2014-cü ildə ABŞ-ın Nyu-York şəhərində keçirilən "Amerkan
Protege" beynəlxalq müsabiqəsində Züleyxa Azərbaycan
bəstəkarı Adil Bəbirovun məşhur "Prelüd və Scerszo"
əsərini məharətlə ifa edib və musiqisevərlərin
alqışlarını qazanıb. Həmin il növbəti səfərdən də uğurla
qayıdıb. O, Nyu-Yorkun məşhur Carneque Hall zalında
A.Bəbirovun yuxarıda adıçəkilən əsərini özünəməxsus
ustalıqla ifa edərək iştirakçıları heyran edib.
Züleyxa ilə söhbət edərkən bildirdi ki, qazandığı hər
hansı bir uğur təkcə onun yox, müəllimlərinin,
bütövlükdə Azərbaycanın uğurudur. Sənət yollarında ilk
addımlarını atan istedadlı yeniyetməni qarşıda daha
böyük uğurlar gözləyir.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |