Artıq
üçüncü ildir ki, məktəblilər arasında Google SketchUp
qrafik redaktorunda ən yaxşı üçölçülü model hazırlamaq
üzrə müsabiqə keçirilir. 2011-ci ildə 7-ci sinif "İnformatika"
dərsliyinə daxil edilən Google SketchUp proqramı
şagirdlərin çox böyük həvəslə işlədikləri tətbiqi
proqramlardandır. Google SketchUp proqramı obyektlərin
üçölçülü modellərini yaratmaq üçün nəzərdə tutulan
müasir proqramlardandır. Autodesk Maya, 3D Max, AutoCAD
kimi mükəmməl və mürəkkəb proqramlarda işləmək üçün
Google SketchUp proqramı çox uğurlu başlanğıcdır.
Bu proqramda iş vərdişlərinin formalaşdırılması
informatikanın riyaziyyat, təsviri incəsənət, həyat
bilgisi və texnologiya fənləri ilə inteqrasiyasını təmin
edir. Şagirdlərin analoji tətbiqi proqramlara artan
maraqlarını, məktəblilərin və informatika müəllimlərinin
çoxsaylı müraciətlərini nəzərə alaraq, dərslik
müəllifləri Təhsil Nazirliyinin İnformatika üzrə
olimpiadalara hazırlıq mərkəzinin və "Bakı"
nəşriyyatının dəstəyi ilə 28.02.2015-ci il tarixində
Google SketchUp proqramında ən yaxşı üçölçülü
modellərin yaradılması üzrə növbəti respublika
müsabiqəsini keçirdilər. Müsabiqənin keçirilməsi barədə
məlumat və onun şərtləri bir ay əvvəldən informatik.az
saytında və Facebook sosial şəbəkəsinin "İnformatika
müəllimləri" qrupunda verilmişdi.
Builki müsabiqə əvvəlki illərdən bir neçə mühüm
cəhətlərinə görə fərqlənirdi. Əvvəla, müsabiqə
ümumrespublika səviyyəsində keçirilirdi. Müsabiqədə
respublikamızın müxtəlif bölgələrindən 168 şagird
iştirak edirdi. Digər mühüm bir yenilik isə
iştirakçıların onlayn qeydiyyatdan keçmələri oldu. Hər
bir məktəbdən bir şagird olmaqla məktəb informatika
müəllimləri informatik.az saytında və Facebook sosial
şəbəkəsinin "İnformatika müəllimləri" qrupunda verilmiş
xüsusi formanı doldurmaqla iştirak edəcək şagirdləri
qeydiyyata salmışdılar. 7 və 8-ci sinif şagirdləri
arasında keçirilməsi nəzərdə tutulan müsabiqədə Lahıc
kənd tam orta məktəbinin 4-cü sinif şagirdi Lalə
Əliyevanın da iştirakı bütün münsiflər heyəti üçün əsl
sürpriz oldu. Müsabiqənin ən gənc iştirakçısının bu
cəsarəti onun böyük gələcəyindən xəbər verir.
Müsabiqənin yerlərdə keçirilməsini təmin etmək məqsədilə
bölgələrdə müvafiq mərkəzlər yaradılmışdı. Ətraf rayon
məktəblərinin şagirdləri bu mərkəzlərə toplaşmışdılar.
Mərkəz olaraq Bakı, Gəncə, Göyçay, Qax, Salyan,
İsmayıllı, Şamaxı, Göygöl, Mingəçevir, Şirvan, Balakən,
Ağcabədi şəhərləri seçilmişdi.
Şərtlərə görə hər bir mərkəz rəhbəri müsabiqədən ən geci
yarım saat əvvəl Bakı şəhərindəki mərkəzlə Skype
bağlantı yaratmalı, Ramin Mahmudzadənin rəhbərlik etdiyi
münsiflər heyətinə iştirakçıların sayı, texniki təchizat
və digər məsələlərlə bağlı məlumat verməli idi.
Şagirdlərə veriləcək tapşırıq müsabiqə günü bir neçə
variant arasından püşkatma ilə müəyyən olunmalı idi.
Münsiflər heyətinin və Təhsil Nazirliyinin məsul
şəxslərinin də iştirak etdikləri püşkatma nəticəsində
üçölçülü modeli hazırlanacaq obyekt olaraq Azərbaycan
Respublikası Ali Məhkəməsinin binası müəyyən olundu.
Şagirdlər 1,5 saat ərzində bu obyektin modelini
hazırlamalı idilər. Bakı və bölgələrdə müsabiqəyə eyni
vaxtda - 10.40-da start verildi.
Müsabiqənin bütün respublikada mütəşəkkil keçirilməsində
mərkəz rəhbərlərinin yüksək təşkilatçılıq bacarıqlarını
xüsusi qeyd etmək lazımdır. Bölgələr üzrə ən qabaqcıl
müəllimlərdən seçilmiş mərkəz rəhbərləri şagirdləri
vaxtında qeydiyyatdan keçirmişdilər. Onlar tapşırığın
verilməsinə tam hazır vəziyyətdə gözləyirdilər. 10.30-da
tapşırıq müəyyən olunan kimi dərhal bu barədə bölgə
mərkəzlərinə məlumat və obyektin müxtəlif rakurslardan
fotoşəkilləri ötürüldü. Seçilmiş obyektin fotoşəkilləri
bütün bölgələrə eyni vaxtda onlayn ötürülmüşdü. Mərkəz
rəhbərləri tərəfindən şəkillər qəbul edilib proyektor və
elektron lövhələr vasitəsilə şagirdlərə nümayiş
etdirildi. Müsabiqə davam etdiyi 1,5 saat ərzində
obyektin görüntüləri şagirdlərin daim gözləri
qarşısında idi.
Müsabiqənin
ilk dəqiqələrindən şagirdlərin çox hazırlıqlı və həvəsli
olduqları görünürdü. Azərbaycan Respublikası Ali
Məhkəməsinin binası memarlıq baxımından mürəkkəbliyi ilə
seçilsə də, şagirdlər onun üçölçülü modelinin
yaradılmasında heç də çətinlik çəkmirdilər. Vaxt
keçdikcə şagirdlərin binanın sütunlarını, pəncərə və
xırda detallarını necə məharətlə yaratdıqları hamını
heyrətə gətirirdi. Klassisizm üslubunda yaradılmış bu
memarlıq əsəri son dövrlərdə respublikamızda inşa edilən
çox gözəl sənət əsərləri arasında özünün orijinallığı
ilə seçilir.
Gəncə, İsmayıllı, Şirvan, Abşeron və Salyan rayon təhsil
şöbələrinin yaxından köməkliyi və mərkəz rəhbərlərinin
peşəkarlıqları sayəsində uyğun mərkəzlərdə iş yüksək
səviyyədə təşkil edilmişdi. İsmayıllı şəhərində
şagirdlər İsmayıllı şəhər muzeyinin binasına
yığışmışdılar. Bu mərkəzdə İsmayıllı rayonunun
şagirdləri ilə yanaşı, Siyəzən və Ağsu rayonlarının
şagirdləri də daxil olmaqla 41 nəfər iştirak edirdi.
Göyçay, Qax, Şamaxı, Göygöl, Mingəçevir, Balakən
şəhərlərində, eləcə də Ağcabədi rayonu Hindarx
qəsəbəsində yerləşən mərkəzlərin işi müsabiqənin
təşkilatçıları tərəfindən yüksək qiymətləndirildi,
mərkəz rəhbərlərinə əsl müəllim fədakarlığı və peşə
sədaqəti nümayiş etdirdiklərinə görə minnətdarlıq
bildirildi.
Bakı şəhəri üzrə mərkəz 283 nömrəli tam orta məktəbdə
yerləşmişdi. Bura Bakı, Sumqayıt, Xızı şəhərləri, eləcə
də Qubadlı, Abşeron rayonlarından 53 şagird iştirak
edirdi.
Münsiflər heyətinin böyük sevincinə səbəb olan
faktlardan biri də o oldu ki, müasir tətbiqi
proqramlardan hesab edilən Google SketchUp proqramında
respublikamızın bölgələrindən olan şagirdlərin iş
səviyyələri heç də şəhər məktəblərində təhsil alan
şagirdlərin səviyyəsindən geri qalmırdı. Bu isə
informatika fənninin bütün respublikada tədrisinin
keyfiyyətinin ilbəil artdığını sübut edir.
Müsabiqədə
iştirak edən şagird işlərinin obyektiv
qiymətləndirilməsi məqsədilə münsiflər heyəti bütün
işləri kodlaşdırmaq qərarına gəldilər. 163 iş münsiflər
heyətinin hər bir üzvü tərəfindən ayrıca
qiymətləndirilir. Sonda reytinq cədvəli qurularaq
nəticələr müqayisə və təhlil olunaraq qaliblər müəyyən
ediləcəkdir. Hər bir iştirakçının işinə diqqətlə
baxılması vaxt tələb etdiyindən qərara alındı ki,
müsabiqənin nəticələri 15 gün ərzində elan edilsin.
"Azərbaycan müəllimi" |