Bakı Ali Neft Məktəbində gənc kimyaçıların yaradıcılıq
müsabiqəsi keçirilib. Ali təhsil ocağının rektoru Elmar
Qasımov Təhsil Nazirliyi ilə birgə keçirilən müsabiqənin
açılış mərasimində rəhbərlik etdiyi ali təhsil
müəssisəsinin yaranma tarixi, fəaliyyəti, uğurları və
perspektivləri haqqında məlumat verib. Rektor müsabiqə
iştirakçılarına bu cür tədbirlərdə həmişə fəal iştirak
etməyi tövsiyə edib və onlara bilik yarışında uğurlar
diləyib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn
Əsgərov çıxış edərək yeniyetmələrin yaradıcılıq
fəaliyyətinə cəlb olunmasının onların təhsildə
motivasiyasının artırılmasına xidmət etdiyini, gələcək
həyat yolunun seçilməsində vacib amil olduğunu
vurğulayıb.
BANM-in "Kimya mühəndisliyi" ixtisası üzrə 1-ci kurs
tələbəsi Nərmin Baxışova, 3-cü kurs tələbəsi, Prezident
təqaüdçüsü Pərnaz Səlimova çıxışlarında bu ali
məktəbdəki münbit təhsil mühitinin, məzmunlu və maraqlı
tələbə həyatının onların şəxsiyyət və mütəxəssis kimi
formalaşmasında böyük rol oynadığını vurğulayıblar.
Daha sonra 26 komanda arasında müsabiqəyə start verilib.
Komandaların üzvləri bir saat ərzində müsabiqə
tapşırıqlarını yerinə yetirdikdən sonra onların
cavabları münsiflər tərəfindən qiymətləndirilib və qalib
komandalar müəyyən edilib.
Tədbir çərçivəsində müsabiqə iştirakçıları üçün Bakı Ali
Neft Məktəbi ilə tanışlıq ekskursiyası təşkil olunub.
Yarışmanın yekununda I-III yerlərə çıxan komandaların
üzvlərinə Bakı Ali Neft Məktəbinin 1-ci, 2-ci və 3-cü
dərəcəli diplomları və mükafatları təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi |