Gəncə Dövlət Universitetinin dosenti Mərdan Məmmədovun
rəhbərlik etdiyi təsviri incəsənət kafedrasında
tələbələri həvəsləndirmək, onların qabiliyyətlərini
aşkarlamaq və daha da inkişaf etdirmək istiqamətində
ciddi işlər görülür. Həmin kafedranın professoru,
respublikanın əməkdar rəssamı Şaiq Məmmədovun rəhbərlik
etdiyi "Məktəbdə bədii tərtibat və heykəltəraşlıq"
laboratoriyası görülən işlərin mərkəzinə çevrilib.
Laboratoriyaya daxil olanda sanki maraqlı yaradıcılıq
nümunələri ilə zəngin olan muzeyə girirsən. Divarlarda
tələbələrin xalq sənətinin müxtəlif sahələrini əks
etdirən əl işlərindən ibarət eksponatlar, otaqdakı
heykəltəraşlıq nümunələri nəinki tələbə və müəllimlərin,
hətta universitetə gələn qonaqların da diqqətini cəlb
edir. Təsadüfi deyil ki, universitetin IV kurs tələbəsi
Elçin Cəfərovun Bakıda Səttar Bəhlulzadənin xatirəsinə
həsr olunmuş əmək yarmarkasında nümayiş etdirilən 30-dan
artıq əl işi iştirakçıların dərin marağına səbəb olub.
Hazırda xalqımız ən müqəddəs bayramı olan Novruza
hazırlaşır. Təsviri incəsənət kafedrası da bu bayrama öz
töhfəsini vermək üçün tələbələr arasında "Novruz
müsabiqəsi" keçirməyi qərara alıb. Qərarı böyük sevinclə
qəbul edən tələbələr ilk gündən müsabiqənin qalibi olmaq
həvəsi ilə yaradıcılıq işinə başlayıblar. Təqdim olunan
nümunələrdə tələbələrin fantaziyasına, Novruz bayramının
xalq həyatında əhəmiyyətinin, insanların mənəvi
dünyasına təsiri məsələsinin təsvirinə diqqət
yetiriləcəkdir.
Maqbet ƏHMƏDOV,
Mətbuat xidmətinin rəhbəri |