Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

Dərsliklər dövrün tələblərinə cavab verməlidir

 

Böyütmək üçün seçinAzərbaycan təhsili yeniləşmə mərhələsini yaşamaqdadır. İlk növbədə, ümumtəhsil məktəbblərində daha qabarıq şəkildə hiss edilən və onun keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına yönəlmiş bu yeniləşmə təhsilin məzmununda, təlim prosesinin təşkili və idarə olunmasında mütərəqqi baxışlara, pedaqoji texnologiyalara istinad olunması ilə şərtlənir. Təsadüfi deyil ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda yaxın dövr üçün konkret vəzifələr müəyyənləşdirilərkən qeyd edilən amillər birinci növbədə nəzərə alınmış, xüsusilə səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun işlənilməsi istiqamətində "kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması" gündəmdə duran məsələlər sırasında verilmişdir. Yalnız təhsilverənlərin və təhsilalanların deyil, geniş sosial təbəqənin maraq dairəsində olan bu problemin uğurlu həlli, təbii ki, ənənəvi yanaşmadan köklü şəkildə fərqlənən yeni yanaşma tələb edir. İnanırıq ki, "Azərbaycan müəllimi" qəzetinin fənn müəllimləri ilə dərslik müəllifləri arasında mütəmadi keçirməyi nəzərdə tutduğu diskussiya bəzi mübahisəli məsələlərin aydınlaşmasına təkan verəcəkdir. 

İlkin mülahizələrdən göründüyü kimi, müəllimi düşündürən məsələlər  mövzuların elmi şərhindən, həcmindən tutmuş tapşırıqların qoyuluşu, şagirdlərin yaş səviyyəsinə uyğunluğu kimi çoxsahəli aspektləri əhatə edir. Təəssüf ki, məktəb dərsliklərinin hazırlanmasının elmi-metodik əsasları ilə bağlı ölkəmiz elə də zəngin təcrübəyə malik deyil və ortaya çıxan qüsurların bir çoxu məhz bununla əlaqədardır. Əslində məktəb dərsliklərinin məzmunu, strukturu, dil və üslub xüsusiyyətləri, onların şagirdlərin elmi dünyagörüşünün formalaşmasında, ümummədəni inkişafında oynadığı rol və s. məsələlərin hər biri ayrıca müzakirə edilməli  mövzulardır. Qaldırılan problemin aktuallığını nəzərə alaraq konseptual xarakterli bəzi məqamlara münasibət bildirmək istərdik.

Yetişməkdə olan gənc nəslin maraq dairəsinə və düşüncə tərzinə, təlim prosesinin tələb və texnologiyalarına uyğunlaşdırılmış şəxsiyyətyönlü dərsliklərin yaradılması olduqca məsuliyyətli və ciddi bir işdir. Fənnin mahiyyətini, məqsəd və məramını, didaktik əsasları və metodik xüsusiyyətlərini, təmsil etdiyi elmin inkişaf səviyyəsini dərindən bilmədən bu işə girişmək gözlənilən nəticələrə gətirib çıxara bilməz. Müasir dərslik təhsil standartlarında nəzərdə tutulmuş bilik və bacarıqların reallaşmasını təmin edən ən mühüm mənbə olub təlim prosesinin təşkilində başlıca vasitə rolunu oynayır. O, konkret fənn üzrə sistemləşdirilmiş təlim materialını özündə əks etdirməli, sinfin anlam səviyyəsinə uyğun olmalı və şagirdlərin özünütəhsilinə xidmət etməlidir. Dərsliyin strukturu məntiqi, məqsədyönlü ardıcıllıqla elə dəqiq qurulmalıdır ki, təlim prosesinin yaradıcı, motivasiyaedici və inteqrativ formada təşkilində müəllimin başlıca yardımçısı olsun. O, eyni zamanda, şagirdlərin elmi dünyagörüşünün formalaşmasında və həyati əhəmiyyət kəsb edən praktik vərdişlərə yiyələnməsində müstəsna rol oynamalıdır. Bununla belə, nəzərə alınmalıdır ki, informasiya texnologiyasının yüksək sürətlə inkişaf etdiyi hazırkı mərhələdə dərslik biliklərin yeganə mənbəyi deyil, onların əldə olunmasında ötürücü funksiya daşıyan vasitələrdən biridir.

Hər hansı bir dərsliyin keyfiyyəti onun təlim məqsədlərinə, təhsilin məzmununa, müvafiq fənn proqramına və təlim prinsiplərinə nə dərəcədə uyğun olması ilə ölçülür. Kurikulum islahatı çərçivəsində hazırlanaraq məktəblilərin istifadəsinə verilmiş dərsliklərin bu kriteriyalar əsasında təhlili onları aşağıdakı kimi təsnif etməyə imkan yaradır:

Ənənəvi modeldə hazırlanmış dərsliklər. Bu tipli bilikyönümlü, fənyönümlü dərsliklər məzmunun akademik səviyyədə işlənilməsi ilə xarakterizə olunur. Belə dərsliklərdə məzmun qayda, tərif, fakt və şərhlərlə həddən ziyadə yüklənir, elmi anlayışlar şagirdlərin anlam səviyyəsinə uyğun izah olunmur, illüstrativ materiallara az yer verilir, suallar düşüncə inkişafına deyil, verilmiş faktların yadda saxlanılmasına yönəlir, tapşırıqlar isə sırf nəzəri aspektdə qurulub praktik vərdişlərin yaranmasına zəif xidmət edir. Maraqlıdır ki, bu tipli dərsliklərin müəllifləri deyilən iradları heç çürə qəbul etmir və bütün göstəricilər üzrə özlərini haqlı sayırlar. Belələri ümumtəhsil məktəb dərsliklərinə ali məktəb kursunun müəyyən həcm daxilində sıxlaşdırılmış və sadələşdirilmiş variantı kimi yanaşırlar.

Ənənəvi modelin təkmilləşdirilməsi yolu ilə hazırlanmış dərsliklər. Belə dərsliklərdə mövzuların şərhi şagirdlərin anlam səviyyəsinə uyğunlaşdırılmış, sual və tapşırıqların qoyuluşunda düşündürücü məsələlər önə çəkilmiş, illüstrativ materiallara xeyli yer ayrılmışsa da, şagirdlərin fəaliyyəti yenə də elmi anlayışların mənimsənilməsinə, faktlarıın yadda saxlanılmasına istiqamətlənmişdir. Daha çox dizayn elementləri ilə zənginləşdirilmiş belə dərsliklərin hazırlanması irəliyə doğru bir addım sayılsa da, şagirdlərin müstəqil və yaradıcı təlim fəaliyyətinin tələblərini tam ödəmir.

Qabaqcıl təhsil sisteminə malik ölkələrin təcrübəsinə və müasir pedaqoji, psixoloji və metodik baxışlara əsaslanaraq hazırlanmış yeni dərsliklər. Belələrini şəxsiyyətyönlü dərsliklər kimi də səciyyələndirmək olar. Bu dərsliklərin başlıca üstünlüyü ən zəruri biliklərin verilməsi yolu ilə şagirdlərdə nəticəyönümlü bacarıqlar formalaşdırmaq və bununla da təhsilin hamı üçün yetərliliyinə müvəffəq olmaqdır. Məzmun dolğunluğu, aşılanması nəzərdə tutulmuş bilik və bacarıqların sadədən mürəkkəbə doğru istiqamətlənməsi, struktur tamlığı, təlim fəaliyyətinin müəyyən sistem daxilində təkrarlığı və praktik vərdişlərin formalaşmasına köklənməsi, mövzuların şərhində illüstrativ materialların mətn nümunələri ilə mütənasib qarşılıqlı sintezi, üslub rəngarəngliyi və s. baxımdan seçilən bu tipli dərsliklər şagirdin fərd olaraq şəxsiyyət kimi formalaşması məramına xidmət edir. Azərbaycan təhsilinin qarşısına qoyulmuş başlıca vəzifələrdən biri məhz məktəblilərin bu tipli, yəni səriştəyə əsaslanan şəxsiyyətyönlü dərsliklərlə təmin edilməsidir.

Ümumiyyətlə, hansı modeldə işlənilməsindən asılı olmayaraq, məktəb dərslikləri öyrədici, tərbiyələndirici və inkişafetdirici xüsusiyyətləri özündə ehtiva etməlidir. Göstərilən dərslik tiplərini fərqləndirən başlıca xüsusiyyət ənənəvi dərsliklərdə bu işin müəllimin köməyi ilə, şəxsiyyətyönlü dərsliklərdə isə şagirdin müstəqil idraki fəaliyyətə təhriki yolu ilə həyata keçirilməsidir.

Kurikulum islahatı çərçivəsində 2008-2009-cu tədris ilindən başlayaraq məktəblilərin istifadəsinə verilmiş dərsliklərin təhlili göstərir ki, ənənəvi modeldən uzaqlaşma meyli onların hazırlanmasında əsas xətt kimi götürülsə də, bu yeniləşmə meyli heç də bütün hallarda özünü doğrultmur. Müzakirələrdən də göründüyü kimi, fənn müəllimləri müəyyən arqumentlərlə çıxış edərək bəzi dərsliklərin məzmunu, həcmi və s. məsələlərdən narazılıqlarını bildirirlər. Sahə mütəxəssisləri və valideynlər arasında da bu baxışları bölüşənlər az deyil. Fikrimizcə, deyilən iradların çoxu aşağıdakı amillərlə izah oluna bilər:

*Fənn müəllimlərinin böyük əksəriyyəti hələ də ənənəvi dərsliklərin təsir dairəsindən uzaqlaşa bilmədiklərindən yeni dərsliklərlə işləməkdə çətinlik çəkirlər. Öz funksiyasını keçilən dərsin 25-30 dəqiqəsini dərslikdə verilmiş mətnin nəql edilməsinə, tərif və qaydaların şərhinə, qalan hissəsini isə faktoloji suallar vasitəsilə danışılan məzmunun şagird yaddaşına köçürülməsinə sərf etməkdə görən belə müəllimlər sinfi idraki fəallığa sövq edən yeni dərsliklərlə işləməkdə çətinlik çəkir, onu metodik baxımdan "həzm" edə bilmirlər.

* Öz məktəb illərinin təcrübəsindən çıxış edən valideynlər bu və ya digər tapşırığın yerinə yetirilməsində onlara müraciət edən uşaqlarına kömək göstərməkdə aciz qalır və bunu dərsliklərin mürəkkəbliyi ilə izah edirlər. Belə bir şəraitin yaranması yenə də fənn müəllimlərinin təlim prosesini düzgün qurmamasından irəli gəlir. Əgər şagird sinifdə mövzu ilə bağlı sual və tapşırıqlarla işləmək bacarığına yiyələnərsə, evdə valideynlərindən kömək istəmək məcburiyyətində qalmaz. Odur ki, öz üzərində işləyib qabaqcıl təcrübəyə yiyələnən müəllimlər belə halların təkrarlanmaması üçün valideynlərlə izahedici iş aparmalı, müasir dərsliklərin spesifik xüsusiyyətlərini onlara izah etməlidir.

* Bəzi dərsliklər, həqiqətən də, müasir pedaqoji, psixoloji və metodik tələblərə cavab vermir. Təlim yükü ağır olub materialları akademik səviyyədə işlənilən, metodik aparaturası sistemsiz təsir bağışlayan, dil və üslubunda ciddi nöqsanlar müşahidə edilən bu tipli dərsliklər çətin mənimsənildiyi üçün tədrisdə müxtəlif problemlər yaradır.

Dərslik məlumat kitabçası deyil. O, fakt və hadisələri, qanun və qanunauyğunluqları sadə, məntiqi ardıcıllıqla şagirdlərə aşılamağı nəzərdə tutan bilik xəzinəsi olmaqla yanaşı, həmin biliklərin əldə edilmə qaydalarını öyrədən metodik işləmədir. Burada bölmə və mövzuların adlandırılması, sualların qoyuluşu və tapşırıqların yerinə yetirilmə üsullarını açıqlayan şərtlərin ifadə edilməsi dərslərdə öyrədici mühitin yaradılmasının ilkin şərtlərindəndir. Ona görə də bölmə və mövzuların adı elə seçilməlidir ki, şagirddə xüsusi maraq oyatsın. Qapalı, faktoloji suallar əvəzinə, açıq, axtarış tələb edən suallara geniş yer verilməsi kurikulumlara əsaslanan müasir dərsliklər qarşısında qoyulan tələblərdəndir. Buradakı tapşırıqların şərti mürəkkəb olmamalı, sadə cümlələr şəklində ifadə olunmalıdır. Onlar şagirdləri tənqidi, məntiqi və yaradıcı düşünməyə vadar etməli, müstəqil nəticələr çıxarmağa alışdırmalı və rəngarəngliyi ilə seçilməlidir.

Bəzi müəlliflərin cavabından göründüyü kimi, onlar müəyyən məsələlərin dərslikdə sistemli şərh edilməməsini dərsliyin həcmi və ya fənn proqramı ilə əlaqələndirirlər. Fikrimizcə, bu, qaneedici yanaşma deyil. Hər bir müəllif, ilk növbədə, dərsliyin məzmun və strukturuna qoyulan tələblərə əməl etməlidir ki, açıq məsələlər kənarda qalmasın. Bu tələblər aşağıdakılardır:

I. Məzmun üzrə:

* Elm sahəsinin müasir inkişaf səviyyəsinə uyğunluğu;

* Fənn üzrə məntiqi, psixoloji planda sistemləşdirmə;

* Fənn proqramında (kurikulumunda) əksini tapmış əsas və alt-standartların reallaşdırılması;

* Fəsil və mövzu adlarının ardıcıl və dəqiq müəyyənləşdirilməsi;

* Termin və anlayışların digər məktəb dərsliklərindəki açıqlamasına uyğunluğu;

* İnformasiyanın müxtəlif vasitələrlə verilmə üsullarından istifadə.

II. Struktur üzrə:

* Qəbul olunmuş bütün müddəaların sistem şəklində gözlənilməsi;

* Struktur dəqiqliyi və bütün dərslik boyu təkrarlığı.

Məlum məsələdir ki, məktəb dərsliklərini səciyyələndirən xüsusiyyətləri nəzərə almadan bu sahədə uğur qazanmaq olduqca çətindir. Qoyulan tələbləri ödəməyən dərsliklərin ömrü qısa olmaqla istifadədən tez çıxarılır ki, son illərin təcrübəsi bunu əyani şəkildə sübuta yetirir.

Müzakirədə əldə edilən nəticələrdən biri də budur ki, əgər müəllif hazırladığı dərsliyin məktəb üçün yararlı olmasını istəyirsə, onun metodik aparaturasını müasir təlim prosesinə uyğun işləməlidir. Mövzular şagirdlərin maraq dairəsinə, idrak fəaliyyətinə uyğun sadə və aydın bir üslubda şərh olunmalı,  illüstrativ materiallara geniş yer verilməli, müstəqil yaradıcılığa təhrik edən tapşırıqlar üstünlük təşkil etməlidir. Dərslik fənn müəlliminə onunla işləmək imkanı yaratmalıdır. Ona görə də müəllim üçün metodik vəsaitlərdə ayrı-ayrı mövzuların hansı ardıcıllıq, metod və vasitələrlə keçilməsi əvəzinə, müəllifin konseptual baxışlarını əks etdirən məqamlar açıqlanmalı,  yeni yanaşmada işlənilmiş tapşırıqların məqsədi, həlli yolları konkret nümunələrlə izah edilməli, yardımçı materiallara üstünlük verilməlidir. Fikrimizcə, belə bir yanaşma olsa idi, bəzi iradlara yer qalmazdı.

Məktəb dərsliklərinin hazırlanması olduqca əhatəli bir problemdir. Bircə bu faktı qeyd etmək kifayətdir ki, müzakirə edilən məsələ ilə bağlı Rusiyada keçən əsrin 70-ci illərindən başlayaraq sistemli şəkildə elmi konfranslar təşkil edilmiş və hazırda da həmin tendensiya davam etdirilməkdədir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun yenilənən strukturunda Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsini yaratması bu sahədə nəzəri və praktik mahiyyət daşıyan tədqiqatların aparılması zərurəti ilə bağlıdır. Fənn müəllimləri ilə dərslik müəllifləri arasında keçirilən bu diskussiya həyata keçirilməsi nəzərdə tutulmuş "dəyirmi masa"lar, elmi seminar və konfranslar üçün zəngin materiallar verir. İnanırıq ki, məktəb dərsliklərinin keyfiyyətcə yaxşılaşmasına xidmət edən bu tədbirlər həm yeniləşmək istəyi ilə çalışan müəlliflər, həm də yaradıcı müəllimlərə səmərəli olacaq, onları axtarışlara sövq edəcəkdir. 

Asif  HACIYEV,
TPİ-nin Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov