Dünyasını vaxtsız dəyişmiş Sumqayıt Dövlət
Universitetinin prorektoru İbrahim Ömərovun əziz
xatirəsinə
Sarvan İBRAHİMOV,
"Azərbaycan müəllimi"
Haqqında
danışmaq nə qədər rahat olsa da, onu xatirələr işığında
yada salmaq mənim üçün bir o qədər ağırdır. Qəfil açılan
güllə kimi amansız ölüm onu gülə-gülə aramızdan vaxtsız
apardı. Qapılarımızın Novruz müjdəsilə açıldığı bir yaz
gecəsi ömür qapısı üzünə əbədi bağlandı.
2014-cü ilin 14 mart səhəri... O acı xəbəri eşidəndə
sanki yerimdə donub qaldım. Bir anlıq yuxuda olduğumu
zənn etdim. Telefonun uzaq məsafəsindən gələn aydın səs
hələ də qulağımdan getmir: "Dünən gecə İbrahim rəhmətə
gedib...". Nə etmək olardı? Bu, acı həqiqət idi. Təəssüf
etməkdən, göz yaşımı içimdə boğmaqdan başqa əlimdən bir
şey gəlmirdi.
Düşmənə sinəsini sipər edən, dosta kürəyini arxa verən
əsl dost kimi xatırlayıram onu. Müdriklərdən biri deyib
ki, yaxşı dost təkcə dar gündə deyil, yaxşı gündə də
tanınır. O mənim üçün məhz belə bir dost idi.
İllər öncə "Xalq qəzeti"ndə tanışlığımızın qəribə
tarixçəsi olmasa da o günü yaxşı xatırlayıram.
Məzuniyyətdən yenicə qayıtmışdım. Redaksiyaya təzə bir
işçinin - texniki direktorun gəlməyindən artıq xəbər
tutmuşdum. Onunla ilk görüşüm də elə kompüter mərkəzində
yaddaşıma köçdü. Əl uzadaraq nurlu çöhrəsi üzümə güldü:
"Tanış olaq, İbrahim Ömərov", - deyə ədəb-ərkanla,
yaşının az olmasına baxmayaraq əsl ziyalıya xas
ehtiramla özünü təqdim etdi.
Bir redaksiyada çalışdığımız neçə illər ərzində
bir-birimizi yaxından tanıdıq. Sevincimizi paylaşmağı,
dərdimizə şərik çıxmağı bacardıq. Taleyin qismətindən
"Xalq qəzeti"ndən "Azərbaycan müəllimi"nə pənah
gətirəndən sonra da əlaqələrimiz kəsilmədi. Tez-tez
görüşə bilməsək də bir-birimizdən hal-əhval tutardıq.
Hər dəfə də "özündən muğayat ol", - deyə mənə ürək
qızdırardı. Doğrusu, özümüzdən muğayat olmağa çalışsaq
da heyif ki, onu qoruya bilmədik.
Qısa bir ömür yaşadı İbrahim Ömərov. Lakin şərəfli bir
yol keçdi. Bu qısa zaman kəsiyində isə qazandıqları
itirdiklərindən çox oldu.
Bir ayın tamamında idi ki, Sumqayıt Dövlət
Universitetinə prorektor təyin olunmuşdu. Dostları,
yaxınları hələ onu ürəklə təbrik etməyə macal tapmamış
əcəl ürəyinə hakim kəsildi. Nə edək ki, təyinatının
sevincini onunla bölüşə bilmədik. Yoxluğu isə yaman
sarsıtdı bizi. Artıq bir ilə yaxındır ki, İbrahim Ömərov
aramızda yoxdur. Nə yaxşı ki, onunla bağlı isti
xatirələrimiz ürəyimizə bir qədər təskinlik verir.
Həmişə tezliklə görüşərik deyərdi. İndi isə nə vaxtsa
görüşəcəyimiz TANRININ qismətinə qalıb. Görüşənədək
deyirəm.
Ruhun şad olsun, əziz dost! |