Samirə
KƏRİMOVA,
"Azərbaycan müəllimi"
s.kerimova@ muallim.edu.az
Bu
günlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
magistraturaya keçirdiyi qəbul imtahanının birinci
mərhələsinin nəticələri ilə bağlı açıqladığı məlumata
əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının tələbəsi İsmayıl
Nəcəfquluzadə ən yüksək nəticə - 100 mümkün baldan 96
bal toplayıb.
Əldə etdiyi nəticəsinə görə ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanan bu gənclə oxucularımızı daha
yaxından tanış etmək istəyirik.
İsmayıl Famil oğlu Nəcəfquluzadə 1993-cü il dekabrın
25-də Hacıqabul rayonunun Talış kəndində anadan olub.
2000-ci ildə Talış kənd tam orta məktəbinin I sinfinə
gedib. Orta məktəbdə təhsil aldığı 11 il ərzində
yüksək bilik və bacarığı ilə şagird yoldaşları arasında
seçilən İsmayıl nümunəvi davranışı, təlim-tərbiyəsi ilə
müəllimlərinin də hörmətini qazanmışdır.
Özünə qarşı olduqca tələbkar olan İsmayıl hər zaman
yüksək bilik nümayiş etdirsə də bunlarla
arxayınlaşmayıb, bütün fənləri eyni dərəcədə sevib və
onları mükəmməl şəkildə mənimsəyıb. Təhsil aldığı
müddətdə dərs əlaçısı kimi tanınıb, həmçinin
məktəblilərin fənn olimpiadalarının rayon mərhələsində,
inşa yazı müsabiqəsinin respublika turunda yüksək yerlər
tutub. 2011-ci ildə orta məktəbi əla qiymətlərlə başa
vuran gənc elə həmin il ali məktəblərə qəbul
imtahanlarında 672 bal toplayaraq Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının siyasi idarəetmə fakültəsinin beynəlxalq
münasibətlər ixtisasına qəbul olunub.
Prezident təqaüdünə layiq görülən İsmayıl bakalavr
təhsili aldığı 4 il ərzində də əlaçı olub, akademiyanın
ictimai işlərində fəallığı ilə seçilib.
Təhsil illərində qazandığı nailiyyətləri ilə ailəsini,
onu tanıyanları daim sevindirən gənc bu günlərdə özünün
növbəti uğuruna imza atdı. Belə ki, o, magistraturaya
keçirilən qəbul imtahanının birinci mərhələsində ən
yüksək balı toplamaqla sözün yaxşı mənasında hamının
diqqətini özünə cəlb etməyi bacardı.
Bizimlə söhbət zamanı hər zaman ailəsindən böyük dəstək
gördüyünü deyən İsmayıl ona vaxtilə dərs demiş orta
məktəb müəllimlərini də minnətdarlıq hissi ilə yada
saldı. Onu da qeyd etdi ki, orta təhsil aldığı kənd
məktəbi yüksək təhsil və tərbiyə mühitinə görə heç də
şəhər məktəblərindən geri qalmır. "Heç kəs deməsin ki,
kənd məktəbidir, burada təhsil alanlar yüksək nəticələr
əldə edə bilməzlər",-deyən İ.Nəcəfquluzadə belə bir
məktəbdə təhsil aldığına görə fəxr etdiyini söylədi.
İsmayıl akademiyada təhsil almasının onun üçün önəmli
və burada keçirdiyi tələbəlik illərinin yaddaqalan,
unudulmaz olduğunu deyərək tələbələrin yüksək təhsil
almaları üçün yaradılmış hər cür şəraitə görə rektor
başda olmaqla bütün professor-müəllim heyətinə
minnətdarlığını bildirdi. Söhbət əsnasında əlavə etdi
ki, təhsil aldığı illərdə yüksək nəticələrə nail olmaq
onu arxayınlaşdırmayıb. Prezident təqaüdçüsü olandan
sonra isə məsuliyyəti birə-beş artıb. Bu barədə o
özü belə deyir: "Mən yaxşı oxumağı, vətənim üçün layiqli
bir mütəxəssis olmağı qarşıma məqsəd qoymuşam. İlk
sıralarda olmaq şərəfli olduğu qədər məsuliyyətli işdir.
Hamı bizdən nələrsə gözləyir. Buna görə də bilirəm ki,
bizlərin üzərinə böyük məsuliyyət düşür. Bilirsiniz,
uğurun açarı, qoyulan hədəflərə çatmağın yolu yüksək
biliyə yiyələnmək və çalışqanlıqdır".
Həmsöhbətim magistraturaya keçirilən qəbul imtahanının
növbəti mərhələsində də yüksək nəticə göstərməyə ümidvar
olduğunu bildirdi. Gələcəkdə təhsilini MBA (Master of
Business Adminstration) istiqamətində xarici ölkələrdən
birində davam etdirmək istədiyini bildirən İsmayılın ən
böyük arzusu sonra Vətənə qayıdıb dövlətimizin
inkişafına töhfə verəcək gənclərdən biri kimi
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında fəaliyyət göstərməkdir. |