Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

"Heyif ki, ikinci helikopteri vura bilmədim"

 

Cəbhədə erməni helikopterini vuran İlkin Muradovun yaşadığı evdən reportaj 

Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az

"Vur, komandir, vur!". Yəqin ki, ötən ilin sonlarında, bütün Azərbaycana, hətta dünyaya yayılan bu nidanı hər birimiz yaxşı xatırlayırıq. Torpaqlarımızın üzərində havalanan düşmən helikopterini bir mərmi ilə külə çevirən Milli Ordumuzun əsgəri İlkin Muradov uzun müddət medianın gündəmində qaldı. Bu dəfə də biz onunla görüşüb, danışmaq istədik. İlkinin doğulub boya-başa çatdığı Neftçala rayonunun Xolqarabucaq kəndinin qarlı-palçıqlı yollarından keçib onun yaşadığı evə gedirik. Bizi İlkin və anası Rəşxəndə xanım qarşılayırlar. Otağa diqqət edirəm, divarda İlkinin hərbi geyimdə olan və üstündə "Azərbaycanın fəxri" yazılan şəkillərini görürəm. İlkinə görüşə razılıq verdiyi üçün təşəkkür edib, söhbətə başlayırıq.

 

Ondan özü barədə məlumat verməsini xahiş edirəm. Elə bu vaxt İlkinin atası Məmməd kişi otağa daxil olur. Salamlaşır, gəldiyimiz üçün bizə təşəkkür edir. "Borcumuzdur", - deyib, müsahibimizlə söhbəti davam etdiririk:

- Muradov İlkin Məmməd oğlu. 1990-cı il iyunun 21-də Neftçala rayonunun Xolqarabucaq kəndində anadan olmuşam. Orta təhsilimi Faiq Həziyev adına Xolqarabucaq kənd tam orta məktəbində almışam. 2008-2010-cu illərdə Sumqayıt şəhərində hərbi xidmətdə olmuşam. Hərbi xidmətdən sonra mülki işlərlə məşğul idim. 2014-cü il mayın 9-da iki aylıq müddətə hərbi kursa getdim. Sonra isə öz arzumla cəbhə bölgəsində hərbiçi olaraq çalışmağa başladım. Daha tez getmək istəyirdim, bəzi işlərə görə alınmırdı. Amma 2014-cü ildə istəyimə nail oldum. Təyinat vərəqimi aldım və müddətdən artıq hərbi qulluqçu kimi işə başladım.

- Niyə məhz cəbhə bölgəsini, Ağdamı seçdin?

- Səbəbi aydındır. Torpaqlarımız işğal altındadır. Arxa cəbhədə də qala bilərdim, amma seçimimi Ağdamda olan hərbi hissəyə etdim. Çoxlu sayda dostlarım, sinif yoldaşlarım orda xidmət edirdi. Dedim ki, gedib onlarla çiyin-çiyinə verib qulluq edəcəyəm.

- Düşmənlə sərhədə gedirdin, tərəddüd etmirdin?

- Yox, qətiyyən. Zərrə qədər qorxu hissi belə yox idi. Mənim üçün bura daha  yaxşıdır. Burada xidmət etmək daha şərəflidir.

Böyütmək üçün seçin- Sərhəd zonasında hərbiçi olmağın hansı çətinlikləri var?

- Vətənini, işini sevən insan üçün heç bir çətinlik yoxdur. İki-üç gündür evdəyəm, artıq darıxıram, getmək istəyirəm.

- Hərbidə heç çətin anların olmayıb?

- Olub, əlbəttə. Elə vaxt olub ki, səhərə qədər yatmamışıq, ya da 4-5 gün cəmi bir-iki saat yatmışıq. Xidmət aparmışıq.

- Gələk həmin tarixi günə - "Vur, komandir, vur!". O günü bizə bir təsvir elə.

- Həmin gün Hərbi Hava Qüvvələrinin hissəsi  olaraq müşahidə aparırdıq. Təxminən gündüz saat 2 radələri idi, gördüm əsgərlərdən biri qaça-qaça gəlir: "Komandir, komandir, düşmən helikopterləri mövqelərimizə tərəf uçurlar". Fikirləşdim ki, yəqin uzaq məsafədən uçub gedəcəklər Müşahidə cihazı ilə baxdım ki, həqiqətən üstümüzə doğru gəlirlər. Onlar bizdən təxminən 7-8 kilometr məsafədə olardı. Dərhal komanda məntəqəsinə xəbər verdim. Bildirildi ki, hazır ol, sənə komanda veriləcək. Az sonra mənə göstəriş verildi ki, əgər mövqelərimizə yaxınlaşsalar, dərhal atəş aç. Düşmən helikopterləri mövqelərimizə hücum etdi. Nişan aldım və arxadakını vurdum, ikincisi özünü itirdi. Əvvəl yuxarı qalxdı, sonra özünü topladı və sürətlə aşağıdan uçmağa başladı. Məncə, o helikopterin də hansısa hissəsi zədələnmişdi.

Böyütmək üçün seçin- İkinci helikopteri necə, vurmaq olmazdı?

- Olardı. Amma bu raketlər istilik istiqamətində uçur. Bilirdim ki, vurulan helikopterin istisi ikinci helikopterin mühərrikinin istiliyindən çox olacaq. Azca zaman lazım idi ki, ikinci hədəfi də sıradan çıxarım.  Amma artıq düşmənin ikinci helikopteri sürətlə uzaqlaşmışdı. Aşağı məsafədə olan hədəfləri də bu silahla vurmaq olmur. Heyif ki, ikinci helikopteri vura bilmədim. 

- Belə fikirlər dolaşdı ki, İlkin tərəddüd edirmiş, yanındakıların "Vur, komandir, vur" sözündən sonra vurub...

- Yox, qətiyyən tərəddüd etmirdim. Axı istifadə etdiyim adi silah deyildi ki, əlinə alıb atəş açasan. Orada bəzi proseslər var. Raketi işə salandan sonra gözləməlisən. O raket müəyyən vaxt üzərində hesablanıb. Yanımdakı bəzi əsgərlərin o raketdən necə istifadə olunması ilə bağlı məlumatları yox idi. Elə deyirdilər ki, vur. Mən isə dəqiq zərbə üçün məqam gözləyirdim.

- Düşmən helikopterini vurandan sonra nə hiss etdin?

- Çox sevindim (Sanki o sevinci indi də hiss edir, dili dolaşır danışanda). O boyda helikopteri bir atəşlə vurmağım mənə yuxu kimi gəlirdi. Sevindiyimdən necə qışqırdımsa, üç gün səsim batdı. Elə bil ki, bu mərmi ilə düşməndən Xocalının, şəhidlərimizin qisasını almışdım. Düşünürdüm ki, açdığım bu atəş bir dəmir parçasına deyil, düşmənin ürəyinə sancılıb.

Böyütmək üçün seçin- Həmin gündən sonra qəhrəmana çevrildin. Necə hissdir qəhrəman olmaq?

- Düşmənə böyük zərbə vurmaq xalqımızın neçə  vaxt idi gözlədiyi bir an idi. Helikopteri vurmağım hamımızda böyük ruh yüksəkliyi yaratdı. Yəqin artıq hamı düşünür ki, ordumuz istəyəndə bir an içində düşmənin helikopterini məhv edə bilirsə, demək torpaqlarımızı azad edəcəyimiz gün yaxındadır. Ali Baş Komandan əmr etsə, əlimizdə silah vətənin müdafiəsinə qalxarıq.

- Helikopteri vurandan sonra hərbi hissədə ab-hava necə idi?

- Sanki toy-bayram idi. Üç gün yata bilmədim. Hər dəfə də yatmaq istəyəndə gözlərimin qarşısına raketin arxasından çıxan göy işıq görünürdü. İndi də o işığı xatırlayanda elə bil ki, mənə həyat verir (Gülür).

- İlkin, düşmən helikopterini vurmağa yenə hazırsanmı?

- Əlbəttə, mənim Vətənimə yaxınlaşan düşmən dərhal vurulacaq. Böyütmək üçün seçin

- Həmin gündən sonra düşmən helikopterləri daha görünmür ki?

- Yox, yəqin ki, bundan sonra cəsarət etməzlər.

- Hərbiçilər necə, o silahla maraqlanırlar?

- Hə, indi hamı gəlir. Maraqlanır, öyrənməyə can atırlar. Hər kəsdə maraq var. Məktəblilər də hərbi formada görüşə gəlirlər.

- Helikopteri vuran zaman yanında olan kim idi?

- "Vur, komandir, vur!" deyən əsgərlərdən biri iş yoldaşım idi.

- Sənə şeirlər, mahnılar yazıldı...

- Doğrusu, bu qədərini gözləmirdim. Şeirlər yazıldı, kliplər çəkildi. Tez-tez tədbirlərə çağırırlar. Açığını desək, mənə münasibət tamamilə dəyişdi.

Böyütmək üçün seçin- Kəndinizdə necə, əvvəlki İlkinə münasibət dəyişdimi?

- Əlbəttə. İndi məni görənlər deyirlər ki, səninlə fəxr edirik.

- İlkin, sən hazırda gənclərə örnəksən, onlara nə demək istəyərsən?

- Gənclərimiz heç nədən çəkinməsin. Hamı Vətənə olan borcunu verməyə çalışmalıdır. Bax, mən xidmət dövrünü də keçmişəm, indi də könüllü şəkildə xidmət edirəm. Heç kim deməyib ki, get xidmət elə. Vətən sevgisi olan hər kəs onun qulluğunda durmalıdır.

- Hazırda rütbən nədir?

- Əsgər idim. O hadisədən sonra çavuş rütbəsi aldım.

- İlkinin gələcək planları nədir?

- Ən böyük arzum zabit olmaqdır. Amma ali təhsilim olmadığı üçün alınmır.

- Təhsilini davam etdirmək fikrin yoxdur?

- Nə bilim (hiss edirəm tərəddüd edir). Özlüyümdə fikirləşirəm ki, bəlkə də gecdir.

- Amma bu yaxınlarda mənim 53 yaşında tələbə müsahibim olub. Bu yaşında təhsil almaq sənin üçün gecdir?

- Mənim bütün fikrim cəbhədədir. Ordudan çıxmaq istəmirəm. Həyatımı hərbiçi olaraq davam etdirmək istəyirəm.

- Hərbidən kənarda hansı məşğuliyyətlərin var?

- Günümün 24 saatı hərbi geyimdə, hazır vəziyyətdə oluram. Başqa heç bir məşğuliyyətim yoxdur.

Deyəsən, İlkinin bütün həyatı elə hərbi rejimdə olub. Onda bu hərbiçinin bir az da ailəsi barədə danışaq. İlkinin atası Məmməd Muradov təsərrüfatla məşğul olur, anası Rəşxəndə isə evdar xanımdır. İlkinin özündən böyük iki bacısı var və hər ikisi ailə həyatı qurub.

- İlkin, valideynlərinə xəbəri ilk dəfə kim verdi?

- Zəng vurdum. Amma telefonda tam açıqlaya bilmədim. Sadəcə dedim ki, axşam televizora baxarsınız, məni göstərəcəklər.

"Valideynlərini efir vasitəsilə görmüşdüm, elə istəyirəm onlarla da söhbət edim", - deyirəm.  İlkinin atasını söhbətimizə qoşulmağa dəvət edirəm.

- İlkin iki bacının bir qardaşıdır. Adətən valideynlər tək övladlarını hərbiyə göndərmək istəmirlər. Siz necə?

- Onun öz arzusu olub. Biz də dəstək olmuşuq. Demişəm ki, madam sən istəyirsən, get xidmət elə. Məktəb vaxtından hərbiyə marağı var idi. Hərbi dərslərində (Gənclərin çağırışaqədərki hərbi hazırlığı), hərbi ilə bağlı məktəblərarası yarışlarda həmişə yüksək yerlər tuturdu.

Ötən il hərbidə işləyən qonşumuz zəng etdi ki, burda ştatda yer var. İlkini qoyarsan burda işləməyə? Dedim ki, problem yoxdur, özünə zəng elə, razıdırsa getsin.  O zaman  İlkin tikintilərdə işləyirdi. Təyinatını aldı, sənədlərini hazırladı və bir həftənin içərisində getdi Bərdəyə kursa. İki ay kurs keçəndən sonra getdi Ağdama. İlk vaxtlar arada deyirdi ki, darıxıram. Biz də təsəlli verirdik ki, ay bala, darıxma, təzəsən, düzələcək. İndi burda saxlaya bilmirik.

- Çox maraqlıdır ki, o qədər uzun müddət kurs keçməyib, amma dəqiqliklə helikopteri vurub.

- Yaxşı oxuyub. Orada da hara göndərirdilər gedirdi. Çalışqan olduğu üçün komandiri kurslara onu göndərirdi. Hər yerdə də birinci yerə çıxırdı. Həm də mən ovçu olmuşam. Uşaqlıqdan o da yanımda ovla məşğul olub.

- Sizə zəng edəndə axşam televizorda necə xəbər eşidəcəyinizi düşünürdünüz?

- Belə bir xəbər eşidəcəyimi düşünmürdüm. Baxdıq televizora, xəbəri eşidəndə sevindiyimdən ağlayırdım. Səhəri gün komandiri mənə zəng vurdu, təbrik elədi. İki-üç gün sonra özüm də getdim Ağdama. Vurduqları yerə baxdım. Bu həqiqətən inanılmaz idi. Özü də deyir ki, ata, gərək orada olaydın, o hissləri yaşayaydın.

İlkinin anası sakitcə kənarda durub bizə qulaq asır. "Ana, niyə kənarda durmusunuz, gəlin siz də söhbətə qoşulun", - deyirəm. Utancaq-utancaq gəlib masa arxasında oturur. Atası gülə-gülə deyir ki, o danışmağa utanır.

- Ana, bir az İlkinin uşaqlığını dinləyək sizdən...

- İlkin uşaqlıqdan ağıllı, sakit idi. Onu hamı sevib. Amma bir az ərköyün böyütmüşük. Biz özümüz 6 bacı olmuşuq, qardaşımız olmayıb. Bacılarıma qardaş, mənə oğul olub. Ona görə bir dediyini iki etməmişik.

- Atası dedi ki, eşidəndə ağlayırdım. Bəs siz hansı hisslər yaşadınız?

- İnanmadım. Dedim təzədən öyrən. Bacılarına zəng elədik ki, televizora baxın. Onlar isə bizi səhv başa düşdülər. Orda ağlayırdılar ki, yəqin qardaşımızı vurublar. Dedim, yox, qızım, vurmayıblar, qardaşınız qəhrəman olub. Biz onunla fəxr edirik.

- Kənddə sizi necə çağırırlar?

- Bizim kənddə həmişə hörmətimiz olub. İndi məni görəndə "İlkinin anası gəlir" deyirlər.

- Tək oğul övladını hərbiyə göndərmək ürək istəyir. Necə razı oldunuz?

- O istədi, mən də atasına dedim ki, gəl xeyir-dua verək, getsin. Vətən gənclərinə də deyərdim ki, qorxmasınlar.

- Heç həyəcan keçirmirsiniz?

- Keçirirəm. Hər gün gecə səhərə qədər dua edirəm (gözləri dolur).

"Deyəsən sizi kövrəltdim", - deyirəm və söhbəti dəyişirəm.

- Bəlkə biz İlkinin təhsil aldığı məktəbə də gedək?

- Hə, olar, - deyib, İlkin həvəslə ayağa qalxır.

Bu səmimi söhbətə görə hər birinə təşəkkür edirik və İlkinlə birlikdə məktəbə yollanırıq.

Müəllimləri İlkini "fəxrimiz, qəhrəmanımız gəldi" deyərək qarşılayırlar. İlkinlə birlikdə məktəbi gəzirik. 850 yerlik  kənd məktəbində hazırda 249 şagird təhsil alır. Direktor Etibar Quliyev deyir ki, bu məktəb Qarabağ müharibəsi dövründə 13 şəhid verib. Direktor Xocalı faciəsinin anım günü ilə əlaqədar yaradılan köşə ilə bizi tanış edir. Daha sonra isə İlkinin adına yaradılmış köşəni göstərir. Məktəbin hərbi rəhbəri, gənclərin çağırışaqədərki hərbi hazırlığı müəllimi, baş leytenant Ağagül Babayev bizi hərbi otağa aparır. Azərbaycan bayrağının rəngləri ilə bəzənmiş partaları görürük. İlkin otağa daxil olan kimi gedib yerində oturur. Biz də İlkinin məktəb illəri ilə bağlı müəllimindən xatirələri dinləyirik:

- Şagird olanda verdiyim bütün tapşırıqlara fəal riayət edirdi. Təkcə İlkin yox, bütün şagirdlərim tapşırıqlarımı yerinə yetirir. İlkin məktəbdə oxuyanda "Cəsurlar", "Şahinlər" komandalarına rəhbərlik edirdi. Həmişə də fəxri yerləri götürürdülər.

Məktəbin direktoru, həm də İlkinin fizika müəllimi Etibar Quliyev deyir ki, İlkin prinsipial oğlan idi:

- Sözəbaxan uşaq idi. Bütün hərbi yarışlarda birinci olmağı arzulayırdı. Buna nail olurdu. İndi də eşidəndə ki, helikopteri vurub, o qədər sevinc hissi yaşadıq ki.  Biz hamımız onunla fəxr edirik.

Vətən qəhrəmanlarının sayı bol olsun, - deyib, Xolqarabucaqdan xoş hisslərlə ayrılırıq. 

Fotolar
R.RAMAZANOĞLU

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov