Müəllimlərimizin bayram arzuları
Gülnarə İSMAYILOVA,
Bakı şəhər Heydər Əliyev adına liseyin direktor
müavini, "Tərəqqi" medallı
8 mart - Beynəlxaq Qadınlar Günüdür. Bütün
dünyada qeyd edilən bu gün, xanımların ən
sevimli və sevincli günlərindən biridir.
Ümummilli lider Heydər Əliyev 8 mart -
Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: "Bu
bayram, doğrudan da bizim bütün bayramlar
içərisində gözəl bayramdır. Çünki bu, qadınlara
həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu,
əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki,
qadınsız insan yoxdur, qadınsız həyat yoxdur.
Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün
başqa xidmətlərlə yanaşı, ona göstərilən yüksək
qiymətə layiqdirlər ki, onlar anadırlar...".
Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın
adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur.
Azərbaycan qadını bütün dövrlərdə öz istedadı,
zəkası, iradəsi və əzmi ilə milli-mənəvi
dəyərlərimizin qorunub saxlanması və
yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.
Təkcə bu gün yox, sabah da, o biri gün də daim
üzünüz gülsün, əziz xanımlar! Qadın adını, ana
adını və şərəfli nənə adını daşımağı hər bir
azərbaycanlı xanıma arzu edirəm. Çünki onlar
buna və bundan da yüksək, ali mənsəbə, hörmətə
və məhəbbətə layiqdirlər.
Əziz xanimlar, bayramınız mübarək olsun! |
|
Bəsti AĞAYEVA,
Bakı şəhər M.Müşfiq adına 18 nömrəli tam orta
məktəbin direktor müavini, əməkdar müəllim, "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi
Təqvimin ən əlamətdar günlərindən biri olan 8
mart - Beynəlxalq Qadınlar Günü ölkəmizdə çoxdan
bayram kimi qeyd olunur. Azərbaycanda qadına -
anaya daim böyük ehtiram və hörmət bəslənmiş,
ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi,
paklıq təcəssümü sayılıb. Müdrik hökmdar, cəsur
sərkərdə, istedadlı şair və sənətkar
qadınlarımızın adları çoxəsrlik tariximizin
səhifələrinə qızıl hərflərlə yazılıb.
Son illər ölkəmizdə milli təhsilimizin
inkişafı xüsusən də təhsilin keyfiyyətinin
yüksəldilməsi və təhsildə idarəetmə sisteminin
yenidən qurulması və onun qabaqcıl beynəlxalq
təcrübəyə uyğunlaşdırılması istiqamətində mühüm
addımlar atılıb. Və heç şübhəsiz ki, həmin
işlərdə xanım müəllimlərimizin də əməyi böyükdür.
Mən böyük məmnuniyyətlə təhsilimizin və
mədəniyyətimizin inkişafında müstəsna rolu olan
ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban Əliyevanı və
bütün Azərbaycan qadınlarını 8 mart - Beynəlxalq
Qadınlar Günü münasibətilə səmimi-qəlbdən
təbrik edir, onlara uzun ömür, cansağlığı
arzulayıram.
Bayramınız mübarək, əziz xanımlar! |
|
Ellada KƏRİMOVA,
Xaçmaz şəhər İsmət Qayıbov adına 3 nömrəli tam
orta məktəbin ingilis dili müəllimi, əməkdar
müəllim
Yurdumuza bahar gəlir! Güllü-çiçəkli, yaşıl
donlu, təbiəti oyadan, fikirləri, duyğuları
təzələyən bahar. Baharın isə ilk müjdəçilərindən
biri məhz 8 mart - Beynəlxalq Qadınlar Günüdür.
Bizim leksikonumuzda qadınlar bayramı kimi yer
alan bu tarix, təbii ki, hər bir qadının
gözlədiyi gündür. Hər şeydən əvvəl ona görə ki,
bayram özü ilə xoş əhvali-ruhiyyə, yaxınlarınla
daha isti təmas, bir də qadınların çox
sevdikləri təbriklər gətirir. Bu bayramı mən də
sevirəm və bu günün təsis olunmasını, dünyanın
əksər ölkəsində qeyd edilməsini beynəlxalq
qurumların, ölkələrin, hökumətlərin zərif cinsə
diqqətinin təzahürü sayıram.
Mən özümü xoşbəxt sanıram ki, qadınlara yüksək
diqqət göstərildiyi, öz əzəli analıq,
tərbiyəçilik missiyasını şərəflə yerinə yetirmək
üçün hər cür şəraitin yaradıldığı ölkədə
yaşayıram.
Bayram günü yaxınlarımı, rəfiqələrimi, iş
yoldaşlarımı təbrik etmək adətimdir. Məni də
təbrik edən çox olur. Şagirdlərimin,
yetirmələrimin təbrikləri isə məni daha çox
sevindirir. Sevinirəm ki, onların məhəbbətini
qazana bilmişəm.
Qadın həmkarlarımı, bütün qadınlarımızı təbrik
edirəm. Qoy ömürləri bahar kimi təravətli olsun.
|
|
Səfurə HÜMBƏTOVA,
Bərdə şəhər 3 nömrəli tam orta məktəbin
direktoru, "Tərəqqi" medallı
Zəriflik ülvilik, gözəllik rəmzi olan qadınlar
ölkəmizdə həmişə uca tutulub. Hər bir cəmiyyətdə
qadınların özünəməxsus yeri və rolu vardır. Bu
baxımdan, Azərbaycan qadınları xüsusilə
fərqlənir.
Qadın ilk növbədə ana və ailədə xüsusi missiyası
olan insandır. Qadınlarımız xalqımıza məxsus
ailə ənənəsini, ailə nizamını qoruyub saxlamaq,
onu daha uca tutmaq işində böyük gücə malik
varlıqdır.
Qadınlar artıq həyatın bütün sahələrində
çalışırlar. Onlar həkim, müəllim, hüquqşünas,
müəssisə rəhbəri, millət vəkilidir.
Təhsil sahəsində çalışanların çoxunun qadın
olması bir daha onu göstərir ki, bəşəriyyətin
gələcək inkişafı məhz qadınlardan asılıdır. Bu
gün qadınlarımız müəllimlik kimi müqəddəs bir
peşənin öhdəsindən layiqincə gəlir, təhsilimizin
inkişafına öz töhfələrini verirlər.
8 mart qadınlar bayramı ilk növbədə gözəllik,
xoşbəxtlik bayramıdır. Üzumü güclü, dözümlü
olduğu qədər də incə olan qadınlara -
Azərbaycan xanımlarına tutub deyirəm ki, hər
zaman çöhrənizdən təbəssüm, sevinc, həyatınızdan
səadət əskik olmasın, üzünüz gülsün.
Bir daha bayramınız mübarək, əziz xanımlar! |
|
Gültəkin ŞIXƏLİYEVA,
leytenant A.Nuriyev adına Lerik şəhər 1 nömrəli
texniki fənlər təmayüllü liseyin direktoru,
əməkdar müəllim
Respublikamızın sosial, iqtisadi və mədəni
həyatında qadınların rolunun artdığı müasir
dövrdə təhsil sahəsində çalışanların böyük
əksəriyyəti qadınlardır. Onlar analıq və
qadınlıq məsuliyyəti ilə bərabər, bu çətin və
şərəfli peşənin yükünü də çiyinlərində layiqincə
daşıyırlar.
İnkişaf edən respublikamızda qadınların yeri və
rolu danılmazdır. Azərbaycan qadını cəmiyyətdə
öz sözünü deməyi bacarır, dövlət idarəçiliyində,
müxtəlif sahələrdə kişilərlə bərabər fəaliyyət
göstərir. Gənc nəslin təlim-tərbiyəsində əldə
edilən uğurlara görə cəmiyyətimiz qadınlara
minnətdardır. Ümid edirəm ki, Azərbaycan qadını
bundan sonra da ölkəmizin ictimai, siyasi, elmi,
təhsil və mədəni həyatında fəal rol oynayacaq,
üzərinə düşən şərəfli analıq və vətəndaşlıq
vəzifələrini uğurla yerinə yetirəcəkdir.
Əziz qadınlar, hörmətli həmkarlarım, sizi 8 mart
- Beynəlxalq Qadınlar Günü münasibətilə
səmimi-qəlbdən təbrik edirəm. Həyatınız hər
zaman sevgi ilə dolu olsun. Arzu edirəm ki, su
qədər təmiz, həyat qədər canlı, çiçək qədər
təravətli və gözəl qalasınız. Qoy məhəbbət
qəlbinizdən, təbəssüm çöhrənizdən, sevinc
gözlərinizdən əskik olmasın! |
|
Qənirə ƏMİRCANOVA,
Bakı şəhər 189-190 nömrəli tam orta məktəbin
direktor müavini, pedaqogika üzrə fəlsəfə
doktoru, əməkdar müəllim
Qadın elə bir varlıqdır ki, bizi uşaq ikən
qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır,
qocalanda isə təsəlli verir. Bu xilqəti Tanrı
elə buna görə də yaradıb. Yaradıb ki, başqaları
üçün yaşamağı bacarsın. Yaradıb ki, cəmiyyət
üçün dəyərli övladlar bəxş etsin və onu, sözün
əsl mənasında, vətəndaş kimi yetişdirə bilsin.
Vətəndaş olmaq isə xalqın, millətin var
olmağıdır.
Gözümü dünyaya açıb özümü dərk edəndən gördüm ki,
dünya qadınların gününü bayram edir, onların
dünyaya gəlişini salamlayır, gələcək arzularını
bildirir, onlara qucaq-qucaq sevinc çiçəkləri
bəxş edir. İllər ötdükcə onun nə qədər
əhəmiyyətli olduğunu öyrəndim. Öyrəndim ki,
qadın gülərsə, bəşəriyyət gülər. Elə ona görə
də dünyanı fəlakətdən qorumaq və qurtarmaq üçün
bütün qadınların xoşbəxtliyinə çalışmaq
lazımdır.
Deyirlər, qadın hər şeyi fitrətən bilir, kişilər
isə kitablardan öyrənir. Bütün xanımları
Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik
edir, onlara Azərbaycan deyilən bir məmləkətin
bəxtəvər anaları, xanım-xatınları olmağı
arzulayıram.
Bu gün məktəblərdə çalışan müəllimlərin böyük
əksəriyyəti qadınlardır. Mən müxtəlif sahələrdə
çalışan, gecə-gündüz ailəsinin, övladlarının
qayğısına qalan bütün türk dünyasının
xanımlarına dünyanın elə özü boyda səadət
arzulayıram. |
|
Girami RƏZZAQOVA,
Neftçala şəhər 2 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi, əməkdar müəllim, "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi
Qadınlar həyatın mənası, bəzəyi və əbədi
gözəlliyidir. Zəriflik və gözəllik rəmzi olan
qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulub.
Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun,
Vətən torpağının təcəssümüdür. Azərbaycan qadını
bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi,
mədəni həyatının fəal iştirakçısıdır. Elm,
təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə
qazandığı nailiyyətlər Azərbaycan qadınının çox
böyük potensiala malik olduğunu zaman - zaman
təsdiq edib. Ona görə də biz qadınlarımızla fəxr
edirik. Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyevanın humanizm,
xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən,
sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki
Azərbaycan qadınları, eləcə də dünya qadınları
üçün əsl nümunədir.
Ən ülvi, nəcib, eyni zamanda müqəddəs bir
peşənin sahibi olan, milli və bəşəri dəyərləri
özündə əxz etdirən, uşaqlara kamillik bəxş
edən, müəllim adını şərəflə daşıyan
qadınlarımızı, bütün xanımlarımızı 8 mart -
Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən
təbrik edir, onlara ailə səadəti, xoşbəxtlik,
cansağlığı və işlərində müvəffəqiyyətlər
arzulayıram. |
|
Ziyafət QURBANOVA,
ğsu şəhər 1 nömrəli məktəb-liseyin Azərbaycan
dili və ədəbiyyat müəllimi, əməkdar müəllim
Ömrü çiçək təravətli, gül qoxulu, palıd
əzəmətli Azərbaycan qadını! Zərifliyinlə,
qüdrətinlə, qeyrətinlə, yaratdığın xarüqələrlə
fəxr edir Vətənimiz. Yetişdirdiyin dövlət
xadimləri, siyasətçilər, istedadlı sənət
adamları, sinələrini vətənə sipər edən
oğulların: Mübarizlərin, Fəridlərin..., üçrəngli
bayrağını ən mötəbər beynəlxalq turnirlərdə
göyə qaldıran idmançı oğul və qızların sənin
əzəmətinin carçılarıdır, təntənəsidir.
Azərbaycan çox ağrı-acı, qan-qada görsə də,
yenilməz, sarsılmaz qala kimi möhtəşəmdir. Çünki
hər igid oğulun, qızın arxasında əzəmətli,
məğrur Azərbaycan qadını durur. Soyuq səngərləri
də ana nəfəsi, qadın məhəbbəti isidir. Mənfur
düşmənə tuşlanan hər silahın tətiyinə igid əsgər
barmağı ilə bərabər, qətiyyətlə bir ana barmağı
da toxunur.
Artıq otuz beş ildir ki, Azərbaycanın gözəl
guşələrindən biri olan Ağsu şəhərində vətən
övladlarının təlim-tərbiyəsi ilə məşğul oluram.
Sənətimi ürəkdən sevirəm. Dövlətimiz əməyimi
yüksək qiymətləndirərək 2007-ci ildə məni
"Əməkdar müəllim" kimi yüksək fəxri ada layiq
görüb. Azərbaycan qadınlarının IV, Azərbaycan
müəllimlərinin XIV qurultaylarının nümayəndəsi
olmuşam. Dövlətimizin təhsilə, təhsil
işçilərinə qayğısını daim hiss edirik. Bu da biz
müəllimləri ruhlandırır, daha həvəslə işləməyə
sövq edir.
Bu gün bütün Ağsu qadınları, təhsil işçiləri,
Ağsu şəhər 1 nömrəli məktəb- liseyin çoxsaylı
kollektivi adından bütün Azərbaycan qadınlarını
8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə
ürəkdən təbrik edirəm. Bayraımınz mübarək, əziz
qadınlar! |
|
Xəyalə VEYİSOVA,
Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi, "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi, "Tərəqqi" medallı
"Şair və sənətkarlarımıza ilham verən Azərbaycan
qadınları ana dilimizi, adət-ənənələrimizi, xalq
yaradıcılığının ən gözəl nümunələrini qoruyub
saxlamaqla milli mədəniyyətimizin inkişafında
misilsiz rol oynamışlar. Həqiqətən də bütün
Azərbaycan mədəniyyəti əslində həssas qadın
qəlbini, qadın zəkasını və nadir qadın
müdrikliyini əks etdirən güzgüdür". Bu sözləri
ümummilli liderimiz Heydər Əliyev demişdir.
Doğrudan da Azərbaycan qadını hər zaman diqqətdə
saxlanılmış, dəyərləndirilmiş, bunun nəticəsi
olaraq daim öz üzərində səylə çalışaraq ucalara
yüksəlmişdir. Müasir dövrümüzdə də bu ənənə
davam edir. Hazırda da biz iftixar hissi ilə
deyə bilərik ki, cəmiyyətimizin hər bir
sahəsində qadınların müstəsna rolu var. Hazırda
təhsil, səhiyyə, elm sahələrində işləyənlərin
xeyli hissəsini, dövlət qulluğunda, sahibkarlıq
sahəsində çalışanların isə müəyyən faizini
qadınlar təşkil edir. Onlar çalışdıqları bütün
sahələrdə üzərlərinə düşən vəzifələri
məsuliyyətlə yerinə yetirirlər.
Əziz Azərbaycan qadınları!
Sizi 8 mart - Beynəlxalq Qadınlar Günü
münasibətilə təbrik edirəm.
Daim qəlbiniz gülsün əziz qadınlar, çünki
qəlbiniz gülərsə üzünüzdən heç vaxt təbəssüm
əskik olmaz. |
|
Əsbət MUSAYEVA,
Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi, "Ən yaxşı
müəllim" müsabiqəsinin qalibi, "Tərəqqi" medallı
Tarixi inkişafın bütün dövrlərində qadın
insanlığın mövcudluğu və inkişafı yolunda
əvəzedilməz rol oynamışdır. Müstəqillik əldə
edən Azərbaycan Respublikasında qadınlarımız
həyatımızın bütün sahələrində, o cümlədən
təhsildə böyük uğurlara imza atmışlar. Bu gün
Azərbaycan qadını təhsillidirsə, demək cəmiyyət
savadlıdır, ölkənin intellektual potensialı
yüksəkdir. Ümummilli lider Heydər Əliyev deyirdi
ki, təhsil millətin gələcəyidir. Qucağı tərbiyə,
inkişaf beşiyi kimi tanınan qadınlarımız öz
zəkası, nüfuzu və müdrikliyi ilə bəşər tarixində
özünəməxsus iz salmışlar. Belə ki, ta qədimdən
ulu nənələrimiz cəmiyyətin inkişafında və
idarəçiliyində fəal iştirak etmişlər.
Gələcəyimizin təminatında da aparıcı
qüvvələrdən biri Azərbaycan qadınıdır. Mən
bütün həyatımızın, ömrümüzün aynası olan
qadınlarımızı qarşıdan gələn bayram münasibətilə
təbrik edir və deyirəm: Nə yaxşı ki, varsınız! |
Şakir CƏFƏROV,
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |