Martın
5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan
Dövlət İqtisad Universitetinin (ADİU) SABAH qruplarına
presstur keçirilib.
Jurnalistlər SABAH qrupları üçün yaradılan şəraitlə
tanış olub, dərslərdə iştirak edib, müəllim və
tələbələrlə söhbət ediblər. SABAH yataqxanasına səfər,
dərsdən sonrakı tələbə həyatı da mətbuat nümayəndələri
tərəfindən maraqla qarşılanıb.
Jurnalistlərə layihənin əhəmiyyəti haqqında məlumat
verilib. Bildirilib ki, əsas məqsədi seçilmiş tələbələr
üçün müasir tələblərə cavab verən tədris mühitinin
yaradılması olan SABAH qruplarında dərs deyən bütün
müəllimlər Təhsil Nazirliyinin müvafiq komissiyasından
keçib.
Həmçinin qeyd olunub ki, tədris planlarına uyğun olaraq,
SABAH qruplarında intensiv ingilis dili tədris olunur.
Xarici ölkələrdən gələn müəllimlər də tədrisdə fəal
iştirak edirlər. Bu qruplarda təhsil alan tələbələr
xüsusi təqaüd, ödənişsiz yataqxana və üç dəfə yeməklə
təmin olunurlar.
ADİU-nun SABAH qrupları mərkəzinin dekanı Aida Quliyeva
universitetdə SABAH tələbələri üçün yaradılan şəraitdən
danışıb. A.Quliyeva bildirib ki, SABAH qrupunda təhsil
alan tələbələrlə dərslər xüsusi proqram əsasında təşkil
olunub. İngilis dilinin və əsas fənlərin tədrisinə
xüsusi yer verilir. Təhsil müddətində tələbələrin şirkət
rəhbərləri, ictimaiyyət nümayəndələri, rəsmi şəxslərlə
görüşləri təşkil edilir. Bu isə SABAH qrupu
tələbələrinin gələcək karyera və məşğulluq imkanlarını
əhəmiyyətli dərəcədə artırır.
Sonra media nümayəndələri SABAH yataqxanasında tələbələr
üçün yaradılmış şəraitlə yaxından tanış olub,
tələbələrlə birlikdə nahar ediblər. |