Naxçıvan
Dövlət Universitetində "Elektron təhsil şəbəkəsi və
rəqəmsal multimedia infrastrukturu" layihəsinin açılışı
olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbov və Koreya Respublikasının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin
açılışını bildirən lenti kəsib, yaradılan şəraitlə tanış
olublar. Tədbir iştirakçılarına Mərkəz haqqında məlumat
verilib.
Sonra layihənin digər tərkib hissəsi - rəqəmsal
multimedia infrastrukturu ilə tanışlıq olub. Media
mərkəzində məlumat verilərək bildirilib ki,
"Universitet" televiziyasında yaradılan yeni
infrastruktur videodərslərin hazırlanmasına və distant
tədrisin tətbiqinə də imkan verəcəkdir.
Ali Məclisin Sədri və qonaqlar 5 km radiusu əhatə edən
universitetin televiziyasının yayımını, koreyalı
mütəxəssislərlə birgə hazırlanan kontent nümunəsini
izləyiblər.
Ali Məclisin Sədri V.Talıbov Media mərkəzinin tərkibində
fəaliyyət göstərən, universitetin jurnalistika ixtisası
üçün fundamental praktiki baza rolunu oynayan Mətbuat
şöbəsinin və "Nuhcıxan" radiosunun fəaliyyəti ilə
maraqlanıb, gənc jurnalist kadrların ixtisaslı
mütəxəssis kimi yetişdirilməsi üçün dəyərli tövsiyələr
verib.
Ali Məclisin Sədri elektron mühazirə və imtahan
otaqlarına da baxıb.
Sonra tədbir iştirakçıları Xocalı soyqırımına həsr
olunmuş rəsm sərgisinə baxıblar. Sərgidə universitetin
müəllim və tələbələrinin müxtəlif janrlarda çəkdikləri
30 rəsm əsəri nümayiş olunub. Tədbir konservatoriya
binasının akt zalında davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif
Talıbov Naxçıvan Dövlət Universitetində yeni elektron
təhsil şəbəkəsinin istifadəyə verilməsi münasibətilə
universitet kollektivini təbrik edərək, yeni təhsil
infrastrukturunun qurulmasının təşəbbüskarlarına və
təşkilatçılarına təşəkkürünü bildirib. Ali Məclisin
Sədri Azərbaycanda, eləcə də Naxçıvan Muxtar
Respublikasında ali təhsilin təşkilinə göstərilən
diqqətdən, Naxçıvan Dövlət Universitetinin muxtar
respublika üçün kadr hazırlığındakı rolundan, əldə
etdiyi uğurlardan danışıb.
Ali Məclisin Sədri demişdir: "2013-cü ildə Azərbaycan
Respublikası Təhsil Nazirliyi ilə Koreya Respublikasının
Xarici İşlər və Ticarət Nazirliyi arasında Naxçıvan
Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və
rəqəmsal multimedia infrastrukturunun yaradılmasına dair
Qrant Sazişi imzalanmış və layihənin icrasına
başlanılmışdır. Bu layihə miqyasına görə Koreyanın
xarici ölkələrdə həyata keçirdiyi ən böyük
layihələrdəndir. Yaradılan yeni sistem Naxçıvan Dövlət
Universitetində idarəetmənin təkmilləşdirilməsi,
elektron sənəd dövriyyəsinin təşkili, tədrisin
keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyətə
malikdir".
Ali Məclisin Sədri bütün bunlara görə Cənubi Koreya
Respublikasının hökumətinə minnətdarlığını bildirmiş,
layihənin uğurlu icrasına görə Koreya Respublikasının
Azərbaycandakı səfirliyinə və Koreya Beynəlxalq
Əməkdaşlıq Agentliyinə təşəkkür etmiş, universitetin
professor-müəllim heyətinin və tələbə kollektivinin
layihənin imkanlarından səmərəli istifadə edəcəklərinə
əminliyini ifadə etmişdir.
Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov
çıxışında universitetin son 20 ildə böyük inkişaf yolu
keçdiyini, müasir tipli və çoxprofilli ali təhsil
mərkəzinə çevrildiyini vurğulayıb.
Koreya Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Çoi Suk-İn çıxış edərək layihənin
Koreya Respublikası ilə Naxçıvan Muxtar Respublikası
arasında əlaqələrin inkişafı istiqamətində mühüm bir
mərhələ olduğunu bildirib. Səfir layihənin həyata
keçirilməsində göstərdiyi dəstəyə görə Ali Məclisin
Sədrinə minnətdarlıq edib.
Cənubi Koreyanın Dongwon şirkətinin direktoru Hong Yong
Hye qarşılıqlı səylər nəticəsində həyata keçirilən bu
layihənin elektron tədris sisteminin inkişafındakı
rolundan bəhs edib, əməkdaşlığın uğurlu davamına inamını
bildirib.
Tədbir iştirakçıları elektron təhsil şəbəkəsinin
yaradılmasından bəhs edən filmə baxıblar. Tədbir
Naxçıvan Dövlət Universitetinin xarici və yerli
tələbələrinin konsert proqramı ilə yekunlaşıb.
Mehriban SULTAN |