Bakı Dövlət Universitetində "2015-Çin Yeni iliniz
mübarək" adlı tədbir keçirilib. BDU-nun nəzdindəki
Konfutsi İnstitutu tərəfindən təşkil olunan tədbirdə
müvafiq qurumların nümayəndələri, azərbaycanlı və çinli
tələbə gənclər iştirak ediblər.
BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor
Aydın Kazımzadə tədbiri açaraq ölkəmiz ilə Çin
arasındakı əlaqələrin, o cümlədən təhsil sahəsində
əməkdaşlığın əhəmiyyətindən danışıb. Bakı Dövlət
Universitetinin Çin Xalq Respublikasının (ÇXR) Anhoy
Universiteti ilə əlaqələri və BDU-nun nəzdindəki
Konfutsi İnstitutunun fəaliyyəti barədə məlumat verilib.
Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru
Oqtay Cəlilbəyli bildirib ki, rəhbərlik etdiyi institut
2011-ci ildə yaradılıb. Tələbələr, gənclər burada Çin
dilini, ədəbiyyatını öyrənir, Çinin tarixi, mədəniyyəti
ilə tanış olurlar.
Universitetin nəzdindəki Konfutsi İnstitutunun bu ali
məktəbin "Gənc istedadlar" liseyində, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında, "ADA" Universitetində, Azərbaycan Dövlət
İnformasiya Agentliyində, Xəzər Universitetində və digər
qurumlarda filialları yaradılıb.
Çinin Azərbaycandakı səfiri Xun Tsyuin ölkələrimizin
dostluq münasibətlərindən bəhs edib. Diplomat BDU-nun
nəzdindəki Konfutsi İnstitutunun fəaliyyətini yüksək
dəyərləndirib. Konfutsi İnstitutunun ÇXR tərəfindən
direktoru Hu Fenxua Yeni il bayramı münasibətilə xoş
arzularını bildirib.
Tədbirdə Çinin milli adət-ənənələri, mərasimləri,
bayramları barədə məlumat verilib. Sonra Çin Yeni ili
bayramına həsr edilən şənlik olub.
Mətbuat və informasiya şöbəsi |