Fevralın
27-də "Azərbaycan günü" tədbirləri çərçivəsində Parisdə
səfərdə olan təhsil nazirinin müavini Firudin Qurbanov
Fransa Respublikasının milli təhsil, ali təhsil və
tədqiqat nazirinin baş diplomatik müşaviri Elza Kombi
ilə görüşüb.
Görüşdə Azərbaycan-Fransa əməkdaşlığının inkişafı
istiqamətində son illər görülən işlər, bu əlaqələrdə
təhsil sahəsinin önəmli rolu vurğulanıb, iki ölkənin ali
təhsil müəssisələri arasında əməkdaşlığın daha da
genişləndirilməsi, akademik mobillik, birgə elmi
tədqiqatların aparılması və digər qarşılıqlı maraq
doğuran məsələlər müzakirə edilib.
Milli təhsil, ali təhsil və tədqiqat nazirinin baş
diplomatik müşaviri Elza Kombi bu görüşdən məmnunluğunu
ifadə edib və belə görüşlərin Fransa-Azərbaycan təhsil
əlaqələrinin inkişafında, birgə əməkdaşlığın daha
səmərəli davam etdirilməsindəki rolunu qeyd edib.
"Azərbaycan günü" tədbiri çərçivəsində keçirilən
görüşlərin əhəmiyyətinə toxunan baş diplomatik müşavir
bu ilin martında Fransanın təhsil işçilərindən ibarət
nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini
bildirib.
Təhsil nazirinin müavini Firudin Qurbanov son illər
Azərbaycan-Fransa əlaqələrinin yüksələn xətlə inkişaf
etdiyini, təhsil sahəsində əməkdaşlığın daha yaxşı
qurulması üçün görülən işləri və nəzərdə tutulan
məsələləri qeyd edib. Nazir müavini bildirib ki, ilk
dəfə olaraq Azərbaycan universitetlərinin rəhbər
şəxslərindən ibarət nümayəndə heyəti "Azərbaycan günü"
tədbirində iştirak etmək üçün Fransaya səfər edib.
"Azərbaycan günü" tədbirinin iki ölkənin ali təhsil
müəssisələri arasındakı əməkdaşlıqda önəmini vurğulayan
F.Qurbanov ölkəmizdə təhsilin inkişafı istiqamətində
atılan addımlar, "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində həyata
keçirilən tədbirlər və azərbaycanlı gənclərin xaricdə
təhsili barədə geniş məlumat verib.
Görüşdə Azərbaycanda fransız dilinin tədrisi, SABAH
qruplarında fransız dilinin tədrisinin nəzərdə
tutulması, mart ayında keçiriləcək görüşlərə hazırlıq
məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb,
ikitərəfli təhsil əlaqələrinin, gələcək əməkdaşlığın
inkişafına əminlik ifadə olunub.
Fransanın Azərbaycandakı səfiri Paskal Monye və
Strasburq Universitetinin prezidenti Alen Beretz görüşdə
iştirak edib.
www.edu.gov.az |