Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
təsdiq edilmiş ""Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi
ilə bağlı Fəaliyyət Planı"na uyğun olaraq, yaradılacaq
"Təhsil" onlayn televiziyası layihəsi çərçivəsində "61"
oyun-viktorinanın nümayişinə başlanıb.
Uşaq və gənclərin intellektual fəaliyyətlərinin
dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun
daha dərindən dərk olunmasına töhfə vermək məqsədilə
formalaşdırılan "Təhsil" televiziyası yeni verilişin
Azərbaycan variantını hazırlayıb. Veriliş ölkəmizdə
beynəlxalq "Jeopardy" intellektual oyun-viktorinanın
lisenziyası əsasında yayımlanır.
Bir çox ölkələrdə tanınan "Jeopardy" intellektual
oyun-viktorinanın müəllifi Merv Qriffindir. Veriliş ilk
dəfə 51 il öncə ABŞ-da efirə çıxıb və dəfələrlə müxtəlif
mükafatlara layiq görülüb. Rusiyada verilişin analoqu
"Öz oyunun" (Svoya iqra), Türkiyədə "Böyük risk"
adlanır. Verilişin Azərbaycan variantı isə "61"dir. Oyun
zamanı iştirakçılara məhz bu sayda sual verilir.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin
dəstəklədiyi veriliş AzTV kanalında aparıcı Leyla
Quliyevanın təqdimatında həftədə bir dəfə çərşənbə
günləri efirə çıxacaq. Qeyd edək ki, buna qədər
"Jeopardy" verilişinin tarixində qadın aparıcı
olmayıb.Veriliş "Game TV" şirkəti tərəfindən hazırlanıb.
Layihənin məqsədi Azərbaycan Respublikası Prezidentinin
sərəncamı ilə təsdiq edilmiş ""Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət
Planı"na uyğun olaraq, təhsilverənlər, təhsilalanlar və
valideynlər üçün maarifləndirici intellektual oyunların
təşkilinə dəstək verməkdən ibarətdir. |