Martın
5-də Azərbaycan Milli Konservatoriyasında IV Respublika
Muğam müsabiqəsi qaliblərinin mükafatlandırılması və
yekun konserti keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan
Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi və
digər qonaqlar iştirak ediblər.
Təhsil Nazirliyi və Milli Konservatoriyanın
təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi, Heydər
Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları
Fondunun dəstəyi ilə keçirilən IV Respublika Muğam
müsabiqəsi "Xanəndə" və "İnstrumental muğam ifaçılığı"
nominasiyaları üzrə 2 turda təşkil olunub.
Müsabiqəyə qatılmış 68 iştirakçıdan "İnstrumental muğam
ifaçılığı" üzrə I, II və III yerlərin hər birinə 2
iştirakçı layiq görülüb. 4 iştirakçı isə fəal iştiraka
görə seçilib. "Xanəndə" nominasiyası üzrə isə I, II və
III yerlərin hər birinə 1 iştirakçı layiq görülüb, fəal
iştiraka görə 2 iştirakçı fərqləndirilib.
Açılış
mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov
son illər Azərbaycan muğamının qorunması və inkişafı
istiqamətində böyük işlər görüldüyünü vurğulayıb. Nazir
bildirib ki, bütün bunlar Milli Məclisin deputatı,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
milli mədəniyyətimizə, muğamımıza göstərdiyi hörmət və
ehtiramının nəticəsidir. UNESCO-nun Bəşəriyyətin Şifahi
və Qeyri-maddi İrsinə dair Şah Əsərlərin Dünya
Siyahısına Azərbaycan muğamının daxil edilməsi bu musiqi
ənənəsinin böyük bədii dəyərə və mədəniyyətlərarası
əməkdaşlıq potensialına malik olduğunu sübut edir.
Çıxışdan sonra Mikayıl Cabbarov müsabiqədə I, II və III
yerləri tutmuş ifaçılara mükafatları təqdim edib.
Müsabiqənin fəal iştirakçılarına mükafatlarını təqdim
edən Azərbaycan Milli Konservatoriyasının rektoru
Siyavuş Kərimi çıxışında muğam müsabiqəsinin ölkəmizin
mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb.
Mərasim müsabiqə qaliblərinin iştirakı ilə keçirilən
yekun konsertlə davam etdirilib. |