Martın
6-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin
memarlıq fakültəsi binasının əsaslı təmirdən sonra
açılışı olub.
Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov,
universitetin professor-müəllim heyəti və tələbələr, QHT
rəhbərləri, təhsil ekspertləri iştirak ediblər.
Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra
qonaqlar yenidənqurma işləri ilə tanış olublar.
Bildirilib ki, ötən əsrin 30-cu illərində inşa olunmuş
binanın əsaslı təmirinə 2014-cü ilin avqustunda
başlanılıb. Təhsil Nazirliyi tərəfindən həyata
keçirilmiş tikinti işləri müasir infrastrukturun
yaradılması üçün tələb olunan qaydalara uyğun aparılıb.
Ümumi sahəsi 4 min kvadratmetrdən çox olan yeni binada
20 auditoriya, kompüter otağı, kitabxana, elektron oxu
zalı, konfrans otağı yaradılıb.
Binaya baxış keçirən qonaqlar üçün elektron kitabxananın
təqdimatı keçirilib. Pedaqoji heyət və tələbələr üçün
yaradılan şəraitlə maraqlanan mərasim iştirakçıları
auditoriyalara və kafedra otağına baxıb, "Nadir Kitablar
Fondu"ndakı əyani vəsaitləri nəzərdən keçiriblər.
Sonra yeni binanın akt zalında elmi şura ilə görüş
keçirilib. Mərasim iştirakçılarını salamlayan Azərbaycan
Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə
Məmmədova
təhsil ocaqlarının
infrastrukturunun yaxşılaşdırılmasının, maddi-texniki
bazanın müasirləşdirilməsinin təlim-tədrisin
keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir etdiyini
vurğulayıb.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov
ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət
qayğısından danışıb. "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun
olaraq təhsil müəssisələrinin yenidən qurulması, onların
maddi-texniki bazasının gücləndirilməsi istiqamətində
işlərin genişləndiyini qeyd edən nazir təhsilalanlar
üçün yaradılan şəraitin ölkəmizin müasir kadrlara olan
tələbatının ödənilməsinə, yüksək səviyyəli
mütəxəssislərin hazırlanmasına töhfə verdiyini
vurğulayıb. Nazir bildirib ki, tədris ocaqları üçün yeni
binalar inşa olunarkən və ya mövcud tikililər əsaslı
təmir edilərkən həmin təhsil müəssisələrində müasir
informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə
imkan verən infrastrukturun yaradılması prioritet hədəf
kimi qarşıya qoyulur. |