2015-ci il Nobel sülh mükafatına 276 nəfərin
namizədliyi irəli sürülüb. Bu barədə Osloda Nobel
Mükafatları Komitəsinin saytı (www.nobelprize.org)
xəbər yayıb. Məlumatda bildirilir ki, namizədlərdən
49-u təşkilat, 227-si isə ayrı-ayrı şəxslərdir. Qeyd
olunur ki, bu, Nobel sülh mükafatı tarixində qeydə
alınmış ikinci ən böyük siyahıdır. 2014-cü ildə sülh
mükafatına rekord sayda - 278 nəfərin namizədliyi irəli
sürülüb. Ötən il Nobel sülh mükafatına pakistanlı
hüquq müdafiəçisi Malala Yusufzay və hindistanlı uşaq
hüquq müdafiəçisi Kaylaş Satyarthi layiq görülüb.
Ənənəyə uyğun olaraq namizədlərin tam siyahısı
açıqlanmır. Yalnız mükafatın təqdim olunmasından 50 il
sonra qəbul olunmuş qərarın təsbit olunduğu sənədin
açıqlanması mümkün hesab olunur. Bununla belə, artıq
dünya mətbuatında bəzi ehtimal olunan namizədlərin
adları ilə bağlı proqnozlar verilməkdədir. Belə ki,
norveçli parlamentarilər ABŞ məxfi xidmətinin keçmiş
əməkdaşı Edvard Snouden, Tunisin yeni seçilmiş
prezidenti Beci Kaid əs-Sebsi, eləcə də Roma papası
Fransiskonun namizədliyini irəli sürüblər. Almaniya
parlamentinin üzvləri isə kansler Angela Merkelin
namizədliyini müdafiə edirlər.
Nobel sülh mükafatına namizədin seçilməsi prosedurunun
özü 7 ay davam edəcək. Namizədin adı 2015-ci ilin
oktyabrında məlum olacaq. Laureat Norveç kralı
tərəfindən fəxri fərman, medal və 8 milyon İsveç kronu
(965 min ABŞ dolları) məbləğində çeklə
mükafatlandırılacaq. Mükafatlandırılma mərasimi Alfred
Nobelin vəsiyyətinə müvafiq olaraq dekabrın 10-da Osloda
keçiriləcək.
Xatırladaq ki, Nobel sülh mükafatı dünyada sülh və
əmin-amanlıq uğrunda mübarizə aparmış şəxslərə və
təşkilatlara təqdim edilir.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |