Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar
xətt" xidməti, telefon: 146), Kommutator xidmətinə daxil
olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində
2015-ci ilin fevral ayında vətəndaşlara göstərilən
xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 5649 zəng
(2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8 dəfə çox,
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 1,5 dəfə
çox) və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil
olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4136 vətəndaşa
xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu
Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu
xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və
operativ həll olunub. 568 vətəndaş sorğularına uyğun
olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq
məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu
Mərkəzində 1215 sənəd (375 ərizə, 815 məktub, 25 digər
sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin
(diplomların) tanınması, ümumi təhsil müəssisələrində
şagirdlərin yerdəyişməsi, ali təhsil müəssisələrinə
bərpası və köçürülməsi, müəllimlərin yerdəyişməsi və işə
qəbulu ilə bağlı məsələlər əksini tapıb.
Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində
ən çox həftənin bazar ertəsi (1394 zəng) və çərşənbə
axşamı (1133 zəng) günləri, əsasən, saat 10:00-dan
12:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub.
Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar
ertəsi (970 müraciət) və çərşənbə axşamı (910 müraciət)
günləri, əsasən, saat 11:00-dan 13:00-dək və 14:00-dan
17:00-dək müraciət edilib. |