Martın
4-də Roma şəhərində "Bakı-2015" ilk Avropa Oyunlarının
təqdimat mərasimi keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin
sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.
Heydər Əliyev Fondunun və Azərbaycanın İtaliyadakı
səfirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirə
bu ölkənin ictimai-siyasi, mədəni dairələrinin,
beynəlxalq idman ictimaiyyətinin nümayəndələri və digər
nüfuzlu qonaqlar qatılıblar.
Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva, Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva
İtaliyanın Müasir İncəsənət üzrə Milli Qalereyasına
gəldilər.
Əvvəlcə Azərbaycan heykəltəraşlarının əl işlərindən
ibarət sərgi ilə tanışlıq oldu. "Bakı-2015" ilk Avropa
Oyunlarına həsr olunan bürünc heykəllərdən ibarət sərgi
maraqla qarşılandı. "Biz birlikdə" adlanan bu sərgidə
20-dən çox heykəltəraşımızın idmanın müxtəlif növlərini
təsvir edən əsərləri nümayiş olunurdu. Sərginin
özünəməxsus cəhəti buradakı əsərlərin hər birinin
müxtəlif cərəyanları nümayiş etdirməklə ilk Avropa
Oyunlarının həyəcanını sənətin dili ilə tamaşaçılara
dolğun çatdırmasından ibarət idi.
Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında
müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına
həsr olunmuş bukletləri təqdim edildi. Ölkəmizin tarixi,
mədəniyyəti, incəsənəti, mətbəxi barədə nəşrlər, disklər
və digər əyani vəsaitlər maraqla qarşılandı.
Sonra "Bakı-2015"-in təqdimat mərasimi oldu. Tədbirin
aparıcısı "Bakı-2015" ilk Avropa Oyunları haqqında
ətraflı məlumat verdi. Bildirildi ki, bu Oyunların qədim
tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək
tolerantlıq mühitinə və qonaqpərvərliyə malik
Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış etdi.
AZƏRTAC |