Bakıdakı
5 nömrəli tam orta məktəbdə məktəbəqədər hazırlıq
qrupunun "Bilicilər" birinci olmağa hazırlaşırlar" adlı
tədbiri keçirilib. Məktəbin direktoru Nərminə Gündüzlü
bildirib ki, təhsil nazirinin müvafiq əmrinə əsasən,
Bakı şəhərinin bir sıra ümumtəhsil məktəblərində cari
tədris ilində pilot məktəbəhazırlıq qrupları təşkil
olunub. O cümlədən, Bakıdakı 5 nömrəli tam orta məktəbdə
də 96 uşağı özündə birləşdirən 7 hazırlıq qrupu
fəaliyyət göstərir ki, onlardan da 4-ü Azərbaycan, 3-ü
isə rus bölməsi üzrədir.
Məktəbdə məşğələlərin aparılması üçün bütün müasir
avadanlıqlarla təchiz olunmuş geniş və işıqlı sinif
otaqları uşaqların ixtiyarına verilib. Məşğələlər
uşaqların ümumi dünyagörüşünün səviyyəsinin artırılması,
nitqin inkişafı, diqqətin və yaddaşın formalaşdırılması,
müqayisə və analogiyanın məntiqi təfəkkürünün
formalaşdırılmasına xidmət edir. Əl matorikasının
inkişafının formalaşdırılması kimi vərdişləri özündə
əks etdirən "Bilicilər" birinci olmağa hazırlaşırlar"
adlı səhnəcik göstərilib. Müxtəlif nağıl personajları
kostyumlarında səhnəyə çıxan balacaların sərbəst nitqi,
səhnə mədəniyyəti, istedadları valideynlərin və
tədbirdə iştirak edən qonaqların marağına səbəb olub.
Balacalar ilk dəfə məktəb səhnəsində ətraf mühit,
işiqfor, fiqurlar, ev heyvanları, meyvələr, rənglər
əsasında bilgiləri ilə bağlı maraqlı kompozisiyalarla
çıxış ediblər. Uşaqlar rəqslər və mahnılar ifa
ediblər.
Tədbirdə valideynlərlə yanaşı, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin nümayəndələri, məktəbin ibtidai sinif
müəllimləri, Bakıdakı 102 və 266 nömrəli uşaq
bağçalarının müdirləri iştirak ediblər. Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Sabir Həmidov
çıxış edərək məktəbəqədər hazırlıq qruplarının mahiyyəti
haqda bir daha valideynlərə geniş məlumat verib və
onları övladlarının qısa bir zamanda əldə etdikləri bu
uğura görə təbrik edib.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |