Fevralın
20-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram
Teatrında Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq
Mərkəzinin "Dostluq nağılı" adlı teatrlaşdırılmış
konsert proqramı keçirilib. Tədbirdə Təhsil Nazirliyi,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Bakı Şəhər İcra Hakimiyyəti, ölkəmizdəki Türkiyə və
Belarus səfirliklərindən və müxtəlif dövlət
qurumlarından dəvət olunmuş qonaqlar və valideynlər
iştirak ediblər.
Mərasimdə mərkəzin 300-ə yaxın dərnək üzvü öz istedad və
bacarıqlarını nümayiş etdirib. "Milli rəqs", "Bal
rəqsləri", "Müasir rəqs" dərnəyinin üzvləri nağıllar
aləminə səyahət edərək Şəngülüm, Şüngülüm, Məngülüm,
Cırtdan, Div, Tıq-tıq xanım, Qırmızı papaq, Buratino
kimi nağıl qəhrəmanlarının obrazlarını canlandırıblar.
"Çiçəyim" uşaq teatrının kiçik üzvləri moda nümayiş
etdirib. "Şən qızların rəqsi", "Qırmızı papaqların
rəqsi", "Göbələklər rəqsi", "Qış nağılı", "Hind
rəqsi", "Qaytağı", "Dilşadı" və s. rəqs qruplarının
ifaları tədbirə xüsusi rəng qatıb.
Sonda "Dostluq himni" vokal qrupunun ifa etdiyi mahnı
tamaşaçılarda xoş ovqat yaradıb.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |