Təhsil
Nazirliyinin "Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr,
nəzm və dram əsərləri" mövzusunda keçirdiyi müsabiqə
davam edir.
Müsabiqənin keçirilməsində əsas məqsəd yaş psixologiyası
nəzərə alınmaqla kiçikyaşlı məktəblilərə mənəvi
zənginlik, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlər,
emosional və idraki keyfiyyətlər aşılayan, onların bədii
zövqünün inkişafını şərtləndirən ədəbi əsərlərin
yazılmasını stimullaşdırmaqdan ibarətdir.
Müsabiqəyə təqdim ediləcək əsərlər toplu şəklində
hazırlanmalıdır. Topluya 1-2 çap vərəqi həcmində 15
nəsr, 20 nəzm və 5 dram əsəri daxil olmalıdır.
Müsabiqəyə təqdim edilən toplular çap olunmuş 3 nüsxədə
diskə yazılmış elektron variantı (PDF formatda) ilə
birlikdə 2015-ci il iyun ayının 1-dən başlayaraq 1 ay
müddətində Təhsil Nazirliyinə göndərilməlidir. Toplulara
müəlliflərin indiyədək nəşr olunmuş əsərlərinin daxil
edilməsinə yol verilmir.
Toplulardakı əsərlərə ekspert qrupları tərəfindən
baxılacaq və nəsr əsərlərindən 12-si, nəzm əsərlərindən
15-i, dram əsərlərindən 3-ü müsbət dəyərləndirildiyi
halda, həmin toplular müsabiqəyə buraxılacaq. Müsabiqədə
birinci yeri tutan toplu müəllifinə 5000 manat, ikinci
yeri tutana 3000 manat, üçüncü yeri tutana 1500 manat
mükafat veriləcək.
Müsabiqəyə buraxılmış toplular mükafat yerlərinə uyğun
qiymətləndirilmək üçün elektron variantda ümumi təhsil
müəssisələrinə, tanınmış pedaqoqlara, qabaqcıl
müəllimlərə göndəriləcək və ictimaiyyətin rəyini
öyrənmək məqsədilə Təhsil Nazirliyinin internet saytında
yerləşdiriləcək. Rəy və mülahizələr eser.musabiqe@edu.gov.az
elektron poçtuna göndərilməlidir.
Müsabiqənin nəticələri 2015-ci ilin sonunadək
yekunlaşdırılacaq. Qalib əsərlərin kitab (antologiya)
şəklində çap olunması nəzərdə tutulur.
www.edu.gov.az |